Sentyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

“Eləmədiklərim yandırar məni…”- Ad günün mubarək,ustad!

 

Bu gün Azərbaycanın tanınmış və sevilən xalq şairi ,Musa Yaqubun ad günüdür.Şairin  83 yaşı tamam olur.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim , Buynuz kənd ibtidai məktəbində müəllim və müdir  işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır . Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olmuşdur .

Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979-?). İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. M.F.Axundov adına mükafata layiq görülmüşdür. Musa Yaqub Parkinson xəstəliyindən əziyyət çəkir.

Musa Yaqub 24 may 2019-cu ildə “Azərbaycan Respublikasının xalq şairi” fəxri adına layiq görülmüşdür.

 

Ustad şairi ad günün münasibətilə təbrik edir,  ömrünün 83-cü ildönümündə nə yaxşı varsınız,bizimləsiniz deyirik!

 

Eləmədiklərim yandırar məni

 

Əvvəl budaq-budaq suda uyuyan,

Sonra çarxı dönüb,arxı quruyan

Bir yağışa həsrət söyüdlər kimi

Eləmədiklərim yandırar məni…

Özümə verdiyim öyüdlər kimi

Eləmədiklərim yandırar məni…

 

Mən elə bilirdim o bənövşəlik,

Mənimçün qalacaq tər həmişəlik.

Özü solub getdi,qıymadım üzəm,

Doyunca baxmadım bənövşə gözə,

Yazı nəmiş,yayı tez xəzəlləşən,

Pətəkdə qaynaşan,

Şanla əlləşən,

Qışda balsız qalan arılar kimi

Eləmədiklərim yandırar məni…

Özümə verdiyim öyüdlər kimi

Eləmədiklərim yandırar məni…

 

Mən elə bilirdim vaxt da duracaq,

Elə o əvvəlki baxt da duracaq.

Gedib səadətlər rastına çıxan

Sevgi cığırıyla keçmək olacaq.

Hər vaxt bu zəmini biçmək olacaq…

Bərədə boş yerə anları sayıb,

Ovunu hürküdən ovçular kmi,

Eləmədiklərim yandırar məni…

 

Yaylaqda çeşməyə məhəl qoymayıb,

Səhrada alışan yolçular kimi

Eləmədiklərim yandırar məni…

Bilmirəm kim idi üzdü barımı,

Uçurtdu əlimdən bir şikarımı,

Sonraya saxladım çox qərarımı,

Eləmədiklərim yandırar məni…

 

Yox,daha ömrümdə açılmaz o yaz,

Bir qanadım yorğun,birisi pərvaz.

Elədiklərimdən yaxam qurtarmaz,

Eləmədiklərim yandırar məni…

 

Yazarbaycan.az

Bizi Telegram-da oxuyun.