Sentyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

“Bu dünyanın qara daşı…” – Üç şairin qələmində…

Yazarbaycan.az Azərbaycan ədəbiyyatının üç nəhəng imzasının eyni mövzuda işlədiyi şeirləri təqdim edir:

 

BU DÜNYANIN QARA DAŞI GÖYƏRMƏZ


Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi…
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.

Musa Yaqub

 

 

GÖYƏRDİ
 
“Bu dünyanın qara daşı göyərməz.”
Musa Yaqub
 
Musa Yaqub, gözü yolda Təbrizin,
Gözlərinin qara yaşı göyərdi.
Göyərmədi istədiyi bircə dən,
Savalanın qara daşı göyərdi.
 
Bu dünyanı hörümçəkdən almışıq,
İlməsini kim atdı bu yanlışın,
Dedim barı düz toxuyaq qalmışı,
Önümdəcə neçə naşı göyərdi.
 
Kim işığı ürəklərə doğrayar,
Kim işığı ürəklərdən oğrayar,
Kim yalanı calaq vurdu doğruya,
Hər şivindən oğrubaşı göyərdi.
 
Çox gözlü var torpağına kor baxır,
Dan yerinə bəbəyində tor baxır.
Yüz də çevir, min də ələ torpağı,
Namərdinən mərd yanaşı göyərdi.
 
Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.
 
Pitsunda, avqust 1981
Məmməd Araz
 
GÖYƏRƏR.
 
Dərin-dərin dəryalardan dərd dərin,
Bükə bilər dizlərini dərd nərin.
Kəsə bilsək yollarını dərdlərin,
Bu dünyanın qara daşı göyərər.
 
Arzu sonsuz,ömür qısa,gün qısa,
Nahaq yerdən qoy batmasın göz yasa.
Daş ürəkli insafsızlar olmasa,
Bu dünyanin qara daşı göyərər.
 
Təpərini taleyinlə açarsan,
Tilsimləri kamalınla açarsan.
Ağlar gözü güldürməyi bacarsan,
Bu dünyanin qara daşı göyərər.
 
Dağ başında arxa bilib qar qarı,
Zirvələrə yaxın qoymaz baharı.
Şahmarlardan seçən olsa Şahmarı
Bu dünyanin qara daşı göyərər…
Şahmar Ələkbərzadə

Bizi Telegram-da oxuyun.