Noyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

“Yaşadıqlarımdı öz oxu ətrafında fırlanır başıma…” – Elvin Paşa

 

İftar vaxtı…
 
Məna göyə baxmaq deyil
ulduzları görməkdi,
Dünyanı münəvvər qılanın
nuruna ərməkdi…
Qurtulmağın əvvəl yolu
sonsuz bulaşıqlıqdan,
bir sevgili tənhalığın
ağuşuna girməkdi…
Sevda yolu üstündə
səadət gəzib axtardım,
Gördüm ki, nə tapmaqdı məhəbbət
nə itirməkdi…
Ey Badi Səba,
halımı axır de O canana
Əvvəldən işin
məktub aparmaqdı, gətirməkdi.
Tərdricən unutdum,
get özünçün yaşa bir yerdə.
Bir yolluq unutmaq
dedilər qətlə yetirməkdi…
Dünya əl uzatmışlara
əsla ətəyin verməz!
Ən yaxşısı gün qarşılamaqdı,
gün ötürməkdi
Elvin Paşadan gözləmə divanəlik, ey Leyli
Fikrim səni fikrimdə,
xəyalımda bitirməkdi…!
***
 
İnqilabın kölgəsində
günəş çıxana qədərdi sərinlik.
Sərinlik ən qısa aramlıqdı.
Özünə dönmək də,
özünə əl uzatmaqdan keçir.
Bütün sevgilərin başlamağı
bircə salamlıqdı.
Bütün hərəkətlərin əvvəli qalxmaqdan keçir
Bütün aydınlıqlar aldanır
günəşin düşmə bucağına.
Səndən düşən işığın rənginə inan,
Nəmli dəsmal basma
günəşin görsənməyən dodağına.
Yalan vədlər ağızdan çıxan kimi
Yöndəmsiz həndəsi fiqura dönür.
Yalnız həqiqətlərdi düz bucaqlı,
Susduqca sözün özü də qula dönür.
Bükülmüş dizləri dərd yeyir,
pas atmış əllərdə dualar da dəmirləşir
Vicdan deyingən olur zamanla
Gedib çatmır oturaq dualar
Ən gözəl dualar da tənbəlləşir.
Arzular quru çörəyə dönür
Ömür də uzanır qəbirə tərəf
Nəfəs də gedir gəlmir,
dil də ağızdan küsür,
Cavablar Allahla dilləşir
Kölgə həqiqəti öz rəngində göstərə bilən yeganə qaranlıqdı.
Günəş də ən böyük mayak deyil,
Ulduzlar da əl çatan uzaqlıqdı.
İNŞİRAH
 
And olsun köksünü geniş qıldığın kəsə
Birdən içimi ölüm qorxusu bürüyür.
Dönüb sən ola biləydim təki
Ölüm bəlkə də cazibə qüvvəsidi
adamı yerə çəkir…
Bir səs fısıldanır qulağıma- küləkdə
Yaşadıqlarımdı öz oxu ətrafında fırlanır başıma
Varam, varam
– Günahkar olma
bir adam çıxır yaddaşımdan
Dayanıb addımını sayıram
Peşmanlıqdan əyilirəm “vav” kimi
Alnımı torpağa qoyuram
“Çətindi” “çətindi” zikri
edir dilim
Özüm öz sözümü kəsirəm
Əlimi buraxanlardan küsürəm
Qulağım bir səs alır müəzzindən
-İnnə məal usri yusrən
İçimdə “Sur” çalınıb
Yenə həmin səsdi qulağımda- əmr edir
Onurğandan qırıl düş səcdəyə
Yaşa bu eşqi, qayna bu qapıda- Qovrul
Rahatlıq olmayan yerdə dincəlmə
boş qalma, yoruldun qalx,
yenə yorul…
Elvin Paşa

Bizi Telegram-da oxuyun.