İyul 3, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

GÜNÜN ZAHİDİ…

Yazarbaycan.az bildirir ki, bu gün tanınmış şair,yazıçı,tərcüməçi Zahid Sarıtorpağın  ad günüdür.Bu münasibətlə onu sevən insanların və qələm dostlarının bir neçəsinin təbriklərini təqdim edirik: 
Sabir Rüstəmxanlı-
Zahid Sarıtorpağı yaradıcılığa yeni başladığı gənclik illərindən tanıyıram. Hələ yalnız şeir yazırdı. Şirvan bərəkətlidir, istedadı tükənməz, suları qurumaz! Zahid onunla yanaşı Şirvandan və başqa bölgələrimizdən baş qaldıran istedadlı ğənclərimiz arasından sıyrılıb çıxdı, yaradıcılıq üfüqləri genişləndi, poeziya meydanında darıxanda dəyərli romanlar yazdı, ədəbi həyatımızı yeni tərcümələrlə zənginləşdirdi…İlk dəfə onun Sarıtorpaq imzasını eşidəndə yadıma böyük istiqlal şairimiz Məhəmməd Hadi düşmüşdü. Hadi də Şamaxının Sarıtorpaq məhəlləsində doğulmuşdu, ancaq burda tale üzünə gülməmişdi, 1902- ci il zəlzələsindən sonra qədər onu şəhərdən şəhərə, ölkədən ölkəyə, bir savaşdan başqa savaşa atmışdı.Ancaq yaşadığı məhrumiyyətlər onun böyük Vətən sevgisini, azadlıq ruhunu sarsıda bilməmişdi Xaqanidən başlayaraq bütün Şirvan ədəbi məktəblərini fərqləndirən bu ictimai ayıqlıq, həqiqət və ədalət yolunda mübarizə ehtirası, böyük vətəndaşlıq ruhu genetik olaraq Zahid Sarıtorpağın yaradıcılığında da davam və inkişaf etdirilir. Onu doğum günü münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram. Qoy Sarıtorpaq və Şirvan ruhundan heç vaxt uzaq düşməsin!
Ayaz Arabaçı-
Zahid Sarıtorpaq ədəbiyyatımıza böyük ehtiramın ifadəsidir.
Qardaşım sözün ən gözəllərini seçib-sonalamış,sevib-yaşatmış qələm sahiblərindəndir.Onun yaratdığı əsərlərin dünyagörüşümüzdə,mənəviyyatımızda,şəxsiyyətimizdə hələ uzun zaman dərin izləri qalacaqdır..
Ustadı təbrik edir,doğum günü münasibətilə ara məsafəsi saxlamadan köksümə sıxıram!
Ramiz Qusarçaylı-
Zahid Sarıtorpaq müasir poeziya və nəsrimizin ən istedadlı və ləyaqətli nümayəndələrindən biridir.
Zahid ədəbiyyata ac, şan-şöhrətə gözü-könlü tox bir şəxsiyyətdir, hələ ki,haqq etdiyi qiymətini almayıb, daha dəqiq desək haqqı “yeyilən” sənətkardır.
Zahid Sarıtorpaqla dostluğumdan qürur duyuram və doğum gününü təbrik edirəm.
Süleyman Abdulla-
Zahid Sarıtorpaq çağdaş ədəbiyyatımızın öncül və yenilikçi qələm adamlarlndandır. Özünəməxsus dəst-xətti,yazı üslubu var,dili çox zəngindir və koloritlidir. Dilin bütün incəliklərini bilir və müraciət etdiyi mövzunun ən dərin qatlarına enə bilən müəlliflərdəndir. Xüsusi zövqlə mütaliə etdiyim əsərləri mənim üçün, həm də yeni biliklərə yiyələnmək üçün əyani vəsaiti əvəz edir. Ustad şairimiz Zahid Sarıtorpağı ad günü münasibəti ilə təbrik edir,ona uzun ömür,can sağlığı arzulayıram.Yeni əsərlərini səbirsizliklə gözləyirik!
 
Mənsur Həsənzadə-
Zahid bəyi ən gözəl irfan şeirlər müəllifi kimi tanimişam. Şeirləri ruha yatımlı, düşündürücü və bənzərsizdir. Gənc yazarlarin bəhrələnə biləcəyi canlı məktəbdir. Zahid bəyi təbrik edir, ruh və cansağlığı arzulayıram.
Yeganə Kərimzadə-
Zahid Sarıtorpaq öz sözü olan şair kimi zaman- zaman kəşf olunası şairdir. Şairə nə arzulamaq olar? Xalq sevgisi, bir də xalqın gözündən düşməmək. Ən böyük sevgi də, nifrət də xalqdan gəlir. Sevgi ilə qalmağı ona arzu edirəm…
Xanım İsmayılqızı-
Gözəl yazıçı, maraqlı şair, mükəmməl tərcüməçi, dəyərli İnsan Zahid Sarıtorpağı təbrik edirəm. Mənalı, sağlam, uğurlu və sevimli ömür yaşasın. Qələmi iti, həyat enerjisi bol olsun bizim Zahidimizin.
Aydın Arslan-
Zahid bəy haqdan qaçan yox, haqqa doğru qətiyyətli addımlarla yürüyən şəxsiyyətdir. Yazıçı, şair olmaqla iş bitmir, işin zirvəsi ADAM olmaqdı, özü-sözü eyni çəkidə qala bilməkdi. Zahid Sarıtorpaq məhz belələrindəndir ki, insanlığını da sənəti kimi zirvələrdə, çiyinləri üzərində saxlamağı bacarır. Ustada Allahdan bərəkətli ömür, bərəkətli qələm arzulayıram. Və arzu edirəm ki, tezliklə dövlət səviyyəsində də layiq olduğu diqqəti görsün…
Tərlan Əbilov-
Mənə görə Azərbaycan poeziyasında bu gün üç-dörd nəhəng sima vardır ki, onlardan biri də Zahid Sarıtorpaqdır. İliklərinəcən eşqlə dolu uzun bir yolun yolçusudur Zahid Sarıtorpaq. Və bu gün poeziyamızın bu eşq, insanlıq tərənnümçüsünün doğum günüdü, bu münasibətlə onu təbrik edirəm, ona sözə verdiyi nəfəs uzunluğunda sağlam, gözəl bir ömür arzulayıram.
Rəbiqə Nazimqızı-
Zahid Sarıtorpağın  şeirləriylə çox gənc yaşlarımdan tanışam. Onun yaradıcılığı barədə düşünəndə çox maraqlı detallar üzə çıxır. Şairlər daha çox onun nəsr yaradıcılığını, nasirlər isə birmənalı olaraq şeirlərini tərifləyirlər. Bu fakt özü sübut edir ki, Zahid müəllim hər iki cəbhədə uğurla yazıb yaradır. Biz bir yerdə çalışırıq, mən həm də onun tərcüməçi və redaktor kimi qiymətləndirirəm. Yeni yaşı mübarək olsun, səsi daim gümrah və sevincli gəlsin, yazmaq istədiyi hər şeyi yazsın.
Tural Adışirin-
Zahid Sarıtorpaq imzası ədəbi cameədə sevərək izlədiyim və oxuduğum imzalardandır. Halal SÖZ adamı, ömrünü, sözə, ədəbiyyata həsr edənlərdən biridir. Onun “Dərdin sarı çəpkəni”, “Kül”, “Quşlar intihar edir” romanları çağdaş nəsrimizin ən qiymətli örnəklərindəndir. ŞAİR kimi də Zahid Sarıtorpaq orijinal və özünəməxsusdur. Mən inanıram ki, bu imza ədəbiyyatımızda öz layiqli yerini tutacaqdır. Ustadın yeni yaşını təbrik edir, ona cansağlığı, yeni-yeni oxucusu sevgisi arzulayıram.

Nicat Həşimzadə-

O deyir ki, üfürülmüş çırağın da ruhu var və bu ruhu izah etmək üçün təkcə oxumaq yetərli deyil, həm də yaşamaq, yaşatmaq lazımdır.

O deyir ki, tək işığın da haləsi var və təklik işığın itməsi üçün deyil, təklik inzivaya çəkilərək  içindəki nuru bədniyyətlərdən qorumaqdır.

O deyir ki, çoxluğa paylanan işıq olmaqdansa layiq bildiyin tək işığın haləsi olmaq daha əfzəldir.

O deyir ki, dünyada dərmanı olmayan dərdlər də var və onlardan biri dərdin sarı çəpkənidir. Dərd böyüdükcə çəpkən də böyüyür. Dərd və sarı çəpkən biri-birinə xəyanət etmirlər.

O deyir ki, quşların intiharına ağlamayın. Halına ağlanılması gərəkən canlı elə insandır.  İnsanlara qiymət verməzdən əvvəl onların taleyini öyrənin.

O deyir ki, gələcəkdə baş verəcək bütün yaxşı və pis hadisələr dünənin və bu günün nəticəsi olacaq.

O deyir ki, nə qədər yenilik həvəskarı olsan da, xatirələrdən xilas ola bilməyəcəksən və köhnə mücrülərə elegiyalar yazacaqsan.

Dünyanın zövqi-nemətindən imtina edib həyatını ədəbiyyata ibadətə həsr edən sənət dərvişi Zahid Sarıtorpaq, doğum gününüz mübarək.

 

 

Zamiq Zərdabi-

Şirvan diyarı, xüsusilə əsrlər boyu həm Şirvanın, həm vətənimizin paytaxtı olmuş Şamaxı şəhəri bütün dövrlərdə ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında mühüm rol oynamış, böyük töhfələr vermişdir. Şamaxının dağ havasından, folklorununun ecazından, aşıq sənətinin şirinliyindən, muğamınınkövrəkliyindən, Xaqaninin, Nəsiminin, Seyyidin, Sabirin ruhundan yaranmış, “dərdə sarı çəpkən” tikən, “tək işıqdan halə” yaradan, “üfürülmüş çırağa ruh” verən Zahid Sarıtorpaq o thfələrdən, bu gün dünyaya təqdim edə biləcəyimiz ən dəyərli ədiblərimizdən, tərcüməçilərimizdən biridir. Ədəbiyyatımızda öz yeri, öz üslubu, öz dili, öz çəkisi olan Zahid bəyi təbrik edir, ona ilk növbədə uzun, sağlıqlı, yoxuşlarsız ömür arzulayıram ki, yeni-yeni ədəbi-bədii nümunələr yaratsın, şerimizin, nəsrimizin inkişafında daha çox, daha böyük rol oynasın! Bu ad gününün növbəti illərdə ölkə miqyasında, dövlət səviyyəsində layiq olduğu yüksək səviyyədə qeyd edilməsini arzulayıram.

 

 

Anar Abutalıbov (oxucu)-

Keçir qarlı gecədən
Ayaqyalın bir külək
Bir isti yer də yoxdu
Dünyadan əl götürək
Qorxmuruq bilsək ki lap
Bu dünyanın sonudu
Dünyaya gəlmək özü
Bir əcəl oyunudu…
Bu gün Azərbaycan ədəbiyyatında bənzərsiz dəsti xətti ilə seçilən Zahid SarıTorpağın ad günüdür.
Ustadı təbrik edir, sağlam canla, yüksək ruhla yeni-yeni sanballı əsərlər yaratmağını arzu edirəm!
Aysel Xanlarqızı Səfərli-
Zahid Sarıtorpaq öz varlığı ilə ədəbiyyatımıza  işıq saçan ən dəyərli söz insanlarından biridir.
Onun ilmə-ilmə misralara toxuduğu sözünün sehrinə düşməmək mümkün deyil, yazdığı əsərlərdəki hadisələrin təsiri isə uzun zaman insanın yaddaşında iz buraxır….
 İntihar edən quşların ,sarı çəpkənli dərdin hər yeri sarıya boyayan kədəri qədər günümüzdəki acı gerçəkliyi ustalıqla ifadə edən bir insandır Zahid Sarıtorpaq!
Yaradıcılığını,şəxsiyyətini,qələmini sevdiyim insanın dünyamıza gəldiyi günü mübarək olsun!
Təbrik edirəm!
Yazarbaycan.az

Bizi Telegram-da oxuyun.