Noyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Öldüyümün onuncu günü … – Aysel Fikrət yazır

*****

Səhər pəncərədən evin içinə elə boylanırdı ki, sanki kimisə axtarırdı.Üzünə günəşin şüası düşmüş, kitablar qıpqırmızı qızarmışdı .İnanmazdım öldüyümün onuncu günü öz evimə günəş şüasında gələcəm .

Evdə bur sürü qonaq var idi .Yad üzlər ,adamlar…Ərim bükülüb körpə uşaq kimi yatmışdı ,corabınının ortasında böyük bir qara dəlik var idi .Tənbəl -tənbəl gözlərini açıb dik atıldı .Gözünə düşən günəş şüası onun əslində mənə son dərəcə yad olduğunu göstərirdi .Üşüdüm …

Sonra yadıma düşdü ki mənim duyğularım yoxdur, sevinməyə başladım .Yaşadığım dövrdə ətrafda baş verənlərə çox baş qoşardım.İnsanlara laqeyd deyildim .Hətta bir müddət dara düşən insanlara kömək edib sanki bu yolla qidalanırdım . Özümü tamam yormuşdum .İçimdə sızıldayan ürəyimi hiss etmirdim deyə sevincimi gizlədə bilmədim.Ərim bunu hiss edib ayağa qalxdı .Gözləri çuxura düşmüşdü .Yaxşı ki bu dünyada sevgi yoxdur .Mən onun nəyə görə belə fikirli olduğunu anlamırdım .

Anası onu səslədi .Qonşu otaqda qonaqların içində bir orta yaşlı qadın var idi .O da yerə ,göyə ,mənim əşyalarıma qəribə nəzər salırdı .Yanında əyləşən  anası qulağına nəsə pıçıldadı .Deyəsən pəncərəni göstərdi .Qadın nəzərləriylə evin dörd dıvarını necə çəki düzənə girəcəyi haqqında düşünürdü .Kimsə ərimin qoluna girib bir yana çəkdi .Oğlum mışıl- mışıl yatırdı .Günün qürubu ilə gözdən itdim .Ölümün onuncu günü evimdə gördüyüm mənzərə bu idi .

Yaşayarkən nədən və hardan yıxıldığımı yadıma sala bilmirdim .Bilirəm ki günlərlə xəstə yatdım .Bir gün də səhər açılmadı .

Evimin çəki düzəni tamam itmişdi .Ölərkən belə bu barədə düşünürdüm .Bu zülmün içindən nədən çıxa bilmədiyimi,əsində bu qədər güclü ola- ola adı bir ayrılıq sarsıntısından öləcəyimi təsəvvür edə bilməzdim.Amma bu belə də oldu .Mərhəmət acı hissdir .O, insanı ölümə qədər gətirirmiş demək.Hardan- hara gəlir insan.

Bitməyən misiyalarımın birində böyük bir acı çəkdim , düşündüyüm icrası yüzdə yüz olacaq olan layihədə çoxlu itki olmuşdu .Adam ölümü ,ayrılığı … Fikirdən,peşmanlıqdan yatağa düşdüm .Bir kimsə məni qinamasa da hamıdan üzür istəyə- istəyə bir də gördüm xəstələnmişəm .

Artıq hər gün canımda bir sancı idi .Bir gün də canım bu ağrıdan azad oldu .O gözəl günü belə xatırlayıram .Azadlıq günü canımda olan bütün sızıntılar bitmişdi .Ən son yadımda qalan dostumun monitorun o tayındakı üzgün üzü idi.O, ağlayırdı .Yalnız onun üçun yeni başlanğıclar gələcəkdi , o, hələ çox yaşayacaqdı.İtkilər onun ürəyini mənim qədər sarmadı .Biz bütün gözəllikləri birgə yaşayıb itirmişdik və sonu …

Tez -tez gəlirdim evimə.Çox keçmədi evimə gələn yeni gəlin evimdə çox əşyalarımı atdı .Xatirələrin  əlində yanıb tökülməyindən qorxmadan .Çünki bu evin keçmişi onun keçmişi deyildi .Ərimi də elə bu cəlb edirdi .Onun keçmişinin olmaması,bir də bişirdiyi yeməklər .

Biz evlənən gün ilk soruşduğu bu olmuşdu .Dəcəl bir uşaq kimi mən yemək bişirə bilmirəm ki demişdim. Gülümsünmüşdü .Sonradan başa düşdüm ki acığı gəlibmiş .Bütün ömrümü mənim yaşamıma təəccüblə baxdı .Bir qadın bu qədərmi qadın olmaya bilərdi .İndi çox xoşbəxt idi .Onun səhvlərini üzünə vurmayan ,dadlı yeməklər bişirən yeni arvadı ,sakit həyatı vardl .Oğlum öldüyümün onuncu günü getmişdi şəhərdən .Oxumağı bəhanə edib getmişdi .Onun üçün çox narahat idim .20 yaşlı bir gəncin nə düşündüyünü, nələr edəcəyini ,dostlarıyla necə bir ortamda yaşayacağını düşünüb dururdum.Yalnız oğlum evdə deyildi .Uzun uzadı bu evdə məhkum qaldım.

Mələk fiqurları ilə dolu olan kitablığımı yerə töküb yığışdıran yeni gəlin birdən kitab arasında qəfil yerə sıçrayan gülümsəyən şəklimlə qarşılaşdı .Şəkillər yerə səpildi .Gəlin yerdən şəkilləri götürüb gözlərimə baxdı .Bu an mən də onun gözlərinə baxa bildim .İri qıy gözləri uşaq məsumluğu ilə baxırdı .Nazik dodaqlarlnı bir- birinə sıxıb üz cizgilərimə diqqətlə baxdı .şəkildən elə gülümsəyirdim ki ,onun ürəyində həsəd içini didməyə başladı .Qadın ədasıyla şəkilləri stolun üstünə tulladı .Bir küncdə oturub fikrə getdi .Ərim yerində donub qalmışdı .

Bağışla, şəkilləri hər yerdən yığmışam bir bunları unutmşam .

Ərim onun yanında oturub bir nöqtəyə baxdı.

Sevirdin onu?- qadın  acıqlı dilləndi .

-Öldüyünün onuncu günü başa düşdüm ki yox .Onu heç bir vaxt sevməmişəm .qeyri- adi düşünən qadınlardan həmişə qaçmışam .Çox vaxt ayrılmaq istədim ,bacarmadım .Uşağa görə dözdüm .Baş qoşmadığı yer qalmadı bu qadının .Axırda alpinist dəstəsinə də qoşuldu ,evdə buna görə davamız oldu .qapını çırpıb getdi.Elə o gəzintilərinin  birində də xəsarət ald,ı bir ayın içində öldü .Ona qulluq edirdim .Heç məni hiss etmirdi .Kiminsə, yəqin ölən dostunun adını sayıqLayıb ağlayırdı.Yaşaya bilmədi ,bədbəxt adam idi .Xəyanətin görmədim, deyə bilmərəm, yalnIz onun üçün yadlar bizdən önəmli idi .Mənim varlığlımın ,yoxluğumun bu insana bir təsiri olmazdı.Günlərcə kitab oxuyub sonra o kitabı izah edər .tapıntılarını yazardı,ətrafında bir sürü qəribə rəfiqələri var idi .Bir dəfə onu təqib etdim .Gedib hansısa kafedə oturub xeyli güldü, danışdı .Rəfiqələri rəssamlar ,aktyorılar ,musiqiçilər idi .Onların içində elə gülürdü ki .Evə dönəndə bütün yolu onunla getdim.Evə çatanda isə səssiz oldu,yenə içinə qapandı .Onun sanki evdən uzaqda bir həyatı var idi.Ev adamı deyildi.

Qadın bir az da fərəhləndi .Ərim bu sözü deməyindən sanki utandı,başını aşağı salıb ,yaxşı ana idi O.Uşaqla elə oynayırdı ki sanki özü də uşaqdı.Hər şey edərdi uşaq üçün.Oğlumuzu oxutdu ,böyütdü .Bir də incitməzdi məni ,yorğun oldummu, ürəyi yanardı .Bu yadımda qalıb .

-Sevmədiyin qadın haqqında elə danışırsan ki..- deyib qadın hirslə otaqdan çıxdı.

Kişi şəkilləri stolun üstündən götürüb cibinə qoydu ,götürərkən şəklə bir də baxdı .Gözləri tamam çuxura düşmüşdü, sanki bir az da qocalmışdı .Sakit gözlərini gözlərimə zilləyib -Əzizim- dedi ,-səni çox sevirəm .Elə darıxmışam ki.Gülüşün ,səsin,dağınıq əşyaların ,zarafatların üçün .Sən mənim ucalığım idin .Hardasa uzaqda sənə baxar, xoşbəxt olardım .Mənim sənin həyatından uzaq bir dünyam olsa da sənə həsəd aparırdım .

Gülümsündü .Ölümün üzü qara olsun ,indi ev- eşik tər təmiz, evdə isti yemək ,hər şey var .Amma mən boğuluram .

Gülümsündüm .Ölümünün onuncu günü bunu dərk etdim .Gözündən iki damcı yaş axdı.Ürəyim sıxıldı .Onun az əvvəl qadının könlün alanda dalımca dedikləri indiki halını inkar edirdi .Amma mən onu anlayırdım .Həyat çirkli yerdi .Heç nə göründüyü kimi deyil.

Əsas içindəki mələyi oyat .Bir də bir gün görəcəksən ki qanadın da çıxdı, mələyim .

Kimsə sanki pıçıldayırdı .Əsas bu dünya dərdindən yuxarda durmaq və ölümündən sonra da, əvvəl də mələk qala bilmək .Doğru səni aparacaq ,sən qanadını çırp …

Evim mənə yad görünürdü .Qollarımı yana açıb işıq selinə düşdüm .Yer üzü ,göy üzü ayağımın və düşüncəmin altında idi .Yer üzü mənim ürəyimi yaralayan ,incidən insanlarla dolu idi .Amma mən bunu duymurdum .Hər şeydən yuxarda və elə gözəl, həzin bir aləmdə idim ki .Sərin meh üzümü xəfifcə qıdıqlayırdı .Yer üzündə dadmadığım xoşbəxtıyi hiss edirdim .Sanki böyük bir sevgi selinin içinə gedirdim .Təkcə oğlumdan nigaran idim .Onu sevgidən qoparıb, işıq seliylə göndərib yoluma davam etdim .Həyat gözəldir və biz bu gözəlliyi yaşayarkən duymağa məcbur deyilik .İnanırdım ki  insan övladının heç bir məcburiyyəti yoxdur.Bütün sərhədlər ,səddlər ,qanunlar insan beyninin axmaq məhsuludur .Yaşayarkən özünü bir modelin içinə qapamaqdan ziyadə günah ola bilməz .Günahkar olmaq budur .Yaşamağa məcbur deyilik .

Gözlərimi yumub ölümümün onuncu günü məndən bu dünyada qalmayan  heç nəyi sevməyə başladım .Heç nə böyük bir dağ kimi məni qoruyurdu .Mən o dağı çıxmırdım,onun içində gizlənirdim .Mən azad idim .Qu tükü kimi yumşaq bir həyat idi  .Düşüncə ,həsrət ,ayrılıq ,sevgi dadmamaq qədər azadlıq idi bu .Mən bunu öldüyümün onuncu günündən  hiss etdim.O gündən ki insanlar məni unutmağa məcbur etdi özünü, mən azad oldum ..Çox sevinirdim.Xoşbəxt idim öldüyümün onuncu günü …

 

Aysel Fikrət

Bizi Telegram-da oxuyun.