
Mənzumə
2011-in oktyabrı,
anam yaddaşını itirmişdi,
heç kəsi üzdən tanımırdı,
pəncərənin o üzündə yağış yağırdı,
mən siqaret çəkmək üçün həyətə düşdüm.
2011-in payızı,
soyuq idi,
anam yaddaşını itirmişdi,
heç kəsi üzdən tanımırdı,
pəncərənin o üzündə yağış yağırdı,
mən siqaret çəkmək üçün həyətə düşmüş idim
və qayıtmış idim anam olan otağa.
2011-in oktyabrı,
yağış da yağırdı,
son günlər anam yaddaşını itirmişdi,
heç kəsi üzdən tanımırdı,
mənə baxıb susurdu,
mən də ona susurdum,
biz, bir-birimizə baxıb ucadan susurduq.
Siqaret çəkmək üçün həyətə düşmüş idim,
daha sonra qayıtmış idim anam yatan otağa.
Və qəflətən sükut pozuldu,
mənə baxıb gileyli səslə dilləndi:
“Noolar, gecələr get o Şəhriyarı yolux, yatanda üstünü açır…”
Şəhriyar Del Gerani
Oxşar yazılar
Anladım ki, ömrüm çin olub yuxuda… – Xəyyam Rəfili
Baş tutmayan görüş… – Zamiq Abdullayev
Öldüyümün onuncu günü … – Aysel Fikrət yazır