Sentyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

“Xəyalım dünyadan yığışmır, neynim, Ruhum bədənimə sığışmır, neynim…” -Sabir Rüstəmxanlı 74 yaş…

Sabir Əliyev (Rüstəmxanlı) 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilmişdir.1974-1975-ci illərdə ordu sıralarında xidmət etmişdir. Bu sırada elmi işlə də məşğul olmuş, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. S.Rüstəmxanlı 1976-cı ildə “Molla Nəsrəddin” və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.

1978-ci ildən “Yazıçı” nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989-1991-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olub. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb. 1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noyabrınadək Milli Məclisin deputatı olub.9 fevral 2020-ci ildə Milli Məclisə yenidən deputat seçilmişdir.

Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967-1978-ci illər ərzində “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə “Yazıçı” nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir. İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilmişdir. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülmüş, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırmışdır. “Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və sair kimi şer kitablarının, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemaların, “Bu sənin xalqındır” publisistik yazılarından ibarət əsərin, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi (Cavad xan)”, “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülmüşdür.

 

S.Rüstəmxanlı Azərbaycanın ən böyük diaspora təşkilat olan Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olmuşdur. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçilmişdir.

Bu gün ömrünü Azərbaycanın ədəbi – siyasi fəaliyyətinə həsr etmiş dəyərli şəxsiyyətin 74 yaşı tamam olur.

Təbrik edirik!

 

******

Söz ilə heykəlini
yaratmaq olsa qəmin,
Şəklini çəkmək olsa
ən zərif düşüncəmin,
Sevgi sonsuzluğunu dilim söyləyə bilsə,
Onun kimi ağlayıb, onuntək gülə bilsəm,
Oturub anama şeir yazardım!..
Bir yurdun, bir millətin əbədi ağrısını
Balaca sevincinin,
dağlar boyda yasını –
Milyon dərdi ürəyə sığışdıran söz olsa,
Dünyanı bir baxışla
görüb duyan göz olsa –
Oturub anama şeir yazardım!..
Övladının ruhunda
gül ləçəyi olanım,
Gəlin ikən bir elin
ağbirçəyi olanım.
Ürəyim hıçqıranda səsimə hay versəydi,
Öz ulu dünyasından mənə də pay versəydi,
Oturub anama şeir yazardım!..
Xəyalım dünyadan yığışmır, neynim,
Ruhum bədənimə sığışmır, neynim,
Biz dünya sirrinin
Südəməriykən
Olmasa atımı meydana çəkən
Oturub anama şeir yazardım!..
Min il de, əbədi hörgü sökülməz,
Min il yaz, Tanrının hüsnü çəkilməz,
Beləcə sirrinə açar bulmadan,
Ömrün sonunadək, heç yorulmadan
Oturub anama şeir yazardım!..

******

Səni səhərin açılmasına bənzədirəm,
Yanağında dan yerinin allığı,
Səsində günəşi qarşılayan quşların fərəh zənguləsi,
Gülüşündə yeni həyat kimi başlanan
Yeni günün
dərdlərimə dərman olacağı inamı!
Səni bahar leysanına bənzədirəm,
Üzümün qırışlarını yusun, titrətsin təşnə ürəyimi…
Quruyan çöllərimə gül toxumu kimi səpilsin.
Və dünyanı çiçək qanadlarında göyə qaldırsın!
Səni rüzgara bənzədirəm!
Ölü duyğuların üstündən tanrı nəfəsi kimi əsən,
Ruhumun hər guşəsinə çatan
və mənə ölümsüzlüyü xatırladan!
Səni hələ keçmədiyim yola bənzədirəm!
Həm tale yazısından gələn, həm də ümid kimi öndə
Və ayaqlarıma qüvvət.
Səni vətənə bənzədirəm!
Hara getsəm, döndüyüm!
Səni şeirimə bənzədirəm!
Məni duyduğuna öyündüyüm!
Səni səbrimə bənzədirəm!
Onunla bir möcüzə yaratdığımdan…
Səni qəbrimə bənzədirəm!
Qoynunda rahat yatdığımdan!
Sabir Rüstəmxanlı

Bizi Telegram-da oxuyun.