İyul 3, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Dua vaxtı… – İlham Əziz

Dua vaxtlarıydı; hamı əhd edərdi, nəzir deyərdi.

Fərəc kişi əsir düşmüşdü… Nə günlər, nə günlər! Getsin-gəlməsin, getsin-gəlməsin… Təzəcə evlənmişdi Fərəc, oğul-uşaq görməmişdi. Ayaqyalın- başıaçıq, qarda-çovğunda gedib çıxmışdı Berlinə…

Kənddə aclıq… Uşaqlı-böyüklü hər kəs təzə biçilmiş taxıl zəmilərinə tökülüşüb gizlincə başaq yığardılar; qoynunda-qoltuğunda gətirdikləri sünbülü havaya sovurardılar… Bircə başaq yığan yerdə tutulmayaydın!

Fərəcin muradına çatmayan arvadı da başaq üstə tutulmuşdu. Qırmanc başına dəyə-dəyə əllərini göyə açıb əhd eləmişdi: “Fərəc qayıtsın, qırx gün yaşayım, ölüm”.

Bunları mənə əmim danışmışdı.  Danışmışdı ki, günün birində qağam qayıdıb o cəhənnəmin ortasından. Qardaşı Fərəci ta dəmir yol stansiyasından dalına alıb gətirib. Arvadı Fərəci görcək elə ah çəkib ki, hamını don vurub. Ahı da yiyəsi eşidib, qoymayıb yerdə. Hamı sevinib, toy bayram edib, bircə bəxti əvvəldən gətirməyən uzunsaçlıdan başqa. Əhdinə xilaf çıxmayıb;
düz qırx günün tamamındaca, səssiz-səmirsiz, köçüb dünyadan…
*

Əmim Fərəc kişinin ikinci arvaddan olan böyük oğludu. Uşaq vaxtı atasını çimən görübmüş. Görübmüş ki, atasının sağ budunda bir nömrə var: 1028. Amma bunun nə nömrə olduğunu soruşmağa ürək eləməyibmiş…

Müharibədən sonrakı iyirmi beş ili Fərəc kişi bayatı deyə-deyə keçirib…

*

Günün birində əmim kəndə təzə xəbərlə gəlir: işlədiyi zavoddan bir qrup işçini xaricə göndərirlər – Almaniyaya. Gedənlərin sıyahısında əmimin də adı var… Fərəc kişi “Almaniya” sözünü eşidındə canına üşütmə düşür.  “Oğul,” – deyir – “ora pis yerdi,” – deyir – ora getmə…” – deyir…

Əmim Bakıya gedəndən sonra Fərəc kişi dura bilmir yerində, gen dünya başına dar gəlir. Üz tutur şəhərə – düz  oğlunun işlədiyi idarəyə.  Vəziyyəti işçilərdən birinə danışanda qulaq kəsilən qonşu masadakı qadın özündən gedir… Təcili yardım… Haray – həşir… Sonradan məlum olur ki, bayılan yəhudi qadın Fərəc kişi ilə eyni konslagerdə olub…

Əmim danışır ki, baxmadım qağamın sözünə, əlimə girəvə düşmüşdü. Yetmişinci illərdə xaricə getmək xəyal idi. Maaşımı qırmızı onluq edib qoşuldum gedənlərə. Qatarla Brestə çatanda bizə  rus qızları da qoşuldular…

İki günə yetişdik Berlinə… Hamı qaynayıb qarışdı, oxuya-oynaya düşdük Berlinin canına…

Berlin metrosunda “Axtunq” sözündən bərk qorxdum, qanım damarımda dondu – qağam düşdü yadıma…

Ertəsi gün bizi şəhərdən qıraqdakı “lager”lərə baxmağa apardılar. Nələr varmış, nələr:  qaz kameraları,  presslər –  insana zülm etmək üçün hər şey. Başqa aləmdə idim. Ürəyim sıxılır, tər basır, xəyalım kəndlə lager arasında işıq sürətiylə gedib gəlirdi. Divarlarda əsirlərin oyduğu yazılar… 1028… Birdən o qədər yazı içində bir nömrə doğma gəldi mənə. O nömrə ki, mən uşaq olanda qağamın sağ budunda görmüşdüm onu: 1028 … Qağamın budundakı o damğanı elə bil, ürəyimdə basdılar… 1028…

Əmimi qorxudan atasının budundakı o nömrəylə, divara oyulmuş rəqəmin eyniliyi imiş. Fərəc kişinin əsirlikdən danışanda gözlərini yumub dediyi “Axtunq”la, həmin gün metroda eşitdiyi səsin eyniliyi kimi… Bu rəqəmlərin, səslərin qabağında əmim böyük bir ürəyə dönüb, başlayıb kəndlə Berlin arasında döyünməyə.

Əmim Almaniya xatirələrini “görən, qağam o cəhənnəmdən necə qayıdıb?” sualıyla bitirdi. Ardınca da təkəlli üzünü sığalladı, bəlkə də yenidən o həyəcanı yaşadı, sağ dönməsinə salavat gətirdi, bəlkə də qağasına görə şükür etdi.

Mən də eyni şeyi düşündüm: görən, Fərəc kişi o cəhənnəmdən geri necə qayıdıb?
Gözlərimi yumdum. Öncə dünyanın düz vaxtında xatirələrdən qorxuya düşən əmimi düşündüm, ardınca, həmin xatirələri köynək kimi geyib dolaşan Fərəc kişini… Və birdən qapalı gözlərimin qabağındaca Fərəci cəhənnəmdən geri istəyən o uzunsaçlının göylərin ətəyindən yapışan gənc qolları peyda oldu…

İlham Əziz

Bizi Telegram-da oxuyun.