Noyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Vaqif Osmanov “Fəlsəfə müəlliminin ölümü”ndən nə danışdı ?!

 

                                             ÖZÜNDƏN İNTİQAM ALANLARIN İZİ QALMIR…

 

Poeziyasının vurğunu olduğum, yaradıcılığında həmişə yenilik və özünəməxsusluq axtardığım və tapdığım şair qardaşım, çağdaş poeziyamızın sayılıb – seçilən Söz Adamlarından biri Süleyman Abdulla bir kitab bağışladı mənə, böyük səmimiyyətlə məsləhət gördü ki, imkan varsa oxuyum. Maraqlı da adı var: “Fəlsəfə müəlliminin ölümü”. Hələ kitabı oxumamışdan fikirləşdim ki, yazıçı yəqin ki, hansısa məşhur filosofun həyatından, cəmiyyətin və fəlsəfənin böyük itkisindən söhbət açır. Əsəri oxuduqca anladım ki, müəllif daha ümdə məsələni – yaşamaq və mübarizə əzmi olmayan, cəmiyyətdə öz layiqli yerini tuta bilməyən gənc bir filosofun həyatını, daha dəqiq desək, acı taleyini qələmə almışdır.                                                                                                                     “İnsanın taleyi” silsiləsindən böyük həcmli kitab nəşr etmək imkanım və səlahiyyətim olsaydı cəmi yüz səhifəlik, yığcamlığına, məna yükünə görə  bu günün tələblərinə tam uyğun olan “Fəlsəfə müəlliminin ölümü”nü həmin kitabın ön səhifələrində yerləşdirərdim.                                                                                                    Fransız yazıçısı Gi de Mopassana görə, insanı inkişaf etdirən yaşadığı mühit və cəmiyyətdir. Bəlkə də bəşəriyyət tarixində son əlli il qədər keşməkeşli, sərt burulğanlarla dolu dönəm olmayıb. Bu “turşməzə” illərdə yaşamaq üçün insanlara qeyri – adi “istedad” gərəkmiş. Hiyləgərliyə, tamahkarlığa, rüşvətə əsir olmağa, zor göstərməyə “istedad”ımız çatmırsa, yaşamaq çətinmiş bizə xəlbirlə su daşıtdıran bu süni bər – bəzəkli qarı dünyada…

Süleyman Abdullanın dediyi kimi:                                                                                                                                                       

 

Yanaqla qızartdım küllü təndiri,

Abır da, həya da utandı bizdən.

Hərənin özünə görə kəndiri,

Asılıb qalmışıq tərbiyəmizdən.                                                                                                                                                                                           

İnsan, təbiət və cəmiyyət – bu möhtəşəm üçlük bizim bəyəndiyimiz və bəyənmədiyimiz bəşəriyyəti yaratmışdır. “Bəşəriyyətin tarixi – ideyalar və mənafelər arasında fasiləsiz mübarizədir, bu mübarizədə mənafelər ötəri, ideyalar isə uzun müddətə qələbə çalır” (E.Kastelyar). İdeyalar mübarizəsində qalib gələnlər tarixin yaddaşında qalır. Qalib gələ bilməyənlər isə…

Çağdaş cəmiyyət inkişaf pillələri ilə yuxarı qalxdıqca mənəvi prinsiplərin dəyəri itir. Bu gün cəmiyyətin inkişafı ilə mənəviyyatın tərəqqisi tərs mütənasibdir. Cəmiyyətin eybəcərliyidir bu!                                                                                    Keçək əsas mətləbə.

“Fəlsəfə müəlliminin ölümünün süjet xətti  ucqar bir kəndin oğlu Arifin “uşaqlığı o qədər də pis keçməyən”, amma yeniyetməliyi və gəncliyi acınacaqlı həyatının ayrı – ayrı anları üzərində qurulmuşdur. Yazıçı qəhrəmanının ömür yolunu – orta məktəb, ali təhsil, hərbi xidmət, fəlsəfə institutu və iki – üç aylq  kommersiya mərhələlərinə bölərək tam işıqlandıra bilmişdir. Əsərin dili xalq dili kimi axıcı olduğundan oxucunu yormur. Məni romanın bədii məziyyətlərindən çox mənəvi  dəyərləri maraqlandırdı.  Cəmiyyətin çirkablarına bulaşmayan, bütün etik və əxlaqi keyfiyyətləri öz xarakterində qoruyub saxlamağı bacaran Arif  əslində bu qloballaşmış, riyakar  dünyanın insanı deyil, Arifin faciəsi budur!

Ata və anasının matahı Arifi atası Qasım kişi  Əli müəllim, daha doğrusu, kənd sakinlərinin Eşşək Əli kimi tanıdığı riyaziyyat müəllimi kimi görmək istəyir. Ötkəm ata oğlunun arzularına sayğı göstərmək, ona  ixtisas seçimində sərbəstlik vermək fikrindən uzaqdır. Çünki “yekəqarın” Əli müəllim bir qrup uşağı ali məktəbə hazırlaşdırır, çoxlu pullar qatlayıb qoyur cibinə, savadsız olsa da… Bəlkə Arif də riyaziyyatı sevə, riyaziyyat müəllimi ola bilərdi, kənddəki müəllimi – “Eşşək Əli”ni görməsəydi, tanımasaydı. Eşşək Əli onun qəlbindəki riyaziyyat sevgisini birdəfəlik dəfn eləmişdi.

Roman bir az “nağılvari” başlayır – ovçu və ayı balası əhvalatı ilə. İki – üç cümlə oxumamış fikrə daldım: Ovçunun meşədə tək və köməksiz qalan körpə ayı balasına yazığı gəlib evə gətirməsində, onu övladı kimi bəsləməsində, böyütməsində nə qeyri – adilik ola bilər ki? Nə olsun ki, ayı balası yekəpər olub bir pəncə zərbəsi ilə onun beyninin qatığını göyə sovurur. Bu vəhşi heyvanın xislətidir, təəssüblü nə var ki? Əsərin sonuna çatanda  yazıçının ədəbi priyomuna heyran qaldım. Bu romanda cərəyan edən hadisələrin düyün nöqtəsini açmaq üçün uğurlu tapıntı idi. Həm də özüm – özümə fərziyyə irəli sürdüm, əlbəttə, Süleyman müəllim mənim düşündüklərimlə razılaşmaya bilər. Kaş razılaşmaya. Onda daha maraqlı və yeni fikir üzə çıxar, oxucu və yazıçı ikiqat qazanar, hərəmizdə iki ideya olar, Bernard Şou demişkən. Ovçu və ayı məsələsinə tam subyektiv yanaşmam var: ovçunun bəsləyib böyütdüyü körpə ayı yekəpər ayıya çevrilir, yatmış sahibinin keşiyini çəkir, onun üzünə qonmuş milçəyi qovarkən hirslənib elə zərbə endirir ki, ovçunu o dünyalıq edir. Mənim fikrimcə, buradakı ayı kəmfürsət və qədirbilməz cəmiyyətdir, ovçu isə bu cəmiyyətə inanan sadəlövh Arif. Heç nəyə acımayan, zora arxalanan cəmiyyət sadəlövhləri, yaşamaq eşqinin alovunu qoruya bilməyənləri, mübarizə aparmayıb həyatın dibinə düşənləri bağışlamır.

Yazıçı əsas məsələni – qələmə aldığı həyat hadisəsi haqqındakı qənaətini, gəldiyi nəticəni qabardaraq demək istəyir ki, cəmiyyətdə  “ÖZ”ü, “MƏN”i, yeri, mövqeyi olmayanlar, Insanliğin təməlinin mütilik, köləlik yox, özgürlük, mübarizə olduğunu bilməyənlər yaşamaq iqtidarında deyillər.

Ulu yaradan insanı xəlq edəndə başqa canlılardan fərqli olaraq ona şüur, yaşamaq üçün iradə, qüvvə və imkanlar verir. Amma cəmiyyətdəki mövqeyini müəyyənləşdirmək hər kəsin öz işidir, hər kəsin öz əlindədir. O mövqe,hərənin layiq olduğu  yeri mübarizələrlə əldə edilir. Uzanıb gecə – gündüz kitab oxumaqla, oxuduğundan nəticə çıxarıb, yeni cığır açmaq, cəmiyyətlə cəngə çıxmaq tamamilə ayrı  məsələdir. Kitab  insana uğurun kodunu verir. O kodu açmaq üçün beynini işə salmırsansa bu nə kitabın, nə də biliyin günahıdır. Sən özünün içindəki çaxmaqdaşını alışdıra bilmirsənsə, iç dünyan zülmətdə qalacaq. Bu fəlsəfənin mühüm qolu – Həyat fəlsəfəsinin “A” hərfidir. İçərindəki inam qığılcımını alovlandırmaq həvəsində, gücündə deyilsənsə, qədim yunan filosofu Platon demişkən, bədənin ruhun məzarıdır.

Arif elə bilirdi ki, cəmiyyət, həyat kitablarda yazılan kimidir – humanist  və mərhəmətli. O, hətta dostlarından ayrılmağa razı idi, kitablardan yox. Mənəvi dünyasını zənginləşdirdikcə Arifin  fiziki qüvvəsi gündən – günə azalırdı. “Gözləri xeyli zəifləmişdi, uzaq məsafədən heç nəyi seçə bilmirdi, gözlərini nə qədər qıysa da heç bir xeyri olmurdu”.     Tələbəlik illərində də riyaziyyata biganə olduğundan “mühazirəçinin səsini milçək vızıltısına oxşadırdı. Riyaziyyat onun ömürlük cəzası idi, möhürləşib yapışdırılmışdı alnına”.                                                                                                         Müəllifin təhkiyəsi ilə desək, qəribə adam idi Arif. Və özü də bilirdi ki, nə vaxtsa onun bu qəribəlikləri başına oyun açacaq.

Sovet dönəmi dağlmamışdan azı 20-25 il qabaq doğulanlar yaxşı bilirlər ki, hamının “kişilik məktəbi” adlandırdığı hərbi xidmət həyatı azərbaycanlılar üçün Biləcəri göndəriş məntəqəsindən başlanır. Hərbi xidmətdə olmayanlar da ən azı 3-4 dəfə qardaşını, qohumunu, qonşusunu buradan hərbi xidmətə yola salıb. Bayaq dediyim “turşməzə” cəmiyyətin eybəcərlikləri – təmənnalı sövdələşmələr, şəhərdəkindən üçqat yüksək qiymətlər, möhtəkirlik, alıb – aldatmalar, rayondan gəlmiş 10-15 nəfərin darısqal, səliqəsiz otaqda, mələfəsiz və yaxud çirkli mələfəli yataqda  gecələməsi orta yaşlı insanların yadındadır. Əsgərliyə yola salınanda sınıq – salxaq vaqonlara minmək üçün “müharibə”, keçmiş SSRİ – nin bu başından o başına minlərlə kilometr yolu getmək zülmü, bax bu idi “kişilik məktəbi”nin ilk mərhələləri. Əslində təsvir etdikərim bir maraqlı film üçün ssenari ola bilər. Yazıçı demişkən, o vaxt “Biləcəri cəhənnəmin dib ocağıydı”, istər qışı, istərsə də yayı.                                                                                               Əsgərliyin Biləcəri mərhələsindən “ölüm – zülm”lə keçən Arif  Belorusiyanın Baranoviçi şəhərində hərbi xidmətə başlayır. Hərbi hissənin camaşırxanasında  işləyən, atası Azərbaycan türkü, anası rus olan, atasının və üç qardaşının əzazilliyinə görə uşaqlığı və gəncliyi göy əsgiyə bürünən, Bakıda İnqilab küçəsində yaşayıb oradan sevgilisinə qoşulub  Baranoviçə qaçan, hərbi pilot  əri sınaq uçuşu zamanı qəzaya uğrayıb bir tikəsi də ələ gəlməyən, həyatı boyu sevdiyi ilə cəmi üç ay xoşbəxtliyin şirinliyini dadan Zina və ya Zeynəblə tanışlıq Arifin həyatının ən ləziz anları idi, o da cəmi 2-3 gün çəkdi. Arifin ömründə həmin anlardan başqa xatırlamalı bir şey tapmaq çətin idi. “Samovolka”ya qaçdığına görə qaupvaxtada döyülməsi bir gecənin ləzzətini “piltə – piltə burnundan gətirdi”.                                                                             S. Abdulla Arifin kazarmada çarpayısında əsgər “uyuğu” düzəltməsini, “samovolka”ya qaçmasını, qaupvaxtada döyülməsini, “komissovat” olunmasını elə incəliklərlə təsvir edir ki, oxucu da hadisələrin axarına düşür, iştirakçıya çevrilir. Bu yazıçının əsgər həyatına yaxşı bələd olmasından irəli gəlir. Axı Süleyman müəllim Sovet dönəmində Brestdə hərbi xidmətdə olmuş, Qarabağ müharibəsinin ilk illərində  Milli Qvardiyaçı kimi Laçında , Qubadlıda dörd illik döyüş yolu keçmişdir. Ona görə də onun əsgər həyatından qələmə aldıqları inandırıcıdır.                       Arifin Zina ilə tanışlığı, kurs işinin namizədlik dissertasiyası kimi qiymətləndirilməsi, fəlsəfə instutunda işləməsi, universitetlərdən birinin fəlsəfə müəllimi olması, televiziyada çıxışı ömrünün barmaqla sayıla biləcək xoşbəxt anları idi, əgər buna xoşbəxtlik demək mümkünsə. Arifin bu “xoşbəxt”liyinin qarşısına yenə “mərdimazar” çıxır. Bu əvvəldən də bir o qədər isti münasibətləri olmayan tələbə yoldaşı Cəfər idi.

Rusiyadan pul – para ilə qayıdan Cəfər Arifin intellektinə bələd idi, bu intellektdən yararlanıb varlanacağına inanırdı. Cəfərin hay – küylü şirin vədlərinə inanan Arif dönüb oldu Cəfərin biznesinin mühasibi. Başı mühasibatlığa qarışan Arif “fəlsəfəni tamam unutmuşdu. İndi onun Kamyusu da, Freydi də, Nitsşesi də Cəfər idi”.                                                       Sən saydığını say, gör fələk nə sayır. Cəfər sərvətini günbəgün artırdıqca daxili dünyasının eybəcərlikləri hərəkətində, işçiləri ilə rəftarında görünməyə başlamışdı. Günlərin bir günü aralarındakı mübahisə – harınlamış Cəfərin elədiklərini Arifin başına çırpması münasibətlərin qarşısında qırmızı işıq yandırdı. Tez J.Renarın bir cümləsini xatırladım: “Axır ki, insanı heyvandan fərqləndirən cəhəti öyrəndim: sən demə bu pul bəlaları imiş”.

Romandakı “ nə mənəviyyat, ə, mənəviyyat sənin cibinə qoyduğum yüz dollardır (söhbət Arifin cüzi halal maaşından gedir – V.O.). Acından öləndə , lüt – üryan canın çıxanda məməviyyat sənə kömək edəcəkmi? Əlbəttə, yox!”- düşüncəsi ilə yaşayan harınlaşmış, sonda Arifə “ayı xidməti” göstərmiş cəfərlər, “bu oğraş nə vaxt namizəd olub ki, xəbər tutmamışıq. Onsuz da bu xəbəri eşidəndən qanım it qanına dönüb, professor olsa, vabşe ölərəm”- fikri ilə paxıllıqdan az qala bağrı yarılan qarınqulu, yekəqarın eşşək əlilər nankorluğun, nadanığın rəmzidirlər. Çinlilər bir zərb məsəldə deyirlər ki, düyünün içindəki qara daşlardan qorxmayın, ağ daşlardan qorxun. Mənəviyyatı  pulla ölçən harın cəfərləri, “çaxır tuluğu” eşşək əliləri düyünün içindəki ağ daşlara bənzətdim.

Əsərin kulminasiyası – qəhrəmanın faciəli taleyinin pik nöqtəsi Arifin atası Qasım kişinin Əli müəllimlə – Eşşək Əli ilə 10-15 kənd uşağını – abituriyentləri yataqxanaya, Arifin yaşadığı otağa gətirməsidir. Cəfərlə sonuncu görüşündən  qalma iylənmiş yeməklər, Arifin hirslənib döşəməyə çırpdığı araq butılkasının çilikləri otağı elə hala salmışdı ki, elə bil burada insan yaşamayıb. Hələ üstəlik Eşşək Əlinin uşaqlara pul verib əməlli – başlı bazarlıq elətdirməsi Arifin olan – qalan nüfuzunu özünün yerə çırpdğı araq butılkası kimi çilik – çilik eləmişdi:

– Qasım kişi arif adam idi. İlk baxışdan Arifin vəziyyətinin yaxşı olmadığını hiss eləmişdi və hiss etdiyinə görə də uşaqları Arifin otağına gətirdiyinə peşman idi. İçində qırıla – qırıla qalmışdı. Qasım kişi heç nə deyə bilmirdi. Arifin yaşayış tərzi Qasım kişinin çarpayının üstünə vızıldatdığı ”aerodrom”unu yerə soxmuşdu və Arif atasını sıxıntı keçirdiyini duymamış deyildi. Xəcalət çəkə – çəkə gözaltı atasının hərəkətlərini izləyirdi. Qasım kişi isə ürəyində fikirləşirdi ki, yox, deyəsən bu cüvəllağı bir şeyə yarayan deyil, yarasaydı bu şəraitdə yaşayardımı, tay – tuşlarının evi – eşiyi, maşını, ailəsi – uşağı, bir sözlə, Arifdən alim olsa da, adam olmayacaqdı…                                                                        Eşşək Əlinin fikri – zikri isə gətirdiyi uşaqları hansısa  ali məktəblərə  “soxuşdurmaq” idi. Ali məktəbdə fəlsəfə müəllimi olan Arifdən ona görə bərk yapışmışdı. Elə  tez – tez “bir söz demədin, bajoğlu, fikirləş politexnikdən – molitexnikdən, azidən – mazidən bir yer tap, ümidimiz  sənədir” – mızıldayırdı. Romanın finalını ən soyuqqanlı – ürəyinə daş bağlamış   insan da həyəcansız oxuya bilməz:                                                                                                               Oturub dəli kimi pıçıldayan Arif , qıçlarının keyidiyini hiss edib ayağa durdu. Çimildəşən qıçını cılız barmaqlarının ucu ilə ovuşdurub taytıya – taytıya çirkli, illərlə silinməyən pəncərənin qabağına getdi.                                                           – Səni xaraba qalasan, – pıçıldadı, – nə gözəl görünür. İndiyə qədər hiss eləməmişəm bu qədər gözəl olduğunu. Allahın Zinası da heç bunun kimi gözəl deyildi.. Niyə hiss eləməmişəm mən bunu. Eh, elə Zina kimi bir şeydir bu şəhər, üstü bəzək, içi zibil. Ənlik – kirşanlı Zinanın eynidir bu şəhər, bu şəhərin özü kimi əclaf başqa bir yer yoxdur.Yaşamağa dəyərmi bu şəhərdə, dəyərmi, İlahi?! Deyilənlərə görə, əbədi rahatlıq adlanan bir nəsnə var. Əgər, doğrudan da varsa, o, bu şəhərdə deyil, bu şəhərdən çıxıb əbədi rahatlıq məkanına varmağın bir yolu var, o yol əlahəzrət ölümə gedən yoldur və o yol məhz bu pəncərədən başlayır.  Arifin alnından puçur – puçur tər süzülürdü. O, ömründə bu qədər tərləməmişdi. Xəcalət təri idimi, əcəl təri idimi, – bilmirdi,  bildiyi ancaq o idi ki,  bu tər hər nəsə onun  varmaq istədiyi dünyaya  hazırlığının əlamətidr… Və birdən – birə…

Asif Ata Ocağinin Odqoruyanı Safruhun bir deyimi yadıma düşdü: “Həyatda min yol var, onlardan yalnız biri doğrudur, oğulsansa bizə həmin doğru yolu göstər”. Arifə  bu doğru yolu kitablar göstərmişdi, ancaq bu doğru yolda irəliləmək gücü olmadığından həyatın dibinə düşməyə məhkum idi. Arifin faciəsi o idi ki, o, nə özünə gedən, nə də özündən gedən yolu tapa bildi.

L.N.Tolstoya görə, qətiyyətsiz olduğun anlar cəld hərəkət et və çalış ilk addımı atasan. Hətta bu addım yersiz olsa belə. Qətiyyətsiz Arifin bu addımı lazım idimi, müdrik Lev Nikolayeviç?                                                                                    Həyatda insan  ona doğma olmayan cəmiyyətin içində yaşamağa (buna yaşamaq demək mümkünsə) məhkum olub tənhalıq məngənəsinə düşürsə, cəmiyyət onu anlamaq səviyyəsindən aşağıdırsa,  Arifin bilik, daha dəqiq deyilsə, həyat qanunları haqqındakı fəlsəfə elmini öyrətmək istədiyi tələbələr ona “uy” deyirlərsə, Arif haralarasa – azad ruhunun dalınca getməli idi…  Çox filosoflar, məşhur qələm əhli deyir ki, əslində intihar etirazdır, qəlbin, ruhun üsyanıdır. Mübarizəsiz etirazı, üsyanı zoru sevənlər ən azı kinayə ilə qaşılayarlar, ysxud heç anlamazlar. Amma yazıçı Rövşən Abdullaoğlu daha doğru deyir ki, intihar – bir ömür eşidilməmiş yardım fəryadının acı nəticəsidir. Arifin bu fəryadını eşidənlər var idimi?..

İntihar edən ən qatı cinayətkardır – deyirlər. Müdrik Mövlanaya görə, ən qüsursuz cinayət isə, yaşama sevincini öldürməkdir. Arifi qınayan oxuculardan soruşuram:  – Arif nə vaxt yaşama sevinci gördü ki?!.                                             Romanı oxuyub qurtarandan sonra içimə bir qəribə duyğu doldu. Yazıçının əsərdəki hadisələrə münasibətinə böyük rəğbət  göstərərək  könlümdən keçdi ki, mən onun yerinə olsaydım, Arifi intiharın vəhşi pəncəsindən qurtarardım. Niyə?  Romanı oxuyan mənim fikrimlə razılaşar ki, Arifə heç olmasa bir göz qırpımı qədər yaşamaq eşqini Zina və ya Zeynəb ərmağan etmişdi. Ata – anası, ona “dördgöz” deyib ələ salan kənd uşaqları, müəllimi Eşşək  Əli, onu imtahandan kəsən qərəzli müəllim, qaupvaxta əmrini verib sonra səhvini anlayan hərbi hissə komandiri,  var – dövlətin  qulu Cəfər heç vaxt onu Zina qədər anlaya bilmədi. Arif səkkizinci mərtəbənin pəncərəsindən “üzü göyçək,  ənlik – kirşanlı Zinaya oxşayan şəhərin zibilli küçəsinə şütüyəndə  də gözünün qabağından bir nəfər keçdi. Havada uça – uça pıçıldadı”:

– Nə olardı, Zina burda olardı. Heç olmazsa, son dəfə onun vüsalına qovuşardım, son dəfə ağuşunda uyuyardım, son dəfə qadın təmasının nə olduğunu özümlə o dünyaya aparmaq üçün çalışardım.

Fransızların bir xalq məsəli var, iki bədbəxt bir yerdə xoşbəxtdir. Süleyman Abdulla “mərhəmətli”lik göstərib Arifi “ödürməsəydi”, onu Zinaya oxşayan şəhərin zibilli küçələrindən,  ömrünün üç ayını keçirmiş, döyülüb əlil olmuş Zinalı və ya Zeynəbli Baranoviçi şəhərinə yola salsaydı, nə olardı görəsən? Uzaqbaşi romanın adını dəyişməli olardı, “ölümü” sözünün yerinə  lap elə “məhəbbəti” yazardı. Onda bəlkə hər iki bədbəxt xoşbəxt olardı…

Nə isə. Artıq gecdi…

Arif kimi özündən intiqam alanların izi qalmır…

Sonda poetik düşüncələri ilə məni uzaq üfüqlərə aparan şairə Səadət Cahangirin  dörd misrası ilə xəyalım göylərə uçdu, Arifin nigaran ruhu kimi…

 

Ağlım qədər qarışıq,                                                                                                                                      

Bu atmosfer havası.                                                                                            

Tanrım, göydən nə xəbər,                                                                                        

Bərbaddı  Yer havası…                                                                                                                                     

 

VAQİF  OSMANOV.

                                                            07.08.2018.

Bizi Telegram-da oxuyun.