Aprel 23, 2021

Yazarbaycan

Milli Yazarların Portalı

“Sözü də işlətdim əsa yerinə…” – Kəmaləddin Qədim

 

CƏZA YERİNƏ
 
Alova büründü, oda qalandı,
Başına min qovğa, qada qalandı.
Bu dünya Adəmdən, Nuhdan qalandı,
Hər gün sırınsa da təzə yerinə.
 
Gördüm də hər şeyi qələmdən tutdum,
Yükümü kədərdən, ələmdən tutdum.
Ən çətin anımda əlimdən tutdu,
Sözü də işlətdim əsa yerinə.
 
Yurd yeri qarıya, qocaya qaldı,
Dikildi gözləri fəzaya qaldı.
Vacib namazlarım qəzaya qaldı,
Mənsə şeir yazdım qəza yerinə.
 
Gör hara gəlmişdim, hardan gedirəm,
Qurtarıb çətindən, dardan gedirəm.
Gora getmirəm e, gordan gedirəm,
Orda kef çəkəcəm cəza yerinə.
 
 
****
Getmisən, çox istəyirəm,
Daha canımdan çıxasan.
Üç-beş ucuz xatirəndən
Baha canımdan çıxasan.
 
Ay getməyə, il dayana,
Yanam, yerdə kül də yana.
Tamaşaya el dayana,
Baxa, canımdan çıxasan.
 
Görəsən halımı bəlkə,
Alasan canımı bəlkə.
Kəs, axıt qanımı, bəlkə
Axa, canımdan çıxasan.
 
Neynim, sevgim yaxın candan,
Çıxmaz dərdim, ahım candan.
Bircə yol var: ruhum candan
Çıxa, canımdan çıxasan.
 
 
BU XALQIN ŞAİRİ OLMAQ ÇƏTİNDİ…
 
 
Bu xalqı gözündə gilə bilərsən,
Verərsən ömrünü yelə, bilərsən.
Bu xalqın dərdindən ölə bilərsən,
Bu xalqın şairi olmaq çətindi…
 
Bu külək hayandan əsdi, bilinmir,
Nədi bir-birinə qəsdi, bilinmir.
Düşməni bilinmir, dostu bilinmir,
Bu xalqın şairi olmaq çətindi…
 
Sözün də dəymədi hədəfə, getdi,
Çünki söz keçəsi ərəfə getdi.
Bir barmaq tuşlanan tərəfə getdi,
Bu xalqın şairi olmaq çətindi…
 
Gözü tox, ay könlü dolu bəxtəvər,
Get elə getdiyin yolu bəxtəvər.
Ağası məmnundu, qulu bəxtəvər,
Bu xalqın şairi olmaq çətindi…
 
Səni dillərinin ucları sevdi,
Neyləyək, taciri, tüccarı sevdi.
Taxtları xoşladı, tacları sevdi,
Bu xalqın şairi olmaq çətindi…
 
Diz çök ayağına, yalvar bu xalqa,
Çatmaz səs bu xalqa, havar bu xalqa.
Şahlıq eləməyə nə var bu xalqa,
Bu xalqın şairi olmaq çətindi…
 
Qoy mən də sonuncu karvanı olum,
Çəkim, dərdlərinin sarbanı olum.
Bu xalqın min kərə qurbanı olum,
Bu xalqın şairi olmaq çətindi…
Kəmaləddin Qədim

Bizi Telegram-da oxuyun.