Sentyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

“Gözümü yumub açdım, Gün batdı, ömür keçdi…” – Fikrət Sadıq , 90 yaş

 

Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur.

Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir . Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet Ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır . Ədəbi fəaliyyətə tələbəlik illərində, universitet nəşriyyatının buraxdığı “Gənclik nəğmələri” almanaxında dərc etdirdiyi “Artist” və “Ana əli” şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl edir. “Yumaq top”, “Bir parça vətən”, “Oğul” pyesləri, “Xırdaca gəlin”, “Daş balkon”, “İlk məhəbbət haqqında daha bir hekayə” və s. onun qələminin bəhrəsidir .

Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur .

Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur .

Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, “Əməkdə igidliyə görə” medalı ilə (1986) təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləmişdir (1975-ci ildən). Prezidentin fəxri təqaüdçüsü olmuşdur.

16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat edib.

 

Belə dünyanı neynirəm

 

Hər yerdə yol, kəsir yolu,

Belə dünyanı neynirəm.

Yolu, yolkəsənlə dolu,

Belə dünyanı neynirəm.

 

Adamları ikiüzlü,

Dili teyxa haça sözlü.

Üstü açıq, altı gizli,

Belə dünyanı neynirəm.

 

Otları var, acı-şirin,

Məskənidir xeyrin-şərin.

Addamacıdır bəşərin,

Belə dünyanı neynirəm.

 

Yolçu-yolda necə olar?

Günü, gündüz-gecə olar.

Yol qurtarar, o, heç olar,

Belə dünyanı neynirəm.

 

Səfası çox, vəfası yox!

Cəzası çox, səfası yox!

Qadağa çox, rəvası yox!

Belə dünyanı neynirəm.

 

Haqqdır demir, düz deyənə,

İşıq vermir gözləyənə.

Şərikdir hər söz deyənə,

Belə dünyanı neynirəm.

 

Bu gəraylı – yeddibənddi!

Birər dərddi, hər bir bəndi.

Bu açılmaz qıfılbəndi,

Belə dünyanı neynirəm.

 

 

Bakı 2015

 

 

 

 

 

Dünya

 

Cavabsız bir tapmaca,

Ən çətin sual, dünya.

Gah ciddi, gah sərgərdan,

Ey, hərdəmxəyal – dünya.

 

Torpaqsan sən, susan sən,

Heç bilmirəm nəsən sən?

Hər gün bir rəngdəsən sən,

Mavi, sarı, al – dünya.

 

Göydən gələn atmaca,

Tor hörürsən astaca.

Sürəcək nə vaxtacan,

Bunca cəh-cəlal dünya?!

 

Gəl, gör acıyıb xamır,

Hər kəs səndən pay umur.

Aldat bizi, dinməz dur,

Kar, kor dünya, lal dünya!

 

Baxıblar gərdişinə,

Sənə deyiblər – “heç nə”.

Indi, dur get işinə!

Öz qeydinə qal, dünya!

 

Söndü əzablı günlər,

Acı, şirin sevgilər.

Kim ağlayar, kim gülər,

Sən versən macal, dünya!

 

Sən ağ daş, sən qara daş,

Oğruya tay, arxadaş.

Varlıya dost, ya qardaş,

Kasıba zaval dünya.

 

Sənindir alqış, qarğış,

Ikiüzlüsən yay-qış.

Dibi çürük, yıpranmış,

Qədimi çuval – dünya.

 

 

Şeirin tozu

 

Hardandı bu qədər – toz,

Tutub düzü-dünyanı.

Bu hər gün gördüyümüz,

Dost-doğma tozdur, yəni?

 

Döşəmə də, tavan da,

Yaxşı baxsan, hər yan – toz.

O ağır, uca dağın,

O məğrur, sərt qayan – toz.

 

O çökmüş imarətlər,

O batmış şəhərlər – toz.

Ölüb dirilmiş günlər,

Axşamlar, səhərlər – toz.

 

Zəlzələlər, yanğınlar,

Cəm döyüşlərin izi.

Qalanıb tarix  olmuş,

Bütün işlərin izi.

 

Bağların tül örtüsü,

Dağların çəni, sisi.

Ulduzların həsrəti,

Günün, ayın haləsi.

 

Torpağa səpələnib,

Yaz tozu, qış tozu da.

Daşda naxış-naxışdı,

Külək, yağış tozu da.

 

Evin künc-bucaqları,

Şəkillər, kitablar – toz.

Xatirələr, sevgilər,

Çəkilən əzablar – toz.

 

Nə qədər bükük, qırış,

Ümman qapı-pəncərə.

Çox gizli arakəsmə,

Xeyli palaz-xəlçələr.

 

Zərrə, buta, yarpaqlar,

Güllər, çiçəklər tozdur

Qumlu, daşlı torpaqlar,

 

 

 

85-im

 

Səksən beş, on beş deyil,

Bütöv, uzun ömürdü.

Ağacdı yandı, söndü,

Indi quru kömürdü.

 

Gənc ikən gözəl olub,

Lap indi də gözəldi.

Yarpaq, yarpaqdı onda,

İndi teyxa xəzəldi.

 

Gözün şövqü korşalıb,

Qulağı duymur hənir.

Özü evdə danışır,

Səsi həyətdən gəlir.

 

Üzü, gözü qırışdı,

Bunlar, ötən illərmiş.

Ötən dərdlərlə birgə,

Bütün fəsillər imiş.

 

Qəlbində qar var hələ,

Əli-ayağı qışdı.

Kövrəlt, göz yaşına bax!

Kövrək, isti yağışdı.

 

Səksən beş, rəqəm deyil,

Özü boyda, dərddi bu.

Əvəllər uşaq idim,

Yenə də uşaq oldum.

 

Yaman tələsdi zaman,

Səksən beş – səksən beşdi.

Gözümü yumub açdım,

Gün batdı, ömür keçdi.

 

 

Payız 2015

 

Son

 

Vaxt yetişdi, yarpaq düşdü,ömür adlı müddətə son!

Bu dünyada yaşamaqdan şirin dadlı adətə son!

 

Səhrada gül bitirən – bu! sudan işıq olan da – bu!

Daşı sıxıb, od çıxaran fövqəladi qüdrətə son!

 

Qılıqlıdır, bir kəpənək qanadından incə, zərif,

Qəzəbindən qaya çökən sarsılmayan hiddətə son!

 

Bir külüngün tişəsiylə  dağ çapan bir məhəbbətə,

Dağ çayını bir sözüylə əyləyən sərt nifrətə son!

 

Bu al-əlvan dağı-düzü əziz, ülvi təbiətə,

Yerdən doyub, yorulmayan, göyə qalxan həsrətə son!

 

Nə qədər ki, sağsan varsan, adın soyuq çəkilsə də,

Çalış ölmə, öldün yoxsan, öldün şeirə, sənətə son!

 

Dünya baqi, məkrli bir küpəgirən qarı kimi…

Çox Fikrətlər gəlib-gedib, bu gün də bir Fikrətə son!

 

 

 

May 2014

Bizi Telegram-da oxuyun.