Aprel 23, 2021

Yazarbaycan

Milli Yazarların Portalı

Elvirdən sizə açıqca var…

 

Açıqca
 
Tən ortasıdı gecənin,
Nə xeyri bu heç-heçənin?!
İndi qayıtsan küçənin,
Qara daşı da gül açar.
 
Pəncərəm tutulub aha,
Kor qaravulçudur daha.
Çırpdığın qapı vardı ha,
İndi yel döyər, yel açar.
 
Aramız – bir əlçatımı,
Hərəmiz bir gün batımı…
Yoxluğun Allah qatı’mı?!
Adam nə qədər əl açar…
 
Qürurdu da, ha uca tut,
Göydən enmir hansı bulud?!
Yetim böyüyür e sükut,
Bəlkə qayıtsan dil açar.
 
 
Tablo
 
Qoca rəssam
rəng qatmaq üçün gününə,
keçdi lövhənin önünə,
aldı əlinə fırçanı.
Xəyalından ağır-ağır ötən anı,
– gəncliyinin ilki-sonu,
nazını çəkdiyi qızın rəsmini çəkmək istədi.
Əli əsdi…
Qoca rəssam gah yubandı, gah tələsdi.
Dəniz rəngli gözlərini,
qürub çatlı qaşlarını çəkdi qızın.
(Nə rəngarəng bəxti varmış allahsızın)
Axır nəsə,
cizdi incə dodağını,
gülümsətdi əsə-əsə,
Parıldatdı yanağını…
Sonda isə,
saçlarını tən yarıdan ayırmaq istəyirdi ki,
fırça əlindən sürüşdü,
Ah, o qızın alnına qırışlar düşdü…
Qoca durdu,
qoca çaşdı…
Zalım fırça bir qədər də ağırlaşdı,
hələ bir də gül üzünə cığır açdı,
qırış saldı.
Və beləcə bir andaca qız qocaldı…
tez qocaldı…
 
 
Gerçəyin əsli
 
“Saçlar ömrün gün sayıdır”,
Ələlxüsus,
qaraları ağ günlərin,
ağları da qara günlərin payıdır.
 
Adam hər gün bu Dünyanın,
bir başından çıxıb gedir,
gedir…gedir…
o başdan geri qayıdır.
 
Bir ovçudur həyat özü,
Gün-gün hədəfləyir bizi.
bir əldə kədər – oxudur,
bir əldə sevinc – yayıdır…
 
Adam biryolluq bilə ki,
mütləq nisbidir,
belə ki,
– Bütün sərhədsiz xəyallar,
gerçəyin əslilə düzdür.
Çünki mümkünsüz olanı,
xəyal etmək mümkünsüzdür.
Bütün əlçatmaz arzular
elə gerçəyin tayıdır…
 
 
Məktub
 
Səndən bir məktubdu – gözdağı kimi,
Hər qəfil qarşımı kəsməsə olmaz.
Hər gözə dəyəndə buz dağı kimi,
Solumu nəyi var əzməsə, olmaz.
 
Büküb qatlamışam vallah on yerə,
Bu ağ çil göyərçin sülhəcən ölər…
Deyə də bilmirəm özün qon yerə,
Gör sənli məqamda nələr var, nələr.
 
Məktub qoxlamaq da elə şeydi ki,
Qorxursan, küy kimi yayılar birdən.
İlahi, nə günah sahibiydi ki,
Bu sevda asıldı xatirələrdən?!
 
Həm saman çöpüymüş bu məktub iyi,
kəsilsə boğullam…
Bir iş də var ki,
Ürəkdə, beyində bitən bir şeyi,
Kağızda qorumaq nəyə yarar ki?!
 
Bilirəm, ürəyi döndərib daşa,
Necə asansa da ömür-gün sürmək.
Qəlbinə girməklə bir deyil, haşa,
Yanında gedənin qoluna girmək…
 
 
Kənd həsrəti…
 
Bir ulu kənd həsrəti var, ötüşmür,
Xatirələr hay-haraya yetişmir.
Könlümdə bir çapıq qalıb bitişmir,
Uşaqlıqdan bəslədiyim yerdi ha.
 
– böyüklərin bəlkə neçə həftəydi,
Ümidləri lampadakı neftəydi.
Övlad-uşaq özləriyçün kefdəydi;
anlamazdıq məşəqqəti, dərdi ha.
 
Mal qaranı ta axura qatmamış,
Balacalar mürgüləyib yatmamış,
AZTV-də xəbərlərə çatmamış,
İşıqları kəsənlər ay verdi ha…
 
Deyərdilər: “Allah baba baxır a,
Yavanlığın dadı sonda çıxır a!”
Küftələri saxlayardıq axıra,
Bir də gördün qəfil qonaq girdi ha…
 
Allah baba’ buludları sağardi,
Anam bizi dam-bacadan yığardi.
6 nəfər dar otağa sığardi,
İndi boşdu 5 otağın dördü ha…
Elvir Axundov

Bizi Telegram-da oxuyun.