İyul 3, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

“Bir dəli köynəyi nədi, Ona da pulum çatmadı…” – Vəli Efe

 

***
 
Ümid,
Canını kimə tapşırsın,
Hamıda bir tikə ölümü dadır..
əlimdən məzarlıq qoxusu gəlir,
O isə,israrla əlin uzadır..
 
Qaç məndən uzağa,
Qaç,
Yaşamaq istərsən,
Sənə ki,yaraşmaz yarımçıq ömür;
Ayrılaq,
Boşanmaq istərsən..
 
Mən,
Günəşin batışı,
Sona çatmaqdayam;
Mən,
Sənin aldanışın,
Ölümün
Arzusuna çatmaqdayam…
 
 
***
Elə, əllərinin qabarına,
dırnaqlarının arasına yığılan
zəhmət kirinə yaraşırdı sevmək..
Elə, pas tutmuş
dəmir qoxulu üst-başına,
alnının tərinə yaraşırdı sevmək..
 
Elə, pulqabına
nifrət edən kağızlara,
cibində kilsə zəngi çalan
qəpiklərə yaraşırdı sevmək..
Elə, xəyallarının
altında əzilən ruhuna,
ümidlərinin vurduğu
təpiklərə yaraşırdı sevmək..
 
Dünyanın ağasına,
bəyinə yaraşırdı sevmək..
Sən,ay kasıb,yetim adam,
nəyinə yaraşırdı sevmək..?!
 
 
***
 
Günəş canına qəsd edər,
Yanar iliyinəcən.
Göy üzü ağlayar ulduzlarını
Gecənin ovucuna..
 
Bir soxulcan ürəyi
Balığa məzar olar,
Bir qarışqa belində
Dünyanı aparıb gedər..
 
Bir uşaq üşüyər ana bətnində,
Bir kişi atalaşar.
Bir uşaq üşüyər ana bətnində;
Allahla dalaşar…
 
 
***
 
Özümü qucaqlamaq
istədim,
Qolum çatmadı.
Ha çalışdım, vuruşdum,
Bir dəli köynəyi nədi,
Ona da pulum çatmadı.
 
Öpdüm güzgüdən üzümü,
Sındı əksimin şüşəsi.
İlahi, nə gündəyəm,
Daha güzgüm də yoxdu
Özümlə öpüşəsi.
 
Əlim əlimdən ayrıldı,
Barmaqlarımın beli
Büküldü əllərimdə.
Həsrət küləyi əsdi,
Bir payız sevgi yarpağı
Töküldü əllərimdən..
 
 
***
 
Günəşi havadan asıb
Gözünü dikmisən yerə.
Özünü göyə qaldırıb
Kölgəni əkmisən yerə.
 
“Adəmin günahkar əli” ,
Qapımı döyməyə gəlib.
Tanrı, göy üzündən silib
Şəklimi çəkmisən yerə.
 
Dualarım ölə-ölə,
Suallarım gəldi dilə;
İlahi,niyə bir belə
İnsanı tökmüsən yerə?
 
 
***
 
Fırlanmaqdan gicəllənib
Ağılsız başı dünyanın.
Bir gün düşər özü boyda
Başına daşı dünyanın.
 
Buğdamı, dənimi yeyib,
Hər gün dünənimi yeyib,
Ömrümü-günümü yeyib
Tökülmür dişi dünyanın.
 
Hərə bir cür minib-çapar,
Dur gəl, qiyaməti qopar,
İlahi,yığışdır apar,
Bitibdi işi dünyanın…
 
***
 
Çölüm insanla dolu;
İçimdə biri də yox.
Bu necə boş ürəkdi,
Dolmağa yeri də yox.
 
Nə dosta qapı açıq,
Nə yarın gəlişi var..
Bəlkə bu məsələdə
Şeytanın “əl işi” var!?
 
Bu nəyin vəsvəsəsi,
Qorxusu nəyin axı,
Necə bu tənhalığa
Dözür ürəyim axı!?
 
İlahi, gerçəkmi bu,
Yoxsa bir yuxudumu,
Ürəyimə salmağa
Bir adam yox idimi?
 
 
***
 
“A’si”
 
Dua Allahın kəndiri,
Boğazıma dolandı..
Tonqal İbrahim üçün,
Günəş mənimçün qalandı…
 
Musaya yol verən dəniz,
Suyunda boğdu məni;
Tapıb bir cüt “Cəhənnəm göz”,
İçinə doğdu məni..
 
Sən müqəddəs,sən ali ruh,
Sən-
Çarmıxdan qurtulan İsa..
Mən qorxunc səs,mən asi ruh,
Mən-
“Yox “a pərçimlənmiş insan…
Vəli Efe

Bizi Telegram-da oxuyun.