Sentyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Anladım ki, ömrüm çin olub yuxuda… – Xəyyam Rəfili

***

 

Dünyanı seyr edirəm,

Kor quyunun dibindən.

Qara qoçun belindən,

İsgəndərin neyindən,

Yusifin köynəyindən,

Sizə xəbər verəcəm.

İki əlli yapışıb,

Fələyin kəndirindən,

Quyudan çıxa bilsəm,

Sizə şeir deyəcəm.

 

 

***

 

Su kimi axır həyat.
Damla-damla qovuşub günlərimiz,
Bir dənizə çevrilir
səndən, məndən xəbərsiz.
Ləpələri aylarımız, dalğaları illərimiz.

 

Hələ neçə damla düşəcək ömrümüzdən?
Neçə-neçə ləpələr
dönəcək dalğalara,
Çırpılmaqçün xatirə qayalara.
Hər damla bir xatirə,
hər xatirə bir damla.

 

Və bir gün o damlalar
önümüzə düzüləcək.
Bircə-bircə keçəcək gözümüzdən.
Sonuncu damlası dup-duru olanadək.
Siləcək gözümüzün önündəki ləkəni,
Yəqin edəcək dünyadakı hər “bəlkəni”.

 

O gün üzlər güləcək.
O gün əllər, ayaqlar, dizlər də sevinəcək.
Gündə on yeddi dəfə
Torpağa dəydi deyə.

 

 

***

 

Bu gün yenə darıxıram.
Uzaqda bir it hürür,
Yəqin rəngi qaradı.
Gecənin bu vaxtında
ağ it niyə hürsün ki?..

Pəncərəmdən qaranlıqda görünməyən
dənizə tərəf baxıram.
Bilirəm…
Mən onu görməsəm də
O məni mütləq görür.
Elə ən çox da Ondan qorxuram.

 

 

***

 

O gün səni görmüşdüm, yuxuda.
Saçlarını iki yerdən hörmüşdün
Biri uzun, biri qısa.
Hələ at da çapırdın üzü yoxuşa.
Gözəl idi yoxuş da, at da, yuxu da.

 

Yoxuşda bir bulaq vardı
Qoca çinarın lap altında.
Sən də ordan su içdin,
At da, yuxu da.

 

Sonra bulaq qurudu,
Elə qoca çinar da.
At da yox oldu birdən.
Biri uzun, biri qısa hörüklərin
Bir cüt qanad oldular,
Səni alıb uzun tərəfə uçdular.

 

O viranə yuxuda tək qalanda,
Sağım solum qap-qaranlıq olanda,
Hər əlimi atdıqca bir boşluğu tutanda,
Anladım ki, ömrüm çin olub yuxuda.

 

***

 

Beynim qarət olunmuş ev kimidi,
Xatirələr ayaq altda səpələnib.
Alnımda oğrunun ayaq izləri,
Bir şey tapa bilməyib qapımı təpikləyib.
Görən hirsi soyuyubmu?
Mənə əzab verən ömür
Onu rahat qoyubmu?

 

Adam bir öyrənər
Nəyi var, nə qədərdi?
Bütün varı dövləti bəlkə quru kədərdi.

 

***

 

O qədər yorğunam ki,
Bir təpənin başında,
Bir ağacın altında,
Uzanıb yata bilsəm
Dünyanın ən xoşbəxt yorğunu ollam.
İmkan olsa qəbrimi də o ağacın altında qazın.
Üstünə də
“səs salmayın burda yatan var” yazın.

 

 

***

 

Əlində çayın soyuyar, sinəndə ürəyin.

Ona deyə bilmədiyin sözlərin

Daşa dönüb lənət kimi ürəyinə tökülər.

Otaqlarda onu gəzib yastığını qoxlarsan,

Daşla dolu ürəyi gəzdirməkdən yorularsan.

Uzağımı görmürsən?

Yaxınımı duymursan?

Anlamazsan.

 

Dua kimi əzbərləyib bir sözü,

Təkrar-təkrar sayıqlarsan:

“Gəl çayımı dəyiş, gəl çayımı dəyiş”.

Darıxarsan, darıxarsan, darıxarsan…

 

 

***

 

Bir dost axtarıram əlimdə çıraq,

Bütün sirlərimi deyəcəm ona.

Görüm ki, bu yükü kim daşıyacaq,

Kim dözə biləcək mən yaşayana.

 

Bir dost axtarıram dostu olmasın,

O dağ başındakı tək ağac kimi.

Dərdini sərini soran olmasın,

Sirrim qalsın onda bir saxlanc kimi.

 

Ya qara daş kimi bir dostum olsun,

Bağrımın başında gəzdirim onu.

Sonda da qara daş başdaşım olsun,

Ah! Nə gözəldi nağılımın sonu.

 

 

***

 

Gəl yenidən görüşək, təzələyək sevgimizi.

İstəyirsən bir az naz da elə mənə,

Görüşümə tələsmə, zəngimə cavab vermə,

Lap istəsən hərdən salam da alma, vermə.

Özünü bilməzliyə vur, məni görmə,

Amma bircə görüşünü ləngitmə.

Və… getmə…

 

Gəl yenidən görüşək,

Sənə ilk dəfə kimi “Sevirəm” deyim,

Həyəcandan tərləyim, ürəyimi yeyim.

Yeniyetmələr kimi sevək bir-birimizi,

Unudaq hər şeyi, bu günü, keçmişimizi,

Görək hara aparacaq bu dəli sevda bizi?

Gəl görüşək, öldürməyək sevgimizi!

 

Xəyyam Rəfili

 

 

 

 

 

 

Bizi Telegram-da oxuyun.