Sentyabr 30, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Baş tutmayan görüş… – Zamiq Abdullayev

 

Baş tutmayan görüş

 

Nənəm Nübar xanımın əziz xatirəsinə

 

Heç vaxt nənəm öləndə ağladığım qədər ağlamamışam. Nə onun ölümündən əvvəl, nə də sonra. Elə bilməyin ki, bu ya ilk, ya da son itki olub. Nənəmdən çox-çox əvvəl iki baba, bir nənə,cavan bir dayı ölümü görmüşdüm uşaqlıq illərimdə. Qohum uşaqların hamısının özünə əl qataraq vay-şüvən qoparıb ağlamalarının fonunda mənim gözümdən yaş çıxmır, ağlaya bilmirdim, yalandan üzümü tutub, özümü ağlayırmış kimi göstərsəm də, içimdə bu saxta “ağlamağın”  kənardan bilinməsi fikri cövlan edir, fikrim ətrafdakı adamlarda qalırdı. Əslində yəqin ki, hiss olunurdu da. Çünki başqa uşaqları qucaqlayıb sakitləşdirməyə çalışan adamlar heç mənə tərəf baxmır, baxanların da gözlərindən “bu uşaq niyə heç nənəsini, babasını, ya dayısını çox istəmir?” ifadəsi oxunurdu. Bəlkə də karın könlündəki məsəli kimi mənə belə gəlirmiş, heç kim mənə fikir də vermirmiş. Bu arada söz düşmüşkən o biri uşaqlardan fərqli olaraq mən gedər, bir deşik tapıb yuyacaqdaki cəsədə baxar, ara sakitləşəndən sonra təəssüratımı uşaqlarla bölüşərdim.

Nənəm öləndə 26 yaşım vardı. Ondan bir neçə il əvvəl çox sevdiyim böyük əmim – Qağam, bir neçə il sonra da atam öldü, ağladım, amma nənəm öləndə ağladığım qədər deyil.

Nənəm öləndə bir başqa ağlamışdım. Hönkürə-hönkürə, hıçqıra-hıçqıra, sinəmi dağlaya-dağlaya. Heç kim görməsin deyə ən xəlvət yerə keçmişdim, doyunca ağlamışdım. Yox doymamışdım ağlamaqdan. Nənəmgilə qonşu qadınlardan biri gəlib üstümə təpinmişdi, danlamışdı, birtəhər sakitləşdirmişdi məni.

Evin tək oğlu olmuşam. Altı-yeddi yaşa qədər nənəmgillə bir evdə yaşamışıq, sonra da cəmi 200 metr aralı öz evimizə köçmüşük. Mən uşaq olandan nənəm məni xüsusi olaraq çox istəyib, ərköyün böyüdürmüş. Mənim əlimlə çatanı söydürməkdən, yetəni döydürməkdən həzz alırmış. Öz evimizə köçəndən sonra atam xeyli əziyyət çəkib ağzımı söyüşlərdən “təmizləməyə” görə. Mən də nənəmi çox istəyirdim. Nənəmi çox istəməyin təsirilə bütün ata qohumlarımı çox istəyirdim. İnsafən onlar da məni nəslin bütün uşaqlarından, nəvələrindən fərqli tutur, xüsusi nəvaziş, sevgi göstərirdilər. Üç-dörd yaşım olandan məndən nə az, nə çox 50 yaş böyük əmimlə ova gedir, dostlarıyla, qonaqlarıyla qurduqları məclislərin başında oturardım. Hələ arağın da tamını elə o vaxtlar mənə içirtdikləri 5-10 qramın təsiriylə bilmişəm. Böyük əmiuşaqları, bibiuşaqları məni özləriylə hər tədbirə, hər əyləncəyə aparar, tay-tuş olanları hər sözümlə hesablaşardı. Əvəzində mən də bütün ata qohumlarımı sadəcə çox istəyirdim, lap çox. O qədər çox istəyirdim ki, zəhmətkeş, mehriban, qayğıkeş insanlar olan ana nənə-babama, bütün ana qohumlarıma,uşağına da, böyüyünə də nifrət edirdim. Söyürdüm, dalaşırdım…

Hətta yadımdadı əmimoğluyla tay-tuş, həmin dövrlərdə qolunun zoruyla məşhuri-cahan kiçik dayım məni cırnatmaq üçün “sənin əminoğlunu sual işarəsinə döndərərəm” dediyinə görə öz evlərinin içində, süfrələrinin başındaca dayımın anasına söyüb, gecənin qaranlığından, cindən-şəyatindən, itdən-pişikdən qorxmadan yol almışdım nənəmgilə sarı. Mən, altı yaşlı uşaq. Xoşbəxtlikdən atamgil yolda gəlib çatmışdı mənə.

Nənəmgildən ayrılıb öz evimizdə yaşasaq da günün çoxunu baba məhləmizdə keçirir, gündə bir neçə dəfə nənəmi yoxlamağa gedirdim. Amma gündə yüz dəfə o qapıya girsəm də, bir dəfə olsa belə xəbərsiz qapıdan çıxmamışdım, mütləq “nənə, mən getdim” deyib, sonra gedərdim. İndi düşünürəm ki, mən nənəmi heç vaxt nigaran qoymaq istəməmişəm. Çünki onun içindəki sevgidən də, məndən nigaran qalacağından da tam əmin olmuşam həmişə.

Gözəl qadın idi nənəm. Sarışın, yupyumru, gözəl bir qadın. Ömrünün son illərində 40 ilə yaxın ona yoldaş olan astmanın təsirindən arıqlasa da, əllərinin damarları çıxsa da, lap son dönəmlərində paralicdən bir az, lap azcasifətinin bir tərəfi əyilsə də çox gözəl idi.

Mənim tələbəlik dönəmlərimdə nənəm tək yaşayırdı. Onunla yaşayan kiçik əmim ailəsi ilə Bakıya köçmüş, nə qədər cəhd etsə də nənəmi apara bilməmişdi. Ömrünün sonunu öz evində yaşamaq, öz evində ölmək istəmişdi. Həmin illərdə yay aylarını nənəmlə qalırdım mən. Zala açılan üç otaqdan, bir mətbəxdən ibarət, 60 il əvvəl tikilmiş köhnə bir evləri vardı. Gecələr mən heç yatmazdım, mütəkkə, döşəkçə atıb uzanar, ev telefonunu qulağıma tutub səhərəcən o zamanlar eşqindən dəli-divanə olduğum qızla danışardım. Nənəm necə sevinərdi, İlahi. Qızı görməmişdi, amma dost olmuşdular. Mənim ona olan sevgimə görə nənəm də vurulmuşdu qıza. Bəzən gündüz vaxtı mən öz evimizdə olanda qız zəng edər, nənəm ərinməz-ərinməz bizə gəlib mənə göz-qaş edərdi ki, qız səni gözləyir, gedək. Dostlaşma, sirdaşlaşma vardı nənəmlə aramızda.

Sinəsi dolu qadın idi nənəm. O qədər bayatı, şeir bilirdi ki. Bir neçə dastanı əzbər bilirdi. Deyirdi bu dastanları aşıqlar kənddə toy aparanda mağarın arxasından qulaq asıb öyrənmişəm. Otuzuncu illərdəməktəbə getmiş, yeddiillik təhsil almışdı və həmin dövrdə qüvvədə olan latın əlifbasıyla, gözəl xətlə yazıb, oxumağı bacarırdı. Ən çox təəccüb etdiyim isə o idi ki, nənəm riyaziyyatı çox gözəl bilirdi, mənim heç indi də bir zad anlamadığım “kvadrat tənliyi”, kəsr məsələlərini elə sadə həll edirdi ki, məəttəl qalırdım.

Söhbətlərimiz ən çox babam haqqında olurdu. Mənim on yaşım olanda vəfat etmiş, müharibədən kontuziyalı, təmiz vicdanlı, ucaboylu fəhlə kişi haqqında. Babamın döyüş xatirələrindən, müharibədə üç dəfə yaralanmasından, buna baxmayaraq Berlinə kimi getməsindən, hətta Berlində hansısa binanı alanda ora bayraq sancmasından. Nənəmin təbiriycə desək komandir çağırmışdı ki, “ay Məhəmmədəli, ay Məhəmmədəli, sən uzunsan, gəl, bu bayrağı sanc ora”. Düzdür, mən Berlindəki binaları çox hündür təsəvvür etdiyimdən buna inanmasam da, nənəm o qədər inanaraq danışırdı ki, etiraz etmirdim, biruzə vermirdim.

Babam molla oğlu olmuşdu. Ağlı kəsəndən ölənədəkoruc tutub, namaz qılmış adam idi. Nənəm deyirdi ki, müharibəyə gedəndə dədəsi bir “gülləkeçirməz duası” yazmışdı ona. O dua qorumuşdu onu müharibənin odundan, alovundan, amansız güllələrindən. Dizindən, başından və qarnından yaralansa da sağ qalmışdı. O duanı saxlayırdı nənəm. 94-ün ağır döyüşlü günlərində əsgər gedən əmimoğlunun da boynuna öz əlləriylə asmış, “qorxma, bu dua səni qoruyacaq”- demişdi. Qorumuşdu da.

Nənəmin ən çox sevindiyi günlərdən biri də mənim təzə-təzə işlədiyim vaxtlarda ona “8 Mart” hədiyyəsi aldığım gün idi. Ağlı kəsəndən bəri, xəstəliyə, çətinliyə, istiyə-soyuğa, aclığa-susuzluğa baxmadan namaz qılmasını nəzərə alıb canamaz almışdım nənəmə. O necə sevinc idi, necə xoşbəxtlik idi.Hələ də unuda bilmirəm o günü.

İldən-ilə tək yaşamaq nənəm üçün çətinləşirdi. Günlərin bir günü Bakıda yaşayan əmim gəlib apardı onu. Tez-tez gedib ziyarət edirdim. Gedə bilməyən vaxtlarda da zəng edirdim, zarafatlaşırdım. Sonuncu danışığımızda əmim dedi ki, gündən-günə zəifləyir, astması da demək olar ki, buraxmır. Telefonu nənəmə verdi. Kefini açmaq üçün zarafatla başladım:

  • Nənə, bu nədi, səni “Tarqovu”da görüblər, yanında bir kişi də varmış.
  • Köpəyoğlu, ölən vaxtımda kişini neynirəm? – səsi güclə çıxırdı. Heç bu qədər zəiflədiyi olmamışdı.
  • Nə vaxt gəlirsən? Səni görmək istəyirəm.

Kövrəlmişdim. Səsimin titrəməsini hiss etməsin deyə bir az gec cavab verdim.

  • Gələcəm, nənə, bir-iki günə gələcəm.
  • Bir az tez gəl… Gəl səni görüm.

İşlərin çox vaxtıydı. İki-üç gün ərzində əlimdəki vacib işləri həll etməyə, cümə günü gedib şənbə-bazar da yanında qalmağa, müalicəsiylə maraqlanmağa qərar verdim.

Ancaq gedə bilmədim. Nənəmin özünü gətirdilər cümə günü. Daha doğrusu cənazəsini. Ömrü boyu məndən bircə şey istəmişdi, “gəl, səni görüm demişdi”, yerinə yetirməmişdim istəyini.

Heç vaxt nənəm öləndə ağladığım qədər ağlamamışam. Ölümünəmi ağlayırdım, yerinə yetirmədiyim istəyinə – baş tutmayan görüşümüzəmi…Bilmirəm.

 

Zamiq Abdullayev

Bizi Telegram-da oxuyun.