Aprel 23, 2021

Yazarbaycan

Milli Yazarların Portalı

“Ruhun ac olmağı daha çətindi…” – Firdovsi Rəsul

 

Firdovsi Rəsulov 1986-cı il Bakıda anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət Dillər universitetinin Filologiya fakültəsini bitirib. Tələbəlik illərində universitetin Poliglot qəzetində şeirləri çap olunub.

2011-ci ildə “Apardı Xəzərin sahili səni” adlı ilk kitabı  çapdan çıxıb. Mütəmadi olaraq şeirləri “Ulduz” jurnalında, “Ədəbiyyat” və “ Oxu məni “ qəzetlərində dərc olunur.2019-cu ildə keçirilən “Nəsimi” festivalının qaliblərindəndir. 2016-cı ildən etibarən “Söz” ədəbi layihəsinin iştirakçısı, 2017-ci ildə Arb telekanalında keçirilən “Xalqın şairi” müsabiqəsinin finalçısıdır.

Yeni nəşr olunmuş kitab “Gülümsə” adlı  TEAS Press- Nəşriyyat evinə məxsusdu, Türkiyədə çap edilib.

 

Mən oruc tutmusam

 

Mən oruc tutmuşam mənə toxunma

Ruhum da, qəlbim də orucdu indi.

Qarnın ac olmağı dözüləsidi,

Ruhun ac olmağı daha çətindi.

 

 

Vicdanım nəfsimlə mübarizədə,

Bəlkə günahkaram, deyə bilmərəm.

Mən oruc tutmuşam ölənə kimi

Heç kimin haqqını yeyə bilmərəm.

 

Allah imtahana çəkir bəndəsin

Əməl et o bilib hər nə deyibsə.

Alnında möhürün izi neyləsin,

Şeytan ürəyini möhürləyibsə.

 

Mən oruc tutmuşam gözlərimlə də.

Ən aciz birinə yan baxa bilməz.

İlahi, dünyanın sirrin aç mənə,

Məndən bu dünyada söz çıxa bilməz.

 

Mən oruc tutmuşam əllərimlə də,

Ruhuma yayılıb haram qorxusu.

Mənim orucumu aça bilərmi

Bir xurma qurusu, bir stəkan su.

 

Afrikalı zənci susuz can verir,

Suriyalı uşaq qalıb yalavac.

Allah, ac gözlərin gözünü doydur,

Bütün kasıbların orucunu aç.

 

Karantinin 19-cu günü

 

Bütün şəhər yuxulu

Hamı təlaş işində

Ölüm gəzir dünyanı ev-ev, küçəbəküçə

Dənizlərin, dağların üstündən keçə-keçə

Heç belə görmüşdünmü Bakını?

Yaşı 65-i keçən süpürgəçi analar

Tərk etdi sevdiyi küçələrini.

Bu xəstəlik adam-adam alır canı

Bəlkə elə yol-irizdə maşın vuran,

Üzlərini bağlayan anaların ahı tutdu dünyanı

Dərmanladılar şəhərin hər küçəsin, hər tinin

Indi bizim sağlığımız

Canı bahasınadı bütün göyərçinlərin

Biz evdə qaldıqca metrolar yeraltı keçidə döndü,

Evlər məscidə döndü.

Hər evdə bir dua var,

Göyə atılan mərmi tək qayıdır, yerə düşür,

Vaxtında, zamanında edilməyən dualar.

Hər şey dəyişdi beləcə

Bircə günəş əvvəlki tək doğur,batır

Mən deyəndə inanmırdın

3-5 günlük dünyadı

Amma qorxma!

Həkimlər dünyanı xilas edəcək

Mən hələ də maskasızam, əlcəksizəm

Sən necəsən bilmirəm.

Necə keçir karantinin 19-cu günü?

Sən mənə baxma, amma

Qoru özünü!

 

 

Sökdülər sən getdiyin qatar relslərini

 

Nələr, nələr dəyişdi
Sən gedəndən, bəlkə də
Xəbərin olmaz sənin
Adını dəyişdilər qaldığınız küçənin.

 

Indi gül dükanıdı
səni yola saldığım o köhnə dayanacaq.
Təki qayıt yenə sən
Bir gül hədiyyə məndən .

 

Sən gedəndə ömrümdən
Baxdım sənin dalınca, hey düşünə-düşünə
Necə göz-görə-görə
Göz yumdum gedişinə?

 

Ölüm elə hər şeyə göz yummaqdı deyəsən
Gözləri açıq qalır
Insan öləndə bəzən.

 

Bu gecə otağımda saatı geri çəkdim
Təqvimləri çevirdim
Ta o günki tarixə,
Hansı günlər kisəni
Gün-gün, saatbasaat
Daha da çox sevirdim.

 

Təqvimləri aybaay ilbəil, bir-birinin

üzərinə aşırdım.
Zaman səyahətiylə,
Sənə yaxınlaşırdım.

 

Bu gün məktublarını oxudum hərif-hərif.
Söz-söz, cümləbəcümlə
Yalnız səni düşündüm,
Bütün xəyal gücümlə.

 

Bircə qatar yoluydu
Sonuncu güman kimi.
Sən qayıdasan deyə
Döşənmişdi o gündən
Yola nərdivan kimi.

 

İndi bilmirəm daha
Harda gözləyim səni.
Sökdülər sən getdiyin
Qatar relslərini…

 

 

Gülümsə

 

Sənin bu sevgidə gördüyün nədir?

Təzə ayaq açan körpə uşaqsan.

Dağ boyda sevgilər əriyib gedir,

Demə unutmaram, unudacaqsan.

 

Gedən çıxar gedər, nə küs, nə darıx

Gələr bir özgəsi tutar yerini

Dünyanın qapısı, pəncərəsi yox

Açıb çağırasan gedənlərini

 

Əbədi kim var ki, hamı qonaqdı

Nə həsrətə əyil, nə qəmə əyil.

Nə olsun sonuncu dayanacaqdı

Qatar axırıncı qatar ki deyil.

 

Demə ki, o getdi yol çəkir gözüm,

Demə ki, xoşbəxtlik geri qalandı.

Ağrı bir tərəfli olmur, əzizim

Elə unudan da unudulandı.

 

Üfür ürəyinin yanğısın soyut,

Bu cavan, bu gözəl ömrünə qıyma.

Onu bu gün unut, lap indi unut

Bu günün işini sabaha qoyma.

 

Güvən inadına, güvən ağlına

Bir azca toparlan, düzələcəksən.

Kürək söykəməyin nə faydası var,

Ayağın torpaqdan üzüləcəksə.

 

Səni unudana könül bağlama,

Darıxma, döyəcək qapını kimsə

Gedənin dalınca baxıb ağlama.

Bizi Telegram-da oxuyun.