İyul 3, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

“Sən istə, yuxundan çıxıb gələrəm, Yuxular çin çıxır çox istəyəndə…” – Vüsal Yurdoğlu

 

***
 
Heç nə… bu heçlikdən çıxası kimdi,
Heçliyi önündən yıxası kimdi?!
Dühalar dühası bilər, bəlkə də,
Sevgidə dahanın dahası kimdi?!
 
Çıx artıq yadımdan, varın tarixi,
Varlığın sonunda yoxun tarixi…
İnsan neçə dəfə ölüb dirilər,
Ay mənim ikinci doğum tarixim?
 
Axtardım, kimsədə eyib tapmadım,
Günahı savablar yeyib, tapmadım.
Ha məni istədim bir dəfə öyəm,
Ha səni özümə öyüb tapmadım.
 
Yarımçıq izimiz zamanda qaldı,
Gözüm son ümiddə, amanda qaldı.
Əzəldən oduna yanan da məndim,
O üzdən axırda yaman da qaldım.
 
Kədərə afərin, sevincə əfsus,
Yanır Adəm oğlu sevincə, əfsus…
Sənə qıymadığım kədərdən danış,
Mənə vermədiyin sevincləri sus!
 
Sus, daha danışmaq nəyin faydası?!
Boşuna alışmaq nəyin faydası?!
Səndə olmayanı susasan gərək,
Bu da yaşamağın qızıl qaydası.
 
***
 
Tək ürəklə çıxmaq olar, de, hara?!
Ürəyimi hardan hara çıxardım.
Deyirdin ki, çıxammarıq bahara,
Bu sevgini mən bahara çıxardım.
 
Düşünərsən, bəlkə, yeni yazıdır?!
Biz həminik, yazı eyni yazıdır.
Düşünərsən, sevgimizin yasıdır,
Bu sevgini mən bahara çıxardım.
 
Təbiətin artmaqdadır xülyası,
Dünya elə ölüm-itim dünyası.
Sevinc ilə əvəz etdim dün yası,
Bu sevgini mən bahara çıxardım.
 
Tənha qalıb köhnə görüş yerimiz,
Orda yoxdur yeni sevgi, yeni iz..,
Mən bilirdim, dözümlüdür sevgimiz,
Bu sevgini mən bahara çıxardım.
 
Qələm yazıq söz qalıbmı yaza heç?!
Hər çiçək də çıxa bilmir yaza heç.
Çoxu yazdım, əl gəlmədi aza heç,
Bu sevgini mən bahara çıxardım.
 
Dərmədiyim çiçək çoxdu dəstəlik,
Sənin kimi bir sözüm yox bəstəlik.
Gəldi virus, ötdü də, bax, xəstəlik,
Bu sevgini mən bahara çıxardım.
 
Qəlbimdəsən, uzaq-yaxın nəydi, nə?!
A bənövşəm, de, boynunu əydi nə?!
Qal bir az da sən özünün qeydinə,
Bu sevgini mən bahara çıxardım.
 
Getsən belə qalıb məndə qoşa mən,
Əyilmədim, yenilmədim qışa mən.
Yaşa ürək, yaşa Vüsal, yaşa mən!..,
Bu sevgini mən bahara çıxardım.
 
****
 
İstəsən, gözümə bir baxış ayır,
O bircə baxışla bax istəyəndə.
Düşünmə, bəndə nə, fələk nə sayır,
Gözümdən könlümə ax istəyəndə.
 
Qədəmin eşqinə açmışam qapı,
Dözümlü görünür səbrimin sapı,
Gəl, daha pozulsun bu tilsim, tabu,
Başımda şimşək ol, çax istəyəndə.
 
Ürəyin özündən heç xəbər tutar?!
Tutar, o da bəlkə, gec xəbər tutar?!
Toxun güzarından ac xəbər tutar,
Acın əhvalından tox istəyəndə.
 
Əgər ki, niyyətin, yar, istəməkdir,
Qışda gün, baharda qar istəməkdir..,
Həyatda bir əsas var, – istəməkdir,
Heç nəyin qorxusu yox istəyəndə.
 
Mən də bir istəyə baxıb gələrəm,
Gələrəm, su kimi axıb gələrəm.
Sən istə, yuxundan çıxıb gələrəm,
Yuxular çin çıxır çox istəyəndə.
Vüsal Yurdoğlu

Bizi Telegram-da oxuyun.