İyul 3, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Kamal Hüseynzadə

Qır bu zəncirləri, qurbanın olum, mən səninəm,
Al apar, qoyma bu dünyanın olum, mən səninəm.

Könlümü salma o sevdayə ki, Məcnun da düşüb,
Bir o qalmışdı ki, Leylanın olum, mən səninəm.

Gəlsə tərsa balası sayə gedənlər çox olar,
Məni vurma yerə tərsanın olum, mən səninəm.

Deyiləm kimsəyə qul, kimdə təcəlla elədin
Onun oldum ki, təcəllanın olum, mən səninəm.

İstəsən ver mənə dəryanı ki, dürrün çıxarım,
İstəsən qərq elə dəryanın olum mən, səninəm.

Sadə dünyanı mürəkkəb kimi vermə qələmə
Gündə bir sirrü-müəmmanın olum, mən səninəm.

Kamalam, lütf elə şer içrə öz imzamı qoyum,
Amma qoyma mən o imzanın olum, mən səninəm.

 

Bizi Telegram-da oxuyun.