
YazarBaycan.az saytı öz ənənəsinə uyğun olaraq gənc istedadları oxuculara təqdim etməkdə davam edir. Bu dəfəki qonağımız gənc şair Əjdər Məlikdir.
“Məhbusdan oğluna məktub”
Salam, oğul, necəsən ?
Bilmirəm nə soruşum ,
heç bilmirəm nə yazım
Yaz ki, bilim necədir,
üzünü görmədiyim
yeni doğulmuş qızım
Bir az özün haqda yaz,
yaz məktəbə soyuqda
necə geyinməyindən
Yaz ananın hər dəfə
çətinliyə düşəndə
mənə deyinməyindən
Yaz O körpə bacının
kimə oxşamağından ,
necə ağlamağından
Yaz ananın hər dəfə
adımı sayıqlayıb
gecə ağlamağından
Yaz ki, bilim ananın
ətsiz , yağsız olanda
necə olur yeməyi
Necə zəif səslənir
atam hanı deyəndə
işə gedib deməyi
Oxuduğun məktubu,
yer üzündə yerləşən
cəhənnəmdən yazmışam
Yuxumda bircə dəfə
səni görməyim üçün
çarpayımın üstünə
baş hərfini cızmışam
Səndən çox nigaranam,
böyüdükcə düşərsən
başqa cür maraqlara
Yalvarıram, qoşulma,
küçədə oynayarkən avara uşaqlara
Bəlkədə düşünürsən,
məhbus olan bir ata
necə nəsihət edir
mənə düzgün sabahı ?
Unutma ki, həyatda
hər bir insanın olur
utandığı günahı
Yəqin sən də bilirsən,
yaşamalı olacam
beş il məhbus həyatı
Bir də deyim biləsən
çöldə on il qədərdir
buranın bir saatı
“Uşaq evi”
Burda uşaq davaları
“mənim atam güclüdür”
“mənim anam gözəldir”
“atan pisdir” kimi olmur
Burda valideyn sözü
evciy oyunlarındadır
O da ki, daimi olmur
Burda əlifba dərsində
ata, ana sözü olmur
Çünki həmin anlayışın
bu məkanda özü olmur
Bir dəfə dil dərsi idi
Uşaqların biri durub
mücərrədə misal kimi
ana sözün söyləmişdi
Müəllimə donub qalıb
yanlış deyə bilməmişdi
Burda olan uşaqlara
“bunu sənə kim alıbdır?”
“ən çox kimi istəyirsən?”
sualları verilməyir
Burda olan uşaqlara
Ataların yaşı haqda
Çətin məntiq misalları verilməyir
Çünki onlar bilməyirlər
Ata hansı yaşda olur
Çünki onlar bilməyirlər
Ata kimdir, ana kimdir
Onlar üçün ana sözü
Bərk yıxılarkən ağlayan
İki damla yaşda olur
Onda lazım olur ana
göz yaşını silməy üçün
Ana nədir bilməy üçün
yıxılmağı bilməlisən
Bir dəfə də yemək vaxtı
Kiçik uşaqların biri
yeməkləri bəyənmədi
Qışqıraraq xadiməyə
“mən anama söyləyəcəm”
“mən anama söyləyəcəm”
Deyib-deyib ağlayırdı
Amma heçnə deyənmədi
“Sonsuzluq”
Yenə səbəbsiz davalar
yenə əsəblər pozulub
Biz bu uşaqsız evdə
daha uşağlaşmışıq
Uşaq olmayan evdə
böyük də tez hirslənir
Gör eyni bir yataqda
necə uzaqlaşmışıq
İndi, “Səni sevirəm”
daha, adi səslənir
Elə indi, hardasa
Yeni insan doğulur
yeni körpə göz açır
Bəlkə indi anam da
atama dərdli-dərdli
bizim haqda söz açır
Xam xəyallar qurardıq
Deyərdik, ayrılmarıq
Deyərdik, məzarda da
Bir yazılar adımız
İndi uşaqsız evimiz
Məzar kimi soyuqdu
İndi bizi ayırır
olmayan övladımız
Mən ki, belə deyildim
Alnımı dik tutardım
Ümidim ölməzdi heç
Səni “sonsuz” sevirəm
Sözünü söyləyəndə
Sonsuz olacağımız
Ağlıma gəlməzdi heç
“Şərik qoşan eşq”
Uşaqlığımdan beləyəm
Yaraları qaşıyıram, qaşıyıram
Qan çıxır
Heç üzülmə, mən yaxşıyam
Xatirəni daşıyıram, daşıyıram
Can çıxır
Bir gün bütün məhəbbətlər
Bizimki tək, ayrılığa
Tuş gəlir
Bitir şərik qoşan bu eşq
Canım çıxır, Allaha da
Xoş gəlir
“Pravoslav kilsəsi”
İndi mənim otağım Pravoslav kilsəsinə bənzəyir
Sənin şəkillərini ikon kimi düzmüşəm
Sənə qürurum ilə ibadət eyləyirəm
Əyirəm qürurumu rəsminin qabağında
Ən sonuncu şəkildən, durub mənə baxırsan
Müqəddəs Məryəm kimi
Yandırıram ömrümü şəkillərin önündə
Kilsələrdə Məryəmə,işıq salan şam kimi
Göz yaşımı toplayıb, üz boyanın qabında
“Xaç suyu” tək yığmışam
Hər doğulan ümidi yuyuram xaç suyunda
Elə ki, darıxmağın zəngi çalındı birdən
Otağımda diz atıb rəsminin qabağında
Aciz-aciz dayanıb duaya başlayıram
“Sən,mən və müqəddəs eşq naminə”
Qayıt gəl
Fələstinli körpəyə
Salam, sonuncu mərmidən
sağ qalmış körpə
Bu gün taleyimdən
şikayətlənmək istəyərkən
sən yadıma düşdün
Qaldığın daxmanın
üstünə düşən mərmi kimi
Bu gün qonşudakı uşağın
ad günü hədiyyəsi üçün
az qala ürəyi partlamışdı
Sənin ilk ad günündə
səmada fişənglər əvəzinə
mərmilər partladığı kimi
Sağ cibimdən itirdiyim
pul üçün qanım qaralanda
İki yaşında itirdiyin
sağ ayağın yadıma düşdü,
dilim qısaldı
Partlayan evinizin alovundan
yanıb qısalan saçların kimi
Bir gün sevgilisindən
ayrılmış gənclərin intihar istəyi
Ananı itirərkən yanağından axan
iki damlada boğulub öləcək
Bir gün bütün mərmilər
səndən üzr istəyəcək
Bizim Tanrıdan xoşbəxtlik istədiyimiz kimi
Bir gün bütün baş daşları
bacının olmayan məzarından utanacaq
Bizim sevgi etirafı edərkən utandığımız kimi
Bir gün bacını itirərkən atanın çəkdiyi fəryad
Yatarkən körpəsinin səsindən oyanıb deyinən
ataların səsini batıracaq
Bir gün iftar süfrəsində təngiyən nəfəsimiz
Partlayışdan qaçarkən aldığın nəfəsindən
utanıb, əbədi dayanacaq
Bir gün vəhdət deyən bütün dillər
Ana dediyin dilindən qısa olacaq
Bir gün bütün ümmət sənə
“Bizi bağışlama” deyib yalvaracaq
Sən isə bizi bağışlayıb, cəzalandıracaqsan.
Əjdər Məlik
Oxşar yazılar
Təsadüf… (Aleksandr Qrin) – Araz Gündüzün tərcüməsində
Uzan Andayın yerində, Mən o yeri boş görməyim!.. – Eldar Baxış
“Ruhun ac olmağı daha çətindi…” – Firdovsi Rəsul