İyul 3, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Dərdin sarı çəpkəni… (6 -cı hissə) – Zahid Sarıtorpaq

Dərdin sarı çəpkəni

 

Mən heç vədə içimlə dışımın, dünənimlə bu günümün sınırında qurulmuş dar ağaclarından asılanlara ağlamadım – düşündüm: onsuz da olacaqların çarəsi mən deyiləm…

 

 

 

Üçüncü bölüm

 

…Deyəsən, həyat qurbanlıq quzunun gözü önündə bıçağını bülov daşına çəkib itiləyən qəddar bir qəssaba dönür yavaş-yavaş. Gözüm baxa-baxa, diri-dirisonuma götürür məni…

 

*   *   *

 

Tezliklə mən bu boyda pulun əlində giriftar olacağımı başa düşdüm, uşaqlarla açıq-aydın danışıb, məsləhətləşib, bu işin mənlik olmadığını bildirdim. Hüquqi yolunu dəqiqləşdirib hesabımdakı pulun  idarəçilik işlərini Sarvana etibar edərək notarial qaydada təsdiq etdirdim. Sözsüz ki, bu işi Şirvanın razılığı ilə gördüm. Qorxdum ki, qardaş da olsalar, aralarında narazılıq düşə bilər, çünki pul kopoyoğlu şeydi, özü də, bir halda ki, söhbət milyonlardan gedir!

Onlara xeyir-dua verdim, öpüşüb-qucaqlaşıb ayrıldım, təyyarəyə  bilet alıb üz tutdum Vətənə. Bakıda bir-iki gün qalıb getdim Umudgilə. Uşaqlar cibimə yaxşıca pul da qoymuşdular, bir az da şirniyyat-zad gətirmişdim Moskvadan. Elə-eləcə hamısını götürüb dəbərdim canımın qibləsi dədə yurda – Harayçılar kəndinə.

Burada Giləmərziylə əlaqə saxlayıb, Güllü qarının naxoş olduğunu öyrəndim. Sən demə o, sağalarsa, bəs, birinci mənim dərdimlə əlləşəcəyini Əlövsətə bildirib.

Artıq iki aya yaxın idi kəndimizdə qalıb burdan heç yana getmək istəmirdim, gətirdiyim pulu lazım gəldi-gəlmədi sağa-sola səpələyirdim.  Gündüzlər Umud işdə olurdu, mən də qohum-əqrabayla görüşüb, söhbətləşib gün keçirirdim. Gecələr uşaqlarla zəngləşib uzun-uzadı söhbət edirdik. Amma axır günlər Sarvan mənə Şirvanla bağlı canımı üzən xəbərlər verirdi. Şübhələndiyimiz kimi, onun həqiqətən də, hansısa dindarların təsirinə düşdüyünü deyir, saqqalını uzatdığını, şalvarının ətəklərini gödəltdiyini söyləyirdi. Tüstüm təpəmdən çıxırdı, vallah. Telefonda bu barədə nə qədər onu danlasam da, “Şirvan, canım, axı sən ali təhsilli bir oğlan, özü də müəllim oğlusan, sənə elə geriqalmış adamların təsirinə düşmək, onlarla oturub-durnaqnə yaraşaraxı, dünya üzü Avropaya gedir, sənsə qan çanağı, gələcəyi qaranlıq olan ərəbistana çevirmisən yönünü. Yığış, bala, mən cəhənnəmə, özünə yazığın gəlsin…” desəm də, xeyiri yoxuydu, dediyində dirənib durur, az qala sözlərimi qaytarıb ağzıma təpirdi: “Siz hamınız cahilsiz! Allah sübhan-təala sizə rəhm eləsin, ata!..” deyirdi, qolumu, qanadımı “baltalayıb” yanıma salırdı eləcə. Elə o da qardaşı barədə ağlasığmaz şeylər danışırdı. Sarvanın bir rumın qızına uyduğunu, onun təhrikiylə müxtəlif qumar oyunlarına girişdiyini, əvvəl udsa da, axır vaxtlar çoxlu pullar uduzduğunu, əlində olub-qalanına isə, Santa-Kruz adasında gizlicə əmlak almağa hazırlaşdığını,  beləliklə pulun “mitilinə vurduğunu” bildirirdi.

Amma mən buna inanmırdım. Eşitdiklərimin gerçək olub-olmamasını Sarvandan soruşanda, ciddi-cəhdlə:  “Yalandı, ata, inanma! Sənin bu başdanxarab, dindən xəbərsiz “dindar” oğlun öz zibilini ört-basdır eləməkçün mənə qara yaxır!” deyirdi.

Nədənsə Şirvanın deyil, Sarvanın dediklərinə daha çox inanırdım.

Günlər beləcə ötüşür, hələ pul barədə, Moskvada baş verənlər haqda canımı dişimə tutub Umudgilə bir söz demirdim. Allah var adamın başı üstə, heç Umudgil də dərindən bir şey soruşmurdular. Bir gün axşam işdən gələn Umud avtomobilindən düşər-düşməz mənə sarı səslənib, Əlövsəti gördüyünü söylədi. Dədə əvəzi qağam onu bildirdi ki, yubanmaq olmaz, Güllü qarı artıq sağalıb, dönə-dönə deyib ki, təcili çatdırmalısan özünü Giləmərziyə. Bir də onu əlavə elədi ki, Gülllü qarı eləb-belə loğman deyil haa, onun ayağı biləni sənin Moskvadakı professorlarının başı yüz il də bundan sonra bilə bilməz. Çünki onunku Allah vergisidi. Getmək lazımdı, özü də elə günü sabah, sübh tezdən.

Gecə yerimin içində fikirləşirdim ki, görəsən, doğrudan gözlərimin çarəsi tapılacaq, ya yox? Bax buna inana bilmirdim. Bir yandan da uşaqların bir-biri haqda çuğulladıqları üzürdü məni. Bu üzdən ruhumun aramgahı saydığım dədə ocağımızda da, özümü çox rahatsız hiss edirdim.

Nə isə, gecəni səksəkə içində yatdım.

Ovçu dədəm demişkən: ala qancıq tayanın belindən enməmiş, yəni, hələ səhərin gözü açılmamış, Umudun yoğun səsi eyvanın o başından eşidildi, zalım elə bil qulağıma həcəmət qoyub bağırırdı:

– Bulud, qalx, vaxtdı…

Heç qalxmaq istəmirdim.Ürəyim istəsə də, ayağım getmirdi, vallah.

Payızınaxırları olsa da, hava soyuq deyildi, dünyaya ilıq bir sabah açılmışdı. Çayımızı içib mənim maşınımda dinməz-söyləməz yola düzəldik. Şükür, Giləmərziyə gedən yollar pis deyildi.Çınqıl döşənmiş yolda avtomobilimi rahatlıqla idarə edirdim. Az keçməmiş Umudun kal səsi sükutu pozdu:

– Qabaqda yol xarabdı, uçqun olub, xeylağ piyada gedəcəyik…

Məşhur Keçiqıran dərəsinin sol tərəfində maşını yolun qırağına verib düşdük. Burada sahibsiz qoyulmuş bir neçə maşın da vardı. Görünür, kənd camaatının idi. Qapçaqlı dərənin bir böyrünü uçqun aparmışdı, dolanbac yolun bir hissəsi  sürüşüb getmişdi. Uçuntu yerindən sızıntı sular  süzülərək təzə düşmüş cığırı islatmışdı. İndi mən, adam izlərində, heyvan ləpirlərində sarıca suların badya-badya gölməçələndiyi bu cığırla, çılpaq gəndalaş və sumağ kollarının arasıyla palçığa bata-bata, tez-tez də ayaqqabılarımı kolların dibində adda-budda ilişib qalmış kəngərlərə, dəvədabanlarına silə-silə gedirdim. Ürəyimdə özümü söyürdüm ki, niyə gəldim axı Moskvadan? Oturmuşdum da, uşaqların yanında. Divana böyrü üstə yıxılıb günü axşam edirdim də özümçün. Nə belə matah düşmüşdü tez-tələsik qayıtmağım? Yaxşı, deyək ki, qayıtmışdım, nə vardı axı bu kənddə iki aya yaxın veyil-veyil hərlənib, səmə-səmə söhbətlər edirdim, xeyir ola? Orda da uşağımın biri, nə bilim, hansı təriqət-məriqət oyununa girdi, o biri qumara, qıza uydu, yanlarında olsaydım, belə olmazdı yəqin. Babal yuya bilmirəm, bəlkə elə böyük doğrudan da azıb yolunu, qurşanıb qıza, qumara, nə bilim… Amma yox eey, inana bilmirəm Sarvan yolunu aza və o pulları heç nədən korlaya. İnanmaram yüz il qala. Çünki ağıllı balamdı o mənim…

Budeey, indi dərd içimi yeyə-yeyə yetim quzu kimi düşmüşəm ağsaqqalımın dalıyca, palçığa bata-bata gedirəm, heç bilmirəm də başıma nə gələcək. Bəlkə elə Güllü qarı artıq olub-qalanını da xəstələnəndə itirib? Axı, onun hay-hayı gedib, vay-vayı qalıb. Bəlkə gözlərimi bir hala salacaq ki, bu günümü mələyə-mələyə axtaracam? Əlbəttə, istəyirdim ki, Güllü qarı gözlərimin əlacını tezliklə tapsın, məni bu bəladan qurtarsın. Bir yandan da dünya elminin bu xəstəlik önündə acizliyi barədə bildiklərim məni içəridən üzürdü. Bir də fikirləşirdim ki, ey dadi-bidad, bəs gözlərim belə tez sağalsa, verilən pulu tutub əlimdən almazlar yəni? Birdən, Sarvan, iraq olsun, pulu doğrudan da, alt vurub, üst çıxıbsa, bəs mən hardan qaytararam onu geriyə? Hə, düşünürdüm bu barədə, üzülürdüm həm də. Pul kopoyoğlu şeydi! Pul hələm-hələm adamı adam eləmir, amma cinayətkar eləyir, dəyyus eləyir, oğraş eləyir, sözsüz. Təbii ki, belələrinə də, camaatın çoxu hörmət eləyir, önündə baş endirir… Bəs onda nə xəbərdi? Tibb elmindən əlin üzülüb, onda türkəçarədən yapışmağın nəyi pisdi? Vallah, indi kənddə-kəsəkdə bilsələr ki, yaxşı pulum var, (əgər doğrudan da, varsa…) bilsələr ki, ölkədə beş kişidən biriyəm (əgər həqiqətən də belədisə…), bilirsən nə oyun durğuzarlar?

Bəlkə təklikdə Güllü qarıya yalvarım ki, gözümün birini sağaltsın, birini yox, hı? Alanda,cəhənnəmə,  qoy pulun yarısını alsınlar əlimdən. (Yəqin, Sarvan nə qədər israfçılıq eləsə də, pulun yarısı qalmış olar.) Bəlkə bu barədə Əlövsətə xısınlayım, bir az da pul verim, heç kimə deməsin, amma nənəsini yola gətirsin ki, gözümün tək bircəciyini sağaltsın, hı?

Bu xoruzquyruğu fikirlərə özümün də gülməyim tuturdu.

– Bulud, gələ bilirsən?

– Gəlirəm, qağa…

Yadıma düşür ki, balacaydım. Kolxoz sədri Baləminin inəyi itmişdi. Bütün kənd tökülmüşdü inəyi axtarmağa. Böyüklü-kiçikli hamı axtarırdı. Sən demə həmin gün rəhmətlik Musa müəllim xəstəymiş, inəyi axtarmağa getməyib evdə qalıbmış. Pəncərədən baxıb görür ki, inəyi tapa bilməyən camaatın bir hissəsi, budur, meşə tərəfdən, bir qismi də qamışlıq, fısıllıq sarıdan təlaşla, tərin-qanın içində, dəstələmə, özləri də əlləri ətəklərindən uzun, kor-peşman gəlirlər. Musa müəllim baxıb, baxıb durduğu yerdə birdən əllərini göyə qaldırıb deyir: “Ay Allah, sənə yalvarıram, məni Baləminin inəyinə döndər!..” Arvadı Tamam xala eşidir, bıy, deyib, soruşanda ki, əşi, niyə elə deyirsən? Qayıdıb nə desə yaxşıdı? Deyir ki, camaatımız bəlkə kənddə məni də o inək kimi  bir itirib-axtardı, bəlkə mənə də o inəkcən bir xətir-hörmət qoydu… Müəllim olmaqdan, kolxoz sədrinin inəyi olmaq yaxşıdı bu zamanada, arvad! Görürsən, camaat sədrin inəyindən ötrü nə həşirdədi? Bu camaatçün sədrin inəyi müəllimdən min pay yaxşıdı.

Arvad da ki, nə arvad! Çənəsində söz dururdu bəyəm?  Maşallah, axşama artıq kəndin tən yarısı Musa müəllimin dilindən qopan zərb-məsəldən danışırdı: “Allah, məni Baləminin inəyinə döndər!..”

Yəqin mənim də qapımdan bircə cücəm itsə, nəinki bütün kənd, bütün rayon düşüb axtaracaq, belədə Musa müəllim kimisinin biri, beşi, onu, yüzü, mini… əllərini göylərə qaldırıb mənim cücəmə çevrilməyi Allahdan diləyəcək. Kopoyoğlu şeydi çünki bu pul deyilən zəhirmar!

– Daşlar mamırlıdı, sudan keçəndə ustufca keç, sürüşmə.

Qurban olum qağama! Mən onun gözündəhələ də uşağam, ay Allah!

– Nigaran olma…

Birtəhər yeriyirdim. Artıq sudan adlayıb dərəni ağzıyuxarı qalxırdıq. Çoxdandı dabanqırma gəzməyən adama qapçaqlı dərədə yerimək asan deyildi. Kürəyim islanmışdı, canımın buxar kimi qalxdığını duyurdum, nəfəsimin, bəlğəm dolu ciyərlərimin xırıltılısıyla ürəyimin döyüntüsü  qulaqlarımda bir-birinə qarışaraq sanki bir ritmə  dönmüşdü. Bilirdim ki, kəndin girəcəyinə lap az qalıb, gədiyi qalxan kimi evlər görünməlidi.

Yadıma gəlir ki, tələbə vaxtı, elə sonralar da,öz maşınımda Əlövsətlə bir-iki dəfə gəlmişdim bu kəndə. Kəndin ətrafları sucaqlıq idi. Çoxlu gölməçə vardı. Odur ki, camaat çoxlu qaz-ördək saxlayırdı. Elə indi də qazların, ördəklərin qaqıltısı eşidilirdi.

Gədikdən çıxanda, canıma gic bir üşütmə gəlmişdi. Titrədirdim. Hava soyuq da deyildi, amma bədənimdə sanki qarışqalar gəzirdi, üzümün tükü biz-biz olmuşdu.Gözüm qabağımca yeriyən Umudun boynuna sataşdı. Cantaraq, bər-bədənli qağamın boyun-boğazı tərin içindəydi. Lap utandım, büzüşən kimi oldum, az qala, ölüb yerə girdim. Ürəyimdə “Allah məni öldürsün!..” dedim, hamını girinc-giriftar etdiyiməgörə xəcalət çəkdim.

Boynuma alıram, hərdən içimdən elə gic-gic fikirlər keçirki, sonradan özümə də gülməli gəlir. İndi də elə oldu. Çamura batmış ayaqqabılarımıza,  şalvarlarımızın balaqlarının zığına, palçığına gözüm sataşanda milyonçu olmağım düşdü yadıma və belə bir fikir məni içimdən buynuzlamağa başladı: axı mən bu boyda var-yatırın yiyəsi ola-ola niyə palçığa batmalıyam, niyə? Olmazdımı buraya bir helikopterlə gələydim?

Sonra da bir gic gülmək gəldi mənə, özümü güclə saxladım ki, Umud eşitməsin, yazıq qağam elə bilər day havalanmışam. Öz-özümə: “Yavaş elə, Məbudun oğlu, boğazında qalar!..” dedim. Çünki pulumun doğrudan da küləyə sovrulduğuna içimdə bir qırıq da olsa şübhəm  varıydı, yoxsa o fikrin dalıyca içimdən bu sözlər keçməzdi heç vaxt. Dərdimi isə heç kimə – qorxumdan Umuda da deyə bilməzdim.

Göyün üzüylə böyük bir quş dəstəsi keçirdi: deyəsən, bəzgək dəstəsiydi. Hə,dəstəsinin qarma-qarışıqlığından, iti uçuşlarından, bir də hədsiz çox olmalarından bəzgək olduqları bilinirdi. İlin-ayın bu vaxtı bəzgəklərin uçuşunu çox görmüşdüm.  Arana doğru uçurdular. Bir vaxtlar, biz balaca olanda, dədəm bəzgək ovlayıb gətirəndə, anam qaragünlüyünü qablayardı, öz-özünə deyinərdi: “yenə bəzgək gətirdi bu yığvalsız… bu quşun əti iylənir axı, yüz dəfə demişəm, xeyri yoxdu, zalımın oğlu bu quşdan ötrü tənbəllik də eləmir, burdan basa-basa arana at sürür, bir  ucdan vurduğu elə bəzgəkdi haa, başqa heç zad…”  Dədəm bir dəfə onun gileyini eşidib demişdi: “arvad, sən onun üstünə çoxlu ziriş tök, soğanını bol elə, gör yeyəndə barmaqlarını yalayırsan, yoxsa yox…” Anamınsa dodağının altında dediyi sözlər indiki kimi yadımdadı. Onun “dərdim-azarım qurtarmışdı elə, zirişdən ötrü Quru çaya getməyim qalmışdı bircə, tikanlı kol-kosla əlləşməyim qalmışdı…” deyərək mızıldandığı, acıqlı-acıqlı, deyinə-deyinə iyli bəzgəkləri qaynar suya basıb “püff!..” eləyə-eləyə yolduğu indiyəcən gözümün önündədi.  Anamın acığı gəlsə də, mənim o quşlardan nədənsə xoşum gəlirdi, ətlərinin dadını xatırlamıram, görünüşcə çox gözəl idilər amma… Bir də o yadıma gəlir ki, dədəm öləndə, anam ağız açaraq: “ovçu Məbud, a Məbud…” deyib hökürəndə, o quşlar gəlib durmuşdu gözlərimin önündə…

– Nooldu? Gəl da!

– Gəldim, qağa…

Gözümü göydən çəkdim, həm də, necə deyərlər, fikrimin kəndirini yaddaşımın quyusundan dartıb çıxartdım və dabrıdım.

Bu da Giləmərzi.Əlövsətgilin evləri kəndin lap kənarındaydı. Neçə il bundan öncə necə görmüşdümsə, hər şey olduğu kimi eləcə qalmağındaydı – çay daşından tikilmiş köhnə bir ev, üstü qamışla örtülü tövlə və bir neçə yosmaca daxma.

Allah, bu nədi? Kəndin yuxarı başında iki böyük villa tikiblər. Görəsən hansı dadaşındı bunlar? Misilsiz mənzərəli bu qədim və nağılvari kiçik dağ kəndinin evləri həmin villaların yanında lap tövləyə oxşayırdı. Ürəyim ağrıdı. Bu bir cüt villa kəndə yaraşıq deyil, eybəcərlik gətirirdi. Sanki onlar özlərinin bayağı, buralara yad olan, uyuşmayan gözəllikləriylə bu sadə kəndi aşağılayırdılar. Məncə, o villaların özləri də “darıxır”, hər biri kasıb bir ailəyə təsadüfən gəlin gəlmiş varlı qızına oxşayır, sanki özlərini qərib hiss edirdilər.

Əlövsətgilə sarı yönəldik, itlər hürüşdü, qazlar qaqıldaşdı.

Bizi Əlövsətin arvadıAbgül qarşıladı. Hə, hə, onun adı Abgüldü –  kişi adı. Amma Əlövsət onu Gülab çağırırdı, ya da Gülü. Yarı zarafat, yarı ciddi: “Bunun da dədəsi məni kimi alkaşın biri olub – deyirdi. – Bu anadan olanda deyiblər ki, əşi, get uşağın adını Gülab yazdır, o da gedən baş yolda dostlarına rast gəlib, möhkəm vurub, sonra nə qədər eləyib deyilən adı yadına sala bilməyib, fikirləşib, fikirləşib, deyib: “həə… həə… tapdım! tapdım! Abgül demişdilər!” eləcə, zalım oğlu, qızının adını Abgül  yazdırıb…”

Nə isə… Abgül itə acıqlandı, bizə “xoş gəldiz!” deyib həyətin o başındakı daxmaya apardı. Əsas evin qənşərindən keçib üstü qamışla örtülü yastı-yapalaq daxmaya sarı getdik. Qadın bizi daxmaya sarı yönəldəndə əvvəlcə dala qalmışdı, sonra bir az iti yeriyərək irəli keçdi, ağır, taxta qapını cırıltıyla açıb: “Əlöysət! Əlöysət! Gələn var!..” – dedi.

Əlövsət handan-hana köynəyinin yaxasını düymələyə-düymələyə qapıda göründü, yatmaqdanmı, ya “vurmaqdanmı” üz-gözü şişmişdi.

Əvvəlcə duruxdu, sonra:

– Pah! Gör kimlər gəlib eey! – deyərək, irəli yeridi və biz qucaqlaşdıq. Hal-əhval, xoş-beş-on beşdən sonra, onun dəvətiylə içəri keçdik.

Təzədən bir də “necəsən? nətəərsən? nə var-nə yox?” eləməyə başlamışdıq ki, Umudun telefonuna zəng gəldi və onu təcili işə çağırdılar. Umud tutulub qaldı, deyəsən müdiri idi. “Hə, bir saata ordayam…” deyib üzümə baxdı. Avtomobilimin açarlarını ona uzatdım: “Qağa, get, nigaran olma…” dedim.

Əlövsət  işi başa düşüb:

– Umud lələ, Buluddan qətiyyən nigaran olma, burdadı da, öz qardaşının yanındadı – dedi – arın-arxayın əlini döşünün üstəqoy, işinlə məşğul  ol. Düz on gündən sonra gələrsən. O gün soruşmuşam, nənəm deyib ki,  on gün çəkər sağalması. Amma hələ tələsmə, bir stəkan çay iç, sonra gedərsən, qaçhaqaç deyil ki…

Umud çay içməyə qalmadı. Gethagetdə məni kənara çəkib: “Əlövsət səni içirdəsi olsa, az iç…” – dedi. Elə bil, söhbətin nədən getdiyindən Əlövsətin dalağı sancdı, sakitcə Umuda yanaşıb dedi:

– Nigaran olma, bir həftədi tövbə eləmişəm, day içmirəm, namaza başlamışam.

Umud gülümsünüb başını yellədi, heç nə demədi, çıxıb getdi.

Əlövsət məni bir də bağrına basdı. Sonra gədikdə gözdən itməkdə olan Umudun arxasıyca pəncərədən bir xeyli sirli-sirli boylandı, üzünü mənə tutub gülümsündü, göz vurub yavaşcadan xısınladı:

– Hə, nə deyirsən, bəlkə bir əlli-əlli vuraq?..

Əlimi əlimə vurub:

– Heç dəyişməmisən, ay Əlövsət, ay saqqalı ağarmış!.. – dedim və onun istiqanlığı, duruluğu önündə az qala gözlərim yaşardı.

Doğrudan da, bütün xırda-para sapıtmalarına,qüsurlarına, gərəksizcəsinə başını siyasətə soxmağına baxmayaraq, Əlövsət ayrı oğuldu.

– Zarafat eləyirəm, Bulud, içkini atmamışam, namaz-zad da qılmıram, olsun ki, vaxt başı hamısını yoluna qoyacam. Umuda dedim tövbəliyəm, sən də inandın? İstəsən elə indicə, səninlə birgə “tövbəmi” poza bilərəm.

– Yox, Əliş, ehtiyac yoxdu. Özün də bilirsən ki, içkiylə sən deyən aram yoxdu. Gözlərim əldən gedir…

Təzədən kövrəldim. Onun da gözləri yaşardı.

– Qorxma – dedi – gör indi Güllü nənəm səni necə sağaldacaq.

Çay süfrəsindən sonra Əlövsət məni ağaclığın arasıyla həyətin o başındakı qədimi evə – Güllü qarının yaşadığı yosmaca daxmaya apardı. Bu da Əlövsətin bizi bayaq qarşılayıb içinə dəvət etdiyi o daxma kimi, yerli dağ kəndlərinə məxsus çay daşından hörülmüş qaba bir tikiliydi,  qarı da içində yalqızca oturmuşdu, qarşısında da kiçicik bir mücrü və zəif işıqlı neft lampası vardı.

İlahi, Əlövsətin dalıyca içəri adlayıb keçdiyim an heç vaxt yadımdan çıxmaz! Bayaqdan üşüyən canım, titrəyən vücudum başımın tüklərinəcən biz-biz oldu. Yerdə, döşəkçənin üstə bardaş qurub oturmuş Güllü nənə, eynən Moskvada, Göz Xəstəlikləri İnstitutunun qarşısındakı dayanacaqda gördüyüm, göyərçinlərə çörək doğrayan  həmin o üzündə şülək-şülək, şırım-şırım qırışları olan qarınınelə bil özüydü, ya da  əkiztayıydı! Baxışları da həmin qarının baxışlarıydı, hərəkətləri də… Elə bilirdim, indicə ağzını açıb: “o zavallı göyərçin sənin ucbatından öldü…” deyəcək.

Amma o, quyunun dibindən danışırmış kimi dərinlərdən gələn bir səslə ayrı şey soruşdu:

– Əlöysət, o gözləri hər şeyi sarı görənbudu?

– Həə…

Qarı ütük kipriklərini qırpmadan bir andaca içimə vəlvələ salmış tanış üzünü mənə çevirdi, bir xeyli baxıb, baxıb, birdən heç gözləmədiyim halda, mətləbə dəxli olmayan tamam ayrı bir məsələ haqda, bir az da hirsli-hirsli soruşmağa başladı:

– A bala, qızdırmalısan? Üzünün tükü biz-bizdi, niyə titrədirsən belə?

– Nəsə, indi oldu, durduğum yerdəcə titrətdim, ay nənə.

– Onda… onda… çıx eşiyə!..

Özümdən ixtiyarsız pis oldum. Qarı heç nədən məni qovurdu, elə bil. Əlövsətin üzünə baxdım, göz elədi ki, çıx. Çıxdım eşiyə. Amma mən çıxandan sonra Əlövsətə dediklərini eşitdim:

– Əlöysət, bu adam cənabətdədi, üşüyür. Kişi ki titrətdi –  cənabətdədi, murdardı deməli. Apar bunu Qaynayan nohura, qoy qüsul alsın…

– Ay nənə…

– Apar!.. – Qarı cır səslə çığırdı.

Əlövsət başını bulaya-bulaya içəridən çıxdı:

– Ayə, a Bulud…

Udqundum:

– Hə, qardaş.

Boynunun dalını qaşıya-qaşıya soruşdu:

– Sən canın düzünü de, Moskvada, Bakıda, ya elə Harayçıda nəsə  bir zibil iş qaynatmamısan ki? Sən bilirsən ki, nənəm qazdan ayıq arvaddı. Deyir, bəs sən… bəs sən cənabətdəsən, ona görə titrədirsən. Doğrudu?

Rəng verib, rəng aldım. Tay-tuş olsaq da özümü çox pərt hiss etdim. Hıqqana-hıqqana:

– Nə bilim, ay Əliş… – dedim, başımı aşağı saldım – Allah məni öldürsün…

Deyəsən, o, işi başa düşdü, utandığımı da duydu, üstünü vurmadı.

– Onda, gözlə bir dəqiqə…

Əlövsət arvadını səslədi, nəsə ikilikdə danışdılar, sonra evə girdilər. Az keçmədi əlində selofan kisə evdən çıxdı və “getdik!..” dedi. Həyətdən çıxıb üzü kəndin sol yanına tərəf yönəldik. Yolda o, kisəni mənə verdi, arakəsmədə baxıb gördüm ki, içində sabun, saplıca və qətfə var. Lap pərt oldum, həm də fikirləşdim ki, mənim üşüməyimin mətləbə nə dəxli varmış görən?

Hardasa meşənin içiylə iki kilometr yol gedəndən sonra Qaynayan nohura çatdıq. Bu, meşə talasında, ucu-bucağı görünməyən, dərələr dərəsi, adına zaman-zaman dastanlar, əfsanələr qoşulan məşhur Keçiqıran dərəsinin qırağında, sıldırımlı qayaların iyirmi addımlığında,  içindən pıqhapıq qaynayan, çox da böyük olmayan, girdə, gözəl, bir də suları və sudan qalxan buxarı gözümə limon sarısı rəngdə dəyən qəribə bir nohur idi. Bəlkə mən onu limon suyu rəngində gördüyüm üçün belə gözəl görünürdü, bilmirəm. Nohurun içində, qırağa yaxın bir yerdə, iri sal daşları palçıqsız, sementsiz sadəcə üst-üstə düzməklə kənd ayaqyolusu biçimində, üstü açıq, girəcəyindən qapı əvəzinə qalın və o üzü görünməyən, rəngini ayırd edə bilmədiyim brezent parça asılmış kiçik bir çiməcək hörmüşdülər. Qaynayan suyun artığı çiməcəyin daşları arasıyla süzülərək bir qədər axdıqdan sonra, şəlalə kimi dərəyə tökülürdü. “Görünür, elə bura kənd camaatının çimmək yeridi…” deyə düşündüm. Əlövsət sanki fikrimi anladı:

– Bilirsən də, nöyüt-qaz ölkəsində yaşasaq da, bizim kənddə hələ də qaz yoxdu, belə getsə, heç olmayacaq da. Bu balaca kənd, rayon rəhbərliyinin yuxulu gözündən həmişə qıraq olsa da, Allahın nəzərindədi, qağa… Yandırmağa odunumuz da var, bax, çimməyə isti sulu nohurumuz da. Hamımız burada – bax, bu köntöy çiməcəyin içində yuyunuruq.

O, dinmədiyimi görüb:

– Hə, sən axı iqtidar adamısan, yap-çısan axı, qardaş, mən də başlamışam giley-güzara – dedi. Dalısıyca da gülə-gülə fikrinin iliyini vurdu – Qoy, cibində biletini daşıdığın o təşkilatda nəzir-niyaz paylasınlar  ki, sıralarında səni kimi gözəl bir oğul da var…

Bir balaca səbrimin cilovu boşaldı:

– Ay Əliş, dərindən götürsək, vallah mən heç bilmirəm iqtidar nədi, müxalifət nə. Yəni biz hamımız Keçiqırandan deyilikmi? Bir qarış yerimiz var, a başına dönüm, hamımız da bir-birimizə doğma adamlarıq. Nə fərqi axı?  Mən hara, siyasət hara, a saqqalı ağarmış, söz tapmısan danışmağa. Bu saat gözlərimin hayındayam, başqa heç nə ağlıma batmır… – Sonra da söhbəti uzatmaq istəmədim, mətləbə keçdim. – Hə, de görüm indi məni bura niyə gətirmisən, mən yetim  neyləməliyəm?

– Heç nə. Niyyət eləyib girməlisən suya…

– Bilmirəm axı necə niyyət eləyim.

O, mənə niyyət etməyin və cənabət qüsulu almağın təhərini öyrətdi. Soyunub suya girməmişdən öncə, onun öyrətdiyi kimi: “cənabət qüsulu almaq üçün niyyət edirəm, vacibən-qürbətən-iləllah” dedim və üst paltarlarımı soyunub, şalvarın balaqlarını dizləriməcən çırmalayıb, bir əlimdə sabunla saplıca, birində qətfə suya girdim, çiməcəyə daxil oldum. Su dizdən idi. Orada tam soyunaraq, bu gözəl, pak nohurda, bir tərəfdən sal daşların aralarından girərək, o biri tərəfdən aramla axıb gedən isticə suyla ləzzətlə yuyundum. Axırda da Əlövsət öyrədən kimi “Bismillah!” deyib, suyu saplıca dolusu üç dəfə başımdan, üç dəfə sağ çiynimdən, üç dəfə də sol çiynimdən əndərdim, qurulandım, geyinib  qırağa çıxdım. Əlövsət qımışdı:

– Yadında saxla ki, bütün ömrün boyu birinci dəfədi paklanmısan…

Özümü saxlaya bilmədim:

– Ay Əlövsət, onda belə çıxır ki, dünyada cənabət qüsulu almayanların hamısı murdardı?

– Bəs sən bunu bu vaxtacan bilmirdin? Bəs kafir nətəər olur, hı? Öləndə,  Allahın da hüzuruna elə gedirlər də hamısı. Murdar şəkildə.

O, üzümə çox ciddi baxdı. Özümü naqolay hiss elədim. Belə çıxırdı ki, bu vaxtacan o – gecə-gündüz “vuran” Əlövsət pak imiş, mən – suyu üfürə-üfürə içən bədbaxt Bulud – murdar, nə bilim, kafir, nə bilim, mürtəd, nə bilim, nə… Özü əlli qadınla, qızla yüz oyundan çıxırdı, mən yetimsə, kefliykən özümdən xəbərsiz, özü də bu yaşımda, özü də dul çağımda, həm də qürbətdə, həm də cəmi bircə dəfə, vur-tut bir dəfə bir qələt eləmişəm. Pah atonnan! Yadıma onun hələ tələbə vaxtları elədiyi əlli cür hoqqabazlıq düşdü. “Allah, bu da paklıqdan danışır!” düşündüm. Xatırlayıram ki, bir dəfə nişanlı vaxtlarımızda bulvarda Şəfiqəylə gəzərkən, rastımıza çıxdı, qoltuğunda da… pozğun bir qız. Lül-qəmbər idi, güclə ayaq üstə dururdu, valaylaya-valaylaya bir gözünü yumaraq üzümə xeyli baxıb dodağımın üstündə – bığ yerimdəki iri, qara xalıma işarə edərək: “Bulud, dodağına poxmilçəyi qonub, uçurt getsin, Şəfiş səndən iyrənər…” dedi və şaqqıldayıb güldü. Məni Şəfiqənin yanında pərt elədi. Uzun müddət onu danışdırmadım. Sonralar nədən inciyib ondan yan qaçdığımı soruşsa da, söhbəti açıb-ağartmırdım, candərdi etdiyim “salam-sağol”dan başqa onunla heç bir əlaqə saxlamırdım. Amma bir dəfə Şəfiqənin canına and verib dirəndi, əl çəkmədi, onda dediklərini söylədim, inanmadı, heç nə xatırlamadığını bildirdi, Şəfiqədən də dönə-dönə üzr istədi, onun gözü qarşısında məni bağrına basaraq duz kimi yaladı, hələ məcburən xalımdan da öpdü və həmişəki kimi, o dəqiqə də gözləri yaşardı, “qələt eləmişəm əbəjdadımla!” dedi… Toyuma da çağırmamışdım. Amma gəlmişdi, keflənib sağlıq deyəndə köyrəlib ağlamışdı da… Sonra da birdən-birə hırıldayıb kefli-kefli, sözlər ağzından tökülə-tökülə demişdi: qardaş, o şakaladı niyə yaxmısan dodağının üstə, hı?”

Hə, Əlövsətin keçmişindən çox şey bilirdim, bığ yeri tərləyən, özünü təzə-təzə tanıyan çağlarında Keçiqıranda qoyun-quzu nobatına gedəndə keçiləri tutub dal ayaqlarını çəkmələrinin quncuna salaraq hansı qələtlər etdiyini öz dilindən eşitmişdim.  Onun keçmişi bu cür “paklıqlarla” zəngin idi. Di gəl, qəlbinin saflığına inanırdım. Sözsüz, onu bəzi məqamlarda korlayan içkiydi. Kimi korlamır axı, o zibil?

Sözü dəyişdim:

– Bu suyun misli yoxdu, qağa! Oliqarx dadaşlar bilsələr, qapazlayacaqlar. Üstündə sanatoriyadan-zaddan bir şey tikib yerli  camaatı tamarzı qoyacaqlar buralara…

– Camaatın canı çıxsın, malına yiyə dursun, lazım gələndə haqqın tələb eləməyi bacarsın… Onların gücü mənə çatır elə. Onları qoyasan arxamcaorda-burda “odunçu İrzanın piyanska oğlu, cəbhənin acındanölən quru bəyi Əlöysət” kimi sözlər deyib mənə lağ eləyələr. Bir-birinin ayağından çəkən  bu camaatın hamısı qohum-əqrabadı, hamısı da bir-birinin paxılıdı, bir-birinin üzünə gülüb, dalıyca danışandı. Vallah, bunların axırı necə olacaq, bilmirəm. Bu bədbaxtlar dilbir-əlbir olsalar, Keçiqırandan bu yana bir nəfər də yad adam buraxmazlar. Yoxsa odeey, iki nəfər tanımadığımız varlı gəlib kəndin başı üstündə qoşa villa tikdiriblər. İçində yaşamasalar da, köçünü salıblar da buralara. Nə var-nə var… yuxarıda işləyirlər!

Sonra əlini çiynimə qoyaraq son dərəcə ciddi bir şəkildə dedi:

– Bilirsən, Bulud, o adamların kişilikləri çatsa, gəlib bizim bu Qaynayan nohurda cənabət qüsulu alıb carranar, paklanar, sonra da Tövbə eləyərlər.  Əməllərinə görə, cənabətdədilər, çünki…

Əlövsətin dərdi açılmışdı, elə bil.

– Hmm… – dedim – ürəyin doluymuş, qardaş…

Üzümə baxdı:

– Bulud, inanıram ki, sənin ürəyin mənimkindən də doludu. Amma nə fayda, biz ikimiz də eyni bezin qırağıyıq. Bir yana baxanda, elə mənim kimi axta müxalifətdən , sənin kimi saxta iqtidar yaxşıdı…

Sonra da, mənə qəribə bir baxışla göz yetirib, əlini yellədi:

– Nə isə… Lənət şeytana!

Bəlkə də, mənim siyasətdən uzaq adam olduğumu bildiyindən, bəlkə də, əksinə, nəyə görəsə, məni həmişə iqtidar adamı saydığından, sözünü bitirdi, həm də yəqin fikirləşdi ki, mən onun qonağıyam, qəlbimə dəyə bilər…

Qətfəni kisəyə qoymamışdan öncə, bir də başımı quruladım və bu zaman gözüm suyun buxarı arxasında yuxu kimi görünən, çiməcəyin divarına qonmuş, ürkək-ürkək boylanan tənha göyərçinə sataşdı. Qəfil başımın içində, elə bil, bir sazın cingirəy simidartılıb, dartılıb, ən zil həddinə çatdı, səsi beynimin içində qaytarış verə-verə, durmadan cingildədi, cingildədi və… qırıldı. Limon sarısı rəngdə bir göyərçin idi, divarın üstündə oturmuşdu, küyümüş kimi dörd bir yana boylanırdı. O, sudan qalxan limon sarısı rəngdə buxarın arxasında, ağlagəlməz sarıca bir xəyal kimi görünürdü…

Ah, mən nədən şair olmadım, ilahi!.. Nə qədər acizəm gördüyümü təsvir etməkdə, nə qədər miskinəm!..

 

 

Davamı var…

Bizi Telegram-da oxuyun.