Aprel 23, 2021

Yazarbaycan

Milli Yazarların Portalı

“Ağ Tutların Sevdası…” – İlham Əziz

 

Ağ Tutların Sevdası…
 
Kəndimizə çata-çatda yol boyu tut ağacları var idi. Ətraf pambıq sahəıəri, isti, Muğanın ilan mələşənində yam-yaşıl tut ağacları elə bil göydən düşmə sərinlik əsgərləridi sıraya düzülmüşdülər. Kənddə qoyun-quzu otaran, rayona maşın tapmayıb piyada gedən, sahələrdə alaq eləyən adamların dadına çatırdılar. Kənddə elə adam yox idi ki, bu tutlarla öpüşməsin. Hamının dodağında tutların dodaq izləri vardı. Zəndlə baxanda görürdün hansısa ağacda adam var, sarmaş-dolaş. O ağacların sinəsinə o qədər gəncin sevgi dağı çəkilmişdi ki…
Bizim tutlar belə idi, sinələri çalın çarpaz dağ içində. Dünyanın ən tez yetişən tutları idi. Gənc evlənən sevgililərin bir də görürsən ki, uşaqları əsgər gedir, inanmağın gəlmir. Deyirsən vaxt nə tez keçdi, nə ara böyüdülər? Tutlarımız da eləydi, barı həmən yetişər, adamların ağız burnunu tut qarasına boyayardılar. İçlərində təkəmseyrək ağ tutlar da vardı. Mənimçün o ağ tutlar yol boyu düzülən qara tutların ağ səhərləri idi. Onlar qaralara baxanda incə yarpaqlı, gözəl gövdəli, ətri başqa, nazlı ağaclar idi. Bu ağ tutlar bütün qara tutların sevgilisi idi. Mənə elə gəlir ki, gecə-gündüz qara tutlar boylanıb ağ tutlara baxır, hər baxanda tutları pörtüb qızarıb qaralırdı. Günəş də şüalarını o ağ tutların altına toplayardı, şüaların işığında ağ tutlar yaşıl yarpaqlar arasında mərcana dönərdi, qara tutların nəfəsi kəsilərdi. May ayına elə tut ayı da demək olar. Bizim tərəfdə bu ayda əlləri, ağız-burunu tut olmayan qalmaz. 90-ların vurhavurunda, hər şeyin dağıldığı vaxtda, tutlar da yetim uşaq kimi qaldılar ortada. Bir də Bakıdan kəndə gedəndə gördüm tutların çoxunu kəsiblər. Göydən enən mələklərə balta çalmışdılar, adda-budda ağac qalmışdı. Bircə ağ tutlara dəyməmişdilər. Oların da altında gün işığı qalmamışdı, qocalmışdılar, qarımışdılar. Soruşdum, dedilər baramaçılar kəsib. Həmin ili neçe-neçə gənc ali məktəblərə imtahandan tutlarımız kimi kəsildilər, əsgərliyə getdilər. Əsgər tutların altından keçdilər, olarla görüşdülər, şikəstləri sığalladılar, müharibəyə yollandılar. Bizim tutlar yenidən kötükdən xoça verdilər uzandılar, yenidən yaşıllaşdılar, amma bizim o vaxt müharibəyə gedən yam-yaşıl övladlarımız qayıtmadı. Onların yeri dolmadı, barı olmadı. Sevgililəri başqalarına qismət oldu. Onlar davaya gedəndə bizdə tut yetişmişdi, amma Şuşada hələ tutun nübarı olmamışdı. Bu nübarlar o nübarlara qurban getdi. Oların ağ tutlarının əlləri qoynunda qarıdı…
İllər Bakı küləkləri kimi hərəsi bir cür yanımızdan əsib keçir,biz qocalırıq,bizim tut ağızlı şəhidlərimiz gənc qalır..
 
İlham Əziz

Bizi Telegram-da oxuyun.