Noyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Təsadüf… (Aleksandr Qrin) – Araz Gündüzün tərcüməsində

 

 

ALEKSANDR  QRİN

   Hekayə

 

TƏSADÜF

 

I

 

Balsen kürən yabısını arabaya qoşdu, papağını dartışdıraraq başına basıb küçəyə çıxdı. Bayaqdan səpələnən yağış artıq kəsmişdi. Payızın buxar dolu, qatran rəngli havasından islaq peyin çürüntüsünün qatı qoxusu gəlirdi. Külək dayanmışdı. Qaranlığın yaratdığı boşluğun içində uyuyan küçənin səssizliyini Balsenin evinin damındakı fırfıranın cırıltısı pozur, evdəki pəncərələrin ikisindən küçəyə düşən gur işıq yolun qırağındakı lehməli gölməçələrdə yansıyaraq onları gözə çarpdırırdı. Balsenin arvadı Anna ölürdü. Bunu bütün qonşular və xəstənin yanında oturub ona qulluq eləyən Roza qarı deyirdi. Ancaq deyilənlər Balsenin yumru və tərs başına batmırdı. Öz əri ilə vur-tut bir il yaşayıb ona bircə körpə doğan gənc və sevimli qadın bu tezliklə ölə bilməzdi. Qocalar boş yerə onu qarğıyırdılar.

Belə qara-qura düşüncələrə dalan Balsen həyətə qayıdıb evə girdi və səssizcə, yorğan və balışların arasında qollarını geniş açaraq uzanan xəstənin köhnə,olduğundan qap-qara qaralan taxta çarpayısına yaxınlaşdı. Balsen arvadına baxıb təəccüblənirdi. Doğrudanmı, yataqda uzanan qadın hələ bir həftə bundan öncəyə kimi şaqraq mahnıları və haylı-küylü danışığı ilə bütün küçəyə səs salan Anna idi? İndi buna inanmaq olmurdu… Ovurdları batmış, alnının tarıma çəkilmiş sarımtıl dərisi tər içində idi. Quruyub qaysaqlanmış dodaqları tez-tez açılıb-yumulur, nəfəsi köksündən kəsik-kəsik, ağrı ifadə edən bir fısıltı ilə çıxırdı. Arıqlayıb çöpə dönmüş, rəngi saralıb solmuş bu qadının çox yazıq və köməksiz bir görkəmi vardı.

Roza qarı ocağın yanında xəstə üçün, yalnız kəndçi qadınların bildiyi hansısa bir dəmləmə hazırlayırdı. Balsen yavaşca arvadının əlinə toxunub soruşdu:

 

–Necəsən? Yenə ağrıyırsanmı, Anna?

 

Gənc qadın dillənməsə də kiprikləri azca qırpıldı və bir anlıq da olsa, rahat nəfəs alırmış kimi oldu. Az keçmiş, böyük çətinliklə gözlərini açdı və donuq, bulanıq baxışlarını naməlum bir nöqtəyə dikdi. Bir neçə dəqiqədən sonra yenidən gözlərini qapadı, ardınca dodaqlarını səs çıxarmadan tərpətməyə başladı. Arvadının bu durumuna ürəyi parçalanan Balsenin biri-birinə sıxdığı dişlərinin qıcırtısı eşidildi.

 

–Əl çək ondan, Otto, əl çək! – qarı ərklə ona səsləndi, sonra ocağın yanından aralanıb qəhvəyi rəngə çalan titrək barmaqları ilə üzünə tökülmüş pambıq saçlarını ləçəyinin altında yığdı. – Ona toxunmaq olmaz… Özünü yaxşı ər sayırsansa, yubanmadan yola düş!

 

Qonşu otaqda körpə yuxudan oyanıb yavaş səslə ağlamağa başladı. Qarı tələsik özünü onun yanına atdı. Balsen başını o biri otağa sarı çevirdi. Orada, stolun arxasında, kiçik qardaşı Ado Balsen kerosin lampasının işığında qəzet oxuyurdu. Bütünlüklə qəzet oxumağa qapılmış qaşqabaqlı gəncin üzünə lampa şüşəsinin saldığı yaşıla çalan bir kölgə düşmüşdü.

 

–Tulla bu qəzeti bir qırağa, Ado! –acıqla qardaşının üstünə qışqıran Balsenin üzləşdiyi gərginlikdən alnının damarları köpmüşdü. – Gecə-gündüz yapışmısan bu siyasətdən, görürəm, evdə yas düşsə belə ondan əl çəkməyəcəksən!.. Ağzınızdan süd iyi gəlir, ancaq özünüzü hamıdan ağıllı sayırsınız. Elə bil, göy yarılıb oradan düşmüsünüz! Tulla qəzeti bir qırağa, deyirəm!

 

Ado gülümsündü və başını qaldırıb qardaşına baxdı.

 

–İncimə, Otto! – o toxdaq bir səslə dedi. – Mən səndən incimirəm… Sənin üçün ağırdır, başa düşürəm… Ancaq qəzetin suçu nədir?

 

–Hə, deyəsən bu ölkədə məndən başqa kimsənin suçu yoxdur! – qapıdan çıxmaq istəyən Balsen ağır-ağır nəfəs alaraq dilləndi, ancaq bir anda fikrini dəyişdiyindən kəskin hərəkətlə otağa qayıtdı. – Sən və sənin kimi kütbeyinlər bütün fırıldaqçıları, yaramazları, heç bir iş-güc bacarmayan qarınotaranları qaldırmısınız dağ başına. Bəs yaxşı, belədirsə Anna niyə ölməlidir, onun suçu nədir? Bu dünyada ölən ancaq yaxşı insanlardır, pislərə isə heç nə olmur!..

 

–Heç elə şey yoxdur! – gənc ona tərs-tərs baxıb başını yellədi. – Bütün yaxşı adamlar ölsəydi, dünya da dağılardı!..

 

–Eləmi? Bunlar kitabda belə yazılıb! Bəs əslində necədir? Hanı dəmirçi Pelt? Hanı müəllim Arens? Hanı aptekçi Mansinq? Birini öldürdülər… Qalanı da başını götürüb getdi! Onlar nə eləmişdi, suçları nə idi? Massinq burada olsaydı, bəlkə də , Annanı çoxdan sağaltmışdı…

 

 

–Otto, bu yaşında lap uşaq kimi danışırsan! – Ado dedi. – Aptekçi bu xəstəliyi necə sağalda bilərdi? O burada olsaydı belə, sən yenə həkim çağırmalıydın. Deyəsən, dərd sənə güc gəldiyindən acığını kiminsə üstünə tökmək istəyirsən!..

 

– Nə acıq tökmək?! Sən hələ də südəmər qalmısan!.. Ölkənin düşdüyü vəziyyətə bax. Bir il də belə keçsə olan-olmazımız əlimizdən çıxacaq və biz dilənçi kökünə düşəcəyik!,Biz Balsenləri qarşıda nə gözlədiyini anlayırsanmı?!..

 

Ötən il Otto Balsenin yaddaşında çox acı xatirələrilə qalmışdı. Kənd, demək olar, boşalmışdı: kimisi var yoxdan çıxmış, kimisi də başını götürüb haralarasa çıxıb getmişdi. Hərbi birliklərin kənddə tez-tez düşərgə salması, kəndlilərin əlindəkinin müftə mal kimi qamarlanması, daima yumruq və qamçı qorxusu altında keçən yaşayışları insanları bezdirmişdi… Axtarışlar, çuğullamalar… Bir sözlə, həyat əsl cəhənnəm əzabına dönmüşdü.

Balsen belə qüssəli çağlarında dalğınlaşar və yaşıl rəngə bürünmüş əkinlərini, yorulmadan işləməsinə imkan verən güvəncli sağlamlığını, bu gördüyü işlərdən duyduğu sevincini, Annanın gülüşlərini, işlərini qurtardıqdan sonrakı istirahətlərini, yediyi yağlı və dadlı yeməkləri, habelə, gördüyü şirin yuxularını xatırlayardı… Az qala ötən ilə qədər çox yaxşı yaşamış, indi isə qorxunc, bulanıq və iyrənc bir duruma düşmüşdülər; gələcəkdə nə olacağıni isə bilmək olmazdı…

Ona görə, Balsenin nə siyasəti, nə də onunla bağlı olan adamları görməyə gözü yox idi. O,, uzağı görməyən adamlardan hər biri kimi, bütün istəyini və nifrətini gözü ilə aydın görə bildiyi predmetlərə yönəltmişdi. Qəzetlər, orada yazılan yad sözlər onu özündən çıxarırdı. Balsenin yalnız çörək və dolanışıq qayğısı ilə torpağa yönəlmiş kəndli ağlını başqa heç nə maraqlandırmırdı.

Körpə ovundu və qarı ayaqlarını şappıldadaraq otağa qayıtdı.

 

–Gör nə hay-küy salıblar burada! – qarı deyinməyə başladı. – Sizin üçün Annanın nə dəyəri var? Görürəm, burada boşuna deyişməyi onun qayğısına qalmaqdan üstün tutursunuz. Otto, deyəsən buradan Vendenə kimi qırx kilometrlik yol olduğunu unutmusan. Atı yemləmisən? Tez ol yola çıx, tərpən, yoxsa indi səni maşa ilə döyüb qovaram.

 

Balsen otaqdakı var-gəlini saxlayıb çarpayıya yaxınlaşdı, burada bir az dayandıqdan sonra əyilib Annanın saçlarından öpdü. Xəstə dodaqlarını tərpədib pıçıltı ilə nəsə deməyə çalışsa da, səsi çıxmadı. Kəndlinin göy və acıqlı gözlərinin dərinliyində gizlənmiş ağrı-acılar bir anlıq bütün kəskinliyi ilə duyuldu.

 

–Yerində saydığın yetər! – Roza donquldandı. – Di, tərpən görək!

 

–Roza xala! – Balsen səsləndi. – Həkim gəlmək istəməzsə?.. O zaman necə olacaq?

 

–Hə, indi də özünü bu düşüncə ilə gecikdirirsən? Gələcək! Gəlməsə, tanrının qarğışı onu tutar!.. Sənə verdiyim kağızı da götürməyi unutma; orada yazılanları aptekdən alarsan.

 

Balsen əli ilə cibindəki dörd qatlanmış kağızı yoxladı – orada kəndlilərin türkəsaya reseptlərindən biri yazılmışdı – sonra köks ötürərək qapını səssizcə bağlayıb eşiyə çıxdı.

 

II

 

Yol meşədən keçirdi. Çox da hündür olmayan ağaclar yolun hər iki tərəfi ilə onbeş kilometr boyunca sıralanaraq, tutqun bir divar kimi uzanıb gedirdi. Yol çala-çuxur olduğundan araba ara vermədən atılıb düşürdü. Balsen hər kəsin tanıdığı el yolu ilə getmək istəməmişdi, necə olsa, meşədən keçən yol kəsə – ən azı on kilometr daha qısa idi. Həm də, el yolunda son zamanlar ortalığa çıxan quldur və soyğunçularla üz-üzə gələ bilərdi deyə, burada özünü arxayın hiss edirmiş kimi idi,. Qonşu kənddəki xəstəyə dəyməyə getmiş keşişin bu yaxınlarda təkcə alt paltarında qorxudan və soyuqdan dişləri şaqqıladayaraq qayıtması, bir anlıq gözləri önünə gəldi.

Alçaqdan ötüb gedən, arada toparlanıb qarabasmalara oxşayan qara buludlar meşənin qara, əyri-üyrü kölgəliyinin arxasında gözdən itirdi. Ağacların yarpaqlarından süzülən ağır yağış damlaları yerə tökülüb yoldakı su dolu çuxurlara axırdı. Aradabir qalxan külək küknar və şam ağaclarının təpələri ilə keçərkən səslənir, budaqları yelləyərək yarpaqların üstündə yığılmış suyu silkib yerə çiləyirdi. Bu anlarda meşə pıçıltıya oxşayan səslərə bürünürdü. Aradabir də, yuxulu bir quşun güclə eşidilən civiltisi gəlirdi… Çox uzaqdan – meşənin dərinliklərindən hansısa qəmli və yalqız bir varlığın “u-u! u-u!” kimi səslənən monoton ulartısı sanki boruya dolan küləyin vıyıltısına bənzər haray qoparırdı.

At boynunu yana əyərək bərk qaçırdı: onun bu möhkəm və inamlı qaçışında insan ürəyinə toxdaqlıq və təpər gətirən nə isə vardı. Araba yırğalanır, arabir orada, burada çuxurlara düşür, arabir də, torpağın altı ilə uzanaraq yola qədər gəlib çıxan ağac köklərinə ilişərək möhkəm silkələnirdi. Ətrafındakı qaralmış və durğun havaya baxan Balsen birdən lal və qaranlıq bir tunelə  düşüb getdiyini və bu yolun onu nağıllardakı yeraltı krallığa aparıb çıxaracağını sandı… Bu duyğudan yaxa qurtarmaq üçün o, fikrini göy üzündə süzən sıx və qara buludlara yönəltdi.

Təxminən on kilometr gedəndən sonra o, atı saxladı, arabadan düşüb atın üstündəki yana əyilmiş yəhəri düzəltdi. Bayaqdan eşidilən at ayaqlarının və təkər cırıltısının səsi kəsilmişdi. Meşənin tükürpədən, yuxulu səssizliyi ilə deyişən bir adamdan başqa, sanki torpağm üstünə çökmüş gecənin bu susqunluğunu poza biləcək başqa kimsə yox idi.

Qarşıdakı yol birdən, Balsenə olduqca sonsuz, qaranlıq və darıxdırıcı göründü. Bu düşüncələri onu sarsıtdığından, tələsik arabaya qalxdı və cilovu yelləyib atı yerindən tərpətdi. Ayaqlarını bərkdən yerə döyəcləyən at, ahəngdar bir tappıltı qopararaq qaçmağa başladı.

Otto Balsen Annası, yaşayışı, anlamaz saydığı qardaşı Ado və özünün indiki yolçuluğu ilə bağlı düşüncələrə dalmışdı. Onun biri-birindən ağır düşüncələri ardıcıllıqla beynində toplanır, çox keçmədən biri o birinin yerini tutmağa başlayırdı. Belə bir ağır dərdin gözlənilmədən gəlib, əlinin əməyi ilə dolanan, işdən-gücdən usanmaq bilməyən birisi kimi dincliyinin pozulması ona çox qəribə gəlirdi. Balsen bu işlərin onun başına gələ bilməsi üçün heç bir suç işləməmişdi. O, , həvəslə işləyir, vergiləri vaxtında ödəyir, tanrıya və o dünyaya inanır, arabir, yoxsullara əl tutur, evdə isə yaxşı və qayğıkeş bir ər kimi dolanırdı… Bütün bunlara rəğmən, indi onun təsərrüfatı dağılıb gedir, Anna kənddə xəstə və heysiz, ağrı-acıların içində qovrularaq inildəyir, Balsen isə gecənin qaranlığında böyük xərc istəyən, onlarla kilometr uzanan bu uzaq yola çıxmalı olub…

Düşüncələri yenidən qayıdıb keçmişlərdə dolanmağa başladı – o indi düşdüyü bu qara qayğıların və dərdlərin keçmişin hansı toxumundan cücərdiyini, hansı sıxılan yayın açılmasından yarandığını axtarıb tapmaq istəyirdi. Ancaq bugünkü fəlakətlərinin izi heç bir vəchlə keçmişə gedib çıxmırdı. Nə qədər çalışsa da, bütün xatirələrində inadla üzə çıxan sarı boyalı, bərəkət dolu tarladan, Annanın qarabuğdayı əllərindən və evindəki dincliyin səssizliyindən başqa bir şeyi görüb-duya bilmirdi… Xatirələrin ağırlığından bezmiş Balsen acığını Kürən dediyi atının üstünə töküb, qamçılayaraq onu irəli qovmağa başladı.

 

III

 

Meşəlik özünün qara və sürünən kölgələri ilə arxada qaldı, irəlidə hamar və geniş bir yol başlandı. Kəndli kibrit yandıraraq cibindən çıxardığı köhnə gümüş saatına baxdı. Əqrəblər saat onikini göstərirdi. Şəhərə çatmağa saat yarımlıq yolu qalmışdı. İşləri düz gətirəcəyi təqdirdə səhər saat beşdə geriyə qayıda biləcəkdi. Qaynı Andersen olan dörd atından birini, dinməz-söyləməz arabaya qoşmaq üçün ona verəcəkdi. Yoxsa, yorulub əldən düşmüş, yazıq Kürənin üzgünlükdən başı sallanırdı.

Birdən Balsen uzaqdan kiminsə ona sarı gəldiyini sezdi. Qaranlıqda at ayaqlarının tappıltaları və bir yox, bir neçə atın olduğu duyulan fınxırtılar eşidilməyə başladı. O, cilovu çəkib yığışdıraraq arabanı saxladı, biraz dinşəyəndən sonra qarşıdan bir bölük atlının gəldiyini anladı. Balsen atın başını döndərib arabanı yoldan bir az qırağa sürdü, yumşaq otla örtülmüş çökəklikdə daldalandı.

At ayaqlarının səsi yaxınlaşır, artıq adamların adda-budda, könülsüz danışıqları da eşidilirdi. Kürən dartınıb boynunu irəli uzatdı, ayaqlarını yerə döyəcləyib, ucadan, bezgin bir səslə kişnədi. Eşidilən səslər kəsildi. Balsen onun yerini bildirdiyinə görə bərk acıqlanıb atı qamçıladı. Bir an sonra yaxınlıqdakı atlar da Kürənin hənirini alıb həyəcanla kişnəməyə başladılar və çox keçmədən arabanı çiyni tüfəngli atlıların qaranlıq kölgələri dövrəyə aldı. Atlılar çox idilər. Balsen onların Vendenin yan-yörəsində keşik çəkən kazak bölüklərindən birinin əsgərləri olduğunu anladı. O üz-gözünü qırışdırıb çimçəşərək, kazaklara baxdı – qaranlıq olduğundan, onlar bu ifadəni görə bilməzdilər. Kazaklardan biri ona yaxınlaşdı. Onun atının burun pərələrindən çıxan buxar Balsenin üzünə vurmağa başladı.

 

– Hara gedirsən, dostum? – kazak soruşdu.

 

– Şəhərə… – Balsen acıqla çiyinlərini qısıb könülsüz dilləndi. – Özü də yaman tələsirəm.

 

–Nə üçün yaman tələsirsən? – başqa bir kazak soruşaraq, ucadan qəh-qəhə çəkib güldü. –Ona görə, düz yolu qoyub çölləmə gedirsən?..

 

Kazaklardan birinin atı yerində oynaqlamağa başladı və o, qatı bir söyüş söyüb atın böyürlərini mahmızladı. Daha bir atlı yaxınlaşıb soruşdu:

– Nə olub burada? – və o yaxınlaşan kimi kazaklar özlərini yığışıdırıb, üzlərini ona sarı çevirdilər.

Balsen bu atlının zabit olduğunu anlamışdı. Onunla birinci danışan kazak zabitə yaxınlaşdı və kəndliyə baxa-baxa ona nə isə pıçıldamağa başladı.

 

–Səncə,  belədir? – zabit əsnəyərək ondan soruşdu.

 

–Tamamilə doğrudur… Yoldan çıxıb çöldə daldalanmağından da belə məlum olur…

 

–Hara gedirsən? – zabit acıqlı bir səslə onun üstünə qışqırdı.

 

–Şəhərə gedirəm, cənab rəis, – Otto papağını çıxarıb dedi. – Həkim çağırmağa. Arvadım bərk xəstələnib…

 

–Haralısan?

 

–Keldənəm… Mən Balsenəm, Otto Balsen…

 

–Pasportun var?..

 

–Pasportumu unudub evdə qoymuşam, cənab rəis, – Otto dedi. – Çox xahiş eləyirəm, məni buraxasınız. Burada yüz kilometr çevrədə kimdən soruşsanız, məni tanıyar. Mən dinc adamam, alnan-qalnan işim yoxdur.

 

Zabitlə danışığında Balsen özünü nə qədər tox tutsa da, anlaşılmaz bir həyəcan bağrını basıb əzir, ürəyini üzürdü. Azca köks ötürüb davam etdi:

 

–Bu gecə vaxtı məni yollara salan ehtiyacdır, cənab polkovnik. Başqa çıxış yolum qalmayıb. Ona görə də, bərk tələsirəm…

 

Balsen yəhərin üstündə yırğalanaraq susan zabitdən yalvarırcasına:

 

–Gedə bilərəmmi? Məni buralarda hamı tanıyır… – soruşdu.

 

–Yox, olmaz, – zabit sakit bir səslə dedi. – Bəlkə heç Balsen deyilsən? Pasportun yoxdur, kim olduğunu haradan bilək. Hamının üstündə pasport gəzdirməsi haqda əmri oxumamısan?

 

–Doğrudan oxumamışam, cənab polkovnik. Bizdə belə bir əmrin olduğunu kimsə bilmir, – Balsen köks ötürüb dilləndi. – Hamının yanlışı ola bilər, cənab polkovnik. Çox xahiş eləyirəm, məni bağışlayasanız. Təcili həkim çağırmalıyam…

 

– Haydı uşaqlar, onun üst-başını axtarın görək, – zabit kazaklara buyurdu. – De görüm, niyə yoldan qırağa çıxmışdın?

 

– Qarşıdan gələnin kimliyini bilmirdim, cənab rəis, – Balsen özünü doğrultmağa çalışdı. – Yollar quldurlarla doludur.

 

–Düş arabadan görək! – kazaklardan biri yarıyuxulu səslə dillənib, atından yerə sıçradı. –  Gəl, bir üst-başını yoxlayaq.

 

Balsen yerində qurcalandı, arabadan düşüb əllərini arxasında qoşalaşdırdı, kazak isə onun paltarının hər yerini və ciblərini axtarmağa başladı. Ciblərindəki olan-olmazını çıxardı. Bunlar: tütün çəkmək üçün çubuq, dolu tütün kisəsi, pulqabı, saat və Roza qarının dərmanların siyahısını yazdığı kağız idi. Kazak bunların hamısını toplayıb zabitə verdi. Başqa bir kazak kiçik əl fənərini yandırıb zabitə sarı tutdu. Fənərin solğun və titrək işığında Balsen onun şeylərinə diqqətlə baxan zabitin arıq və solğun üzünü gördü. Zabit çox uzun bir müddətdə resept yazılan kağızı oyan-buyana çevirib baxdıqdan sonra baxışlarını saatla pulqabına dikdi. Daha bir kazak yaxınlaşıb ona nəsə pıçıldamağa başladı.

Zabit mırıldanır, başını bulayır və aradabir səslənirdi: “Eləmi?–Hə!–Bax a!–Hə-ə!..”

Balsen üçün vaxt olduqca yavaş keçirdi. O, kazakların davranışlarına diqqət və ehtiyatla baxırdı. Birdən onlardan birinin öz yoldaşının ağzından papirosunu götürüb sümürməyə başladığını görəndə bərk təəcübləndi. Kürən səbirsizlikıə fınxırır, boyunduruğunu oyan-buyana yelləyirdi.

Az sonra zabit Balsenin şeylərini yanındakı kazaka verib dodaqaltı nəsə mızıldadı və atını səyirdib qaranlıqda yox oldu. Kazaklar da onun arxasınca çapıb getməyə başladılar. Balsen yüngülləşdi və onun şeylərini əlində tutmuş kazakdan soruşdu:

 

– Gedə bilərəm?

 

Kəndlinin yaxınlığında dayanmış kazak ona yanakı baxıb burnunu çəkdi və cavab vermədi. Az keçmiş kzakların əksəriyyəti uzaqlaşdı, Yaxınlıqda qalan dörd kazaksa tələsən adam görkəmiylə baxışır və yavaş-yavaş Balseni dövrəyə alırdılar.

 

–Hə, dostum, belə-belə işlər, – kazaklardan biri dilləndi.

Üzünü aydın görə bilmədiyindən Balsen onun gülümsədiyini düşündü. O da gülümsəməyə çalışıb, getmək üçün icazə almaq istədi. Ancaq kazak ondan qabaq dilləndi:

–…biz indi əllərini bağlayacağıq… sənsə dinc dayanmalısan. Bax, əl-qol atsan yerindəcə güllələyərəm!..

 

O, Balsenin çiyinlərindən yapışıb fırlatdı. Kəndli qorxsa da, dinməzcə dönüb, arxasını ona sarı çevirdi… Birdən qorxunc bir düşüncə odlu bir burğu kimi beynini deşərək ruhuna işlədi… Balsenin bağrından vəhşi və acı bir haray qopdu. O, ayağının altından yerin qaçdığını və yan-yörəsində olan hər bir şeyin qorxunc bir ildırım sürəti ilə fırlandığını sandı.

 

–Tullanma, onsuz da şəhər uzaqdadır, atılıb-düşməklə isə ora çata bilməzsən, – atın üstündə oturmuş başqa bir kazak çimçəşikli bir səslə dilləndi. – Həm də atılıb-düşməkdən nə çıxar? Ay qardaş, onsuz da geci-tezi öləcəkdin bir gün…

 

–Axı nə üçün?! – Balsen bərkdən qışqırıb ağladı. – Suçum nədir?!.. Mən Otto Balsenəm!..

–Niyəsini özün yaxşı bilirsən, – kazak qaşqabaqla dedi. – Rəislərin tapşırığıdır, dayıcan, bizlik bir şey yoxdur… Onların ağlına necə batıbsa, elə də buyurublar.

Balsen sustaldı və birdən öncə bütün düşüncələrinin, sonra isə özünün öldüyünü sandı… Yoxsa, o, yuxu görürdü?.. Hə də, bunlar hamısı yuxudur: payızın qana işləyən rütubəti, ayağının altındakı yumşaq otla örtülü torpaq, başını aşağı salmış Kürən və aralıda dayanmış bulanıq kölgələrə oxşar bu susqun adamlar… Belə şeylər olur. Otto vaxtı ilə yuxusunu qarışdırarkən gördüyü qarabasmalarını xatırladı. Belə yuxulardan ayılıb özünü doğma evində, qaranlıqda və isti yatağında olduğunu görür, yorğana bərk-bərk bürünüb o biri böyrün üstə çevrilir və yenidən yuxuya gedirsən…

Beynindən həyətindəki bostanın alabəzək, rəngbərəng naxışlara bənzəyən ləkləri ötüb keçdi. Bu xəzinəni Annanın əlləri bəsləyib yaratmışdı. Kövrək, ağ-yaşıl rəngli kələm, ox ucluğuna oxşayan göy soğan, ağ çiçəkləri olan kartof, sarı çiçəkləri olan xiyar… Bunlar hamısı indiyədək vardı… indən belə isə olmayacaqdı… Onun özü də – yüz kilometrlik yan-yörədə böyükdən kiçiyə hamının tanıdığı Balsen də harayasa yoxa çıxacaq və kimsə bundan xəbər tutmayacaq, habelə, bunun nə üçün belə olduğunu öyrənə də bilməyəcəkdi…

Düşüncələri yenidən keçmiş çağlara qayıtdı. Balsenin gözləri önündə yenidən sarı, bərəkətli taxıl tarlası və Annanın qarabuğdayı əlləri canlandı. Yenə də qarşılaşdığı bu durumu düşüncələrində araşdırıb bir yana çıxara bilmirdi: Axı bu qolugüclü, acıqlı, yaraqlı adamlar nədən gəlib çıxmış və indi də onu öldürürdülər?..

O, özünü itirmiş bir durumda irəli sıçramaq istəsə də, iki-üç addım atıb büdrədi, nəm və palçıqlı torpağın üzərinə çöküb oturdu. Atın üstündə oturan kazak onun bu durumunu yozmağa başladı:

 

–Gücdən düşdü. Qorxu onu heydən salıb…

 

–Mən beləsini çox görmüşəm, – o biri kazak dilləndi. – Doğrudur, qoçaq, ürəkli olanları da var. Ancaq qardaşları arasında belələri də az deyil…

 

Artıq öfkə və ümidsizlik Balsenin bütün ruhunu sarmışdı. O qışqırmaq istədi, ancaq səsi çıxmadı. Ona elə gəlirdi ki, indicə yuxudan oyanacaqdır… Bir azca da dartınsa, güc versə, bu qorxunc yuxudan ayılacaqdır…

 

–Dərinə getməyin, Danilo, – atın üstündəki kazak dilləndi. – İblislik eləməyin!.. Yazığı niyə bunca incidirsiniz?!

 

Kölgəyə oxşayan adamlar bir neçə addım aralanıb dayandılar. Balsen özünə sarı yönələn uzun, qırmızı və iti alov dillərinin ağrı ilə bədəninə sancılıb nəfəsini kəsdiyini duydu. Yerə yıxılanda gözləri qarşısından öz evi, işıqlı otaqda başını aşağı salıb qəzet oxuyan qardaşı Ado və xəstəlikdən üzülmüş sevimli Annası gəlib keçdi…

Sonra isə hər şey əriyərək yox oldu.

 

 

Tərcümə etdi:

Araz Gündüz

Bizi Telegram-da oxuyun.