Sentyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

“Ramil bəy həyatını bizim uğrumuzda riskə atmış adamdır. Nəinki hekayə, bir roman məndən!..” – SORĞU

 

Bildiyiniz kimi bu günlərdə Yazarbaycan az saytı “Ramil Səfərov” mövzusunda ədəbi müsabiqə elan etmişdir.
 
Müsabiqənin mövzusunun “Müharibələr – Qarabağ Müharibəsi – Ramil Səfərov” olmasının səbəbi son günlər cəmiyyətdə Ramil Səfərova qarşı əks fikirlər yaratma cəhdi, “erməni dəyirmanına su tökmək” istəyənlərin sayının artmasıdır. Atdığımız addımın doğruluğuna bir daha əmin olmaq üçün qələm adamlarının fikirlərini aldıq:

 

Unutmaq lazım deyil ki bizim milli, mənəvi dəyərlərimiz, vətənimizin şərəfi, namusu Ramil kimi oğulların hesabına yaşayır. Belə oğullar ən layiqli əsərlərin qəhrəmanına çevrilməlidir! Özü də yüksək səviyyədə. Yeri gəlmişkən, əlimdə işlədiyim yeni romanım qazilərimizin həyatıyla bağlıdır. Yəni bu mövzu mənə doğmadır. Iştirakçılara uğur diləyirəm!

Zahid Sarıtorpaq

 

Müsabiqəni dəstəkləyirəm. Hərəyə bir düşmən öldürmək özü də bir qəhrəmanlıqdır. Ramil Səfərov məcburi köçkündür, torpağını itirmiş, erməni vəhşətini gözləri ilə görmüş biridir. Müsabiqənin təşkilatçılarını, bütövlükdə YazarBaycan.az kollektivini təqdir edir və alqışlayıram.

Ayaz Arabaçı

 

Yazarbaycan az saytının “Ramil Səfərov” mövzusunda ədəbi müsabiqə keçirməsini ancaq alqışlamaq olar. Çünki siyasi mənsubiyyətindən, cinsindən, kimliyindən asılı olmayaraq, bu vətən naminə, bu vətəni sevənlərin, canı, qanı ilə qoruyanların hər birini sevmək, bir az da vicdan borcudur. Ramil Səfərov -deyib yola çıxmaq, Mübariz İbrahimov- deyib qururlanmaq da sevgidəndir. Bu baxımdan saytı yaradanlara, idarə edənlərə ürəkdən VAR OLUN düşür. Müsabiqədə iştirak edən hər kəsə uğurlar diləyirəm!

Vasif Süleyman

 

Ramil bəy həyatını bizim uğrumuzda riskə atmış adamdır. Nəinki hekayə, bir roman məndən!

Aqşin Yenisey

 

Mən ölkədə istər ədəbiyyat , istərsə də digər yaradıcılıq sahəsində keçirilən hər hansı müsabiqənin tərəfdarıyam. Çünki dövlət səviyyəsində keçirilmiş müsabiqələr gerçəyi əks etdirmir,  yəni miqyası göstərə bilmir, qiymətləndirilmə məhdud çərçivədə aparılır. Məsələn, bu yarışları rəsmi qurumları  tanıyan, onların özlərinin tanıdıqları gənclər və yaxud yaradıcı insanlar arasında, müəyyən –  çox  dəqiq kriteriyalar, meyarlar əsasında keçirirlər. Amma indi sosial şəbəkələr, müxtəlif maraq qrupları, aktual mövzular  var ki, onlar rəsmi dairələrin diqqətində deyil və bu tip müsabiqələr günün əsas mənzərəsini əks etdirməyə kömək olur. Yaradıcı mühit dinamik inkişaf etməlidir,dinamik inkişaf üçün də ona mövzu və motivasiya vermək lazımdır. Tez- tez belə bir irad səslənir ki,nə üçün gənclər öz yaradıcılıqlarında Qarabağ mövzusuna diqqət ayırmırlar. Biz göstərməliyik ki,cəmiyyətin özünün bu mövzulara ciddi ehtiyacı var,bu tip müsabiqələr də elə sosial tələbini əks etdirir.

İlhamiyyə Rza

 

Xüsusilə indiki məqamda – zabitimiz Ramil Səfərova qarşı bir para kimliksizlərin hücum etdiyi bir vaxtda Yazarbaycan.az saytının belə bir müsabiqə təşəbbüsü ilə çıxış etməsi təqdirə və təşəkkürə layiqdir.

1994-cü ildə imzalanan atəşkəs sonra uzun illər sürən məğlubiyyət sükutunu Ramil Səfərov sındırdı. Bu bir dönüş nöqtəsi idi. Xalqımızda, gənclərimizdə döyüş ruhu, işğal altındakı torpaqlarımızı güc yolu ilə azad etmək bilinci yenidən oyandı.

Birinci Qarabağ savaşında adını döyüş tariximizə yazmış minlərlə igid oğlullarımız şəhidlərimiz var. Sonrakı dövrdə Ramil Səfərov bu missiyanı fərqli şəkildə davam etdirdi, Azərbaycan xalqının, onun bayrağının şərəfini qorumaq üçün əsl fədakarlıq etdi. Bu gün Azərbaycan xalqı, Azərbaycan gəncliyi Ramil Səfərovu sevir, bu adla fəxr edir.

Bu mənada, Yazarbaycan.az saytının elan etdiyi müsabiqə ümid edirəm ki, ədəbi camiədə maraqla qarşılanacaq. Müsabiqəyə xeyli sayda əsər təqdim olunacaq. İndidən uğurlar arzu edirəm.

Aqil Camal

 

Ədəbiyyat sahəsindəki boşluqlarımızdan biri müsabiqələrin az keçirilməsidir. Belə bir vaxtda Ramil Səfərovun adına müsabiqənin elan edilməsi təqdirəlayiq addımdır. Ümidvaram ki, gələcək illərdə qəhrəmanımızın adını daşıyan müsabiqə özünün dolğunluğu və obyektivliyi ilə seçiləcək. Buna görə münsiflər heyətinin üzərinə böyük iş düşəcək. Eyni zamanda Yazarbaycan.az saytının rəhbərliyinə təşəkkür edirəm.

Azər Qismət

 

Təşkilatçıların ürəklərinin böyüklüyü görmək istədikləri işdən bəllidir. Bu haqda deməyə sözüm çoxdu. Bircə onu deyə bilərəm ki, Ramil Səfərova qarşı qanı və fikriqarışıqların hücumlarının geniş vüsət aldığı bir vaxtda belə bir müsabiqənin həyata keçirilməsini alqışlamaq lazımdır, həm də ayaq üstə.

Fikrimi çox lakonik bildirəcəm: hər şeyi və hamını tənqid eləmək olar, ancaq sənin millətinə olmazın müsibətlətlərini yaşatmış düşmən xalqın nümayəndəsini haqlı olaraq qətlə yetirmiş bir Azərbaycan zabitini tənqid eləmək, mənim aləmimdə, vətənin bir parçasını erməniyə vermək kimi bir şeydir.

Belə həssas müsabiqələrdə mükafat-filan ikinci dərəcəli məqam olsa da, vacibdir. Ramil Səfərov kimi xalq qəhrəmanının adına təşkil edilmiş müsabiqəyə milyonlarla manatın mükafat kimi təyin edilməsini belə, təqdirəlayiq hesab edirəm. Bir xalqın-milyonların heysiyyətını, namusunu, qeyrətini layiqincə çəkmiş və çəkməkdə olan bir zabitin adına təşkil edilmiş müsabiqə gərək milyonluq olsun da, sözün bütün mənalarında. Müsabiqədə münsiflərin kimlərin olacağını bilmirəm, amma çox istərdim ki, o kürsüdə oturanlardan biri məhz Ramil Səfərovun özü olsun…

Taleh Mansur

 

Müharibə mövzusu ədəbiyyatın həmişə diqqətində olub və olacaq. Ramil Səfərov mövzusunda müsabiqə keçirilməsini alqışlayıram. Hesab edirəm ki, bu müsabiqə həm də digər fikirdə olan insanlara tutarlı cavabdır. Şərtlərlə də tanış oldum. Sadəcə yazılacaq hekayələrin ədəbi yükünə daha çox diqqət ayrılmalıdır. Bu müsabiqənin vətənpərvərlik amalından başqa, ədəbiyyatda həvəsləndirmə funksiyası da diqqətə layiqdir. İndidən iştirakçılara müvəffəqiyyət arzu edirəm.

İlham Əziz

 

Gözəl təşəbbüsdür,vətənimizin bütövlüyü uğrunda vəziyyətdən,şəraitdən asılı olmayaraq əlindən gələni edən insanlarımızın təbliği baxımından çox lazımlıdır.Ramil Səfərovun indiki zamanda mənəvi dəstəyə ehtiyacı olduğunu nəzərə alsaq,yerində atılmış addımdır.Bəzi özünü kosmopolit sayanlara anlatmaq lazımdır ki,Ramil millətimizi,bayrağımızı təhqir edənləri düşməni məhv edib.Düşməni məhv etmək bilavasitə hərbçinin vəzifə borcudur.Necə,harda,hansı şəraitdə…bu artıq başqa söhbətin mövzusudur.

Süleyman Abdulla

Yazarbaycan.az saytının vətənimizin qeyrətli oğlu Ramil Səfərov mövzusunda elan etdiyi müsabiqəni alqışlayıram. Bu tarixi zərurətdir. Hesab edirəm ki, hekayə və şeirlərin yarışdığı bu müsabiqə gələcəkdə Ramil Səfərov obrazının daha böyük əsərlərdə yer alacağına həvəs yaradacaq. Bütün iştirakçılara bəri başdan uğurlar arzulayıram, biri- birindən gözəl əsərlər gözləyirəm.
 
Elşən Əzim

 

Düşünürəm ki, ədəbi müsabiqələrin keçirilməsi ümumiyyətlə təqdirəlayiq addımdır, yaradıcı insanlar, xüsusən gənclər üçün stimuldur. Nəzərə alsaq, günümüzdə şairin, yazıçının mətndən qazancı yoxdur, mükafat da onun üçün az önəmli məsələ deyil. Konkret Ramil Səfərovun adıyla bağlı vətənpərvərlik mövzusuna gəlincə, bu müsabiqənin bizə yeni imzalar, yeni nəfəslər qazandıracağına ümid edirəm. Vətən çox ağır mövzudu və bu ağır mövzuda fərqli yazmaq da böyük istedadla yanaşı qeyri-adi sevgi, səmimiyyət tələb edir. Inanıram ki, bu müsabiqədəki mətnlərdə ənənəvi, basmaqəlib mətnlərdən fərqli orijinal yanaşma və üslublarla tanış olacağıq. Bu gün gerçək ağrılarımızı təsvir edən səmimi və bəşəri – dünyaya çıxara biləcəyimiz mətnlər çox azdır. Bu mənada müsabiqədən çox şey gözləyirəm. Iştirakçılara bəribaşdan uğurlar arzulayıram, təşkilatçılara da bu gözəl təşəbbüs üçün minnətdaram.

Rəbiqə Nazimqızı

 

Mübarizəni uduzmaq deyil, çox vaxt təslimiyyət, mübariz olmamaqdı uduzmaq. Fikrimcə muharibə şəraitində yaşayan bir cəmiyyət üçün mübarizəni mənəviyyatda yaratmaq və vətənpərvər ruhun yetişməsinə yardımçı olmaq lazımdır. Bu baxımdan ədəbiyyat da boyuk rol oynayır. Döyüşkən ruhu yaratmaq üçün, istər nəzm istərsə də nəsrr əvəzolunmazdır. Elə vətən də bizim milli mənəvi dəyərlərimizdir. Bu tipli müsabiqələri alqışlayıram, ən azı ona görə ki, qan yaddaşımızı qaysaqlamağa imkan vermir.

Günay Ümid

 

Əvvəla saytınızın bu gözəl təşəbbüsünü alqışlayıram. Vətənpərvərlik, torpaq sevgisi, ana vətən naminə canından keçməyi üstün tutan şəhidlərimiz, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına vuruşan döyüşçülərimiz barədə nə qədər çox və çeşidli mövzularda yazılar yazılarsa bir o qədər təqdirəlayiqdi. Çünki biz müharibə şəraitində yaşayırıq, müvəqqəti olaraq uduzan tərəfik. Amma bu gün də evlərə əsgər tabutları gəlirsə, gənc oğullarımız atəşkəs dövründə şəhid olurlarsa bu savaş hələ bitməyib və qələbə çalacağımız günədək davam edəcəkdir. Dediyim kimi əsgərlərimiz, düşmənlə təmas xəttindəki dinc əhalimiz erməni quldurlarının snayper gülləsinə tuş gəlib ölürlərsə, biz bir xalq olaraq sakit durmamalı və düşmənə alternativ cavablar verməliyik. Harada və hansı məqamda olmağımızdan asılı olmayaraq. Bəli, hərbçi zabitimiz Ramil Səfərov da Azərbaycan bayrağını təhqir edən erməni həmkarını öldürdü. Başqa cür hərəkət də gözləmək olmazdı ondan. Yəni onun yerinə qəlbində Vətən sevgisi, bayraq sevdası olan kim olsaydı məhz Ramil kimi hərəkət edərdi. Bir millət olaraq yumruq kimi birləşməli, bir xalq kimi ayağa qalxmalı, düşməni vurmalıyıq. Ramil Səfərli həqiqətən Azərbaycan xalqının qəhrəman oğullarından biridir. Vuran qolu yorulmasın, qəlbindəki vətən atəşi sönməsin, qələbəmiz onun kimi oğullarımızdan gəlsin. Haydı igidlərimiz, düşmən üstünə!

Əntiqə Qonaq

 

Bu günlərdə yenidən Ramil Səfərov barəsində söhbətlər səngimək bilmir. Ramil Səfərov qəhrəmandır. Düşmən öldürüb. Qeyd edim ki, yatanda öldürməyib. Yəni, hər şey qəhrəmana yaraşacaq səviyyədə olub. Əks fikirdə olan insanlar ya məlumatsızdırlar, ya da bilərəkdən belə edirlər. Həqiqəti gizlətmək olmur. Əslində hər kəs Ramilin igidliyindən xəbərdardır. Yazarbaycan saytına uğurlar diləyirəm. Əgər yaza bilsəm, mən də hekayə göndərəcəyəm. Var olun…

Nemət  Mətin

 

 

Əminəm və sizi əmin edirəm ki,bu müsabiqədə qalib,heç bir dosta,tanışa zəngə görə seçilməyəcək,istedadınızı sərgiləmək üçün ən təmiz meydandır.İştirak etmək lazımdır ki,bir gün,sözdə deyil,əməldə də nəyə qadir olduğumuzu sübut edək.Aydın Arslanın vətəndaş mövqeyini və niyyətini alqışlayıram.

Mənsur Həsənzadə

Bizi Telegram-da oxuyun.