İyul 14, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

“Amma nədənsə ilham pərisi Milli Məclisin qapısından içəri girmir…” – Sabir Rüstəmxanlı

 

Sabir müəllim,xoş gördük, bu günlər özünüzü necə hiss edirsiz? Karantin necə keçir, həyatınızda, yaradıcılığınızda , iş rejiminizdə nə isə dəyişibmi?

-Dünyanın başının üstünü alan, mənşəyi və sonucu bəlli olmayan, hardan gələcəyini bilmədiyimiz təhlükə mühitində insan özünü necə hiss edə bilər? Virus təhlükəsi öyrəşdiyimiz həyat tərzini dəyişdirib, bütün dünyanın qəbul etdıyı qısıtlamalara uymaq  zorunda qalmışıq; bu, ortaya bir çox çətinliklər çıxarır. İşsizlər, kasıblar az deyil və hər gün onlardan müraciətlər gəlir. Dövlət bu sorunların həllini öz öhdəsinə götürsə də, yenə millət vəkili seçildiyim bölgədə  imkanın daxilində kimlərəsə yardım etməlisən. Karantin dövründə əsas işim bu olub.  Ovqatımızı gücümüz, inamımız, bir də yazımızla nizamlamalıyıq. Başqa ciddi bir dəyişiklik yoxdur. Karantinə qədərki günlərimdə də, indiki kimi yaşamışam. İş, ev, bağ. Şəhərə az-az çıxıram. Amma itirdiyim bir fürsət var,  o da rayonlarımıza getmək, daha bir baharın gəlişini izləməkdir.  Əvəzində  düşünmək imkanı var. Amma psixoloji basqı insanın işləmək enerjisini azaldır.

  • Sizi çoxsahəli fəalliyyətlə məşqul olan biri kimi tanıyırıq. Şeir, nəsr, publisistika, tərcümə, naşirlik, elmi və istimai-siyasi fəaliyyət. Harda özünüzü daha rahat hiss edirsiniz?
  • -Açığını deyim ki, bu gün heç birində. Çünki, bunlar  itirdiklərimizin əvəzi deyil. Torpaqlarımızın bütünlüyünü əvəz etməkdə və işğal altındakı  yerlərimizi azad  etməkdə acizik. Bir yandan da Sovet dövründəki qədər geniş oxucu auditoriyamız yoxdur. Bu suala şeirlə də cavab verə bilərəm.

Neçə yazılmamış şeirlərimi,

Atdım meydanların izdihamına.

Qatdım millətimin gur ilhamına,

Bircə söz saxladım “Azadlıq” sözü,

Dönüb yumruq olmaq öyrətdim ona.

  Gördüyümüz işlər,sözümüz ,kitabımız düşdüyümüz fəlakətlərdən çıxış yolu tapa bilmirsə, xalqın müşküllərini həll edə bilmirsə, yorğun ruhları dincəldə, sirinsəyən duyğuları tərpədə bilmirsə mənasızlaşır.

  Əslində gəncliyimdən üzü bəri mən yaradıcılığa bir estetik kateqoriyadan çox, ictımai missiya, vətəndaşlıq işi kimi baxmışam. Məktubu təkcə bəzəkli ifadələr, bənzətmələr seçmək, sözlə oynamaq qabiliyyətini göstərmək üçün yox, ilk növbədə ünvana çatmaq və xəbər çatdırmaq üçün yazırlar. Qınından çıxmayan qılınca, yaxşı kəsməyən bıçağa nə qədər bəzək vurursan vur!..  Çoxlu başqa yanaşmalar da var. Mənim mövqeyim belədir.  Buna görə də yazı-pozuya iş kimi baxıram, daha doğrusu millət işinin , insan mühəndisliyinin bir parçası kimi baxıram.  Nəticəsi olacaqmı, bəhrəsini görəcəyikmi? Bu  ayrı məsələdir. Mən əkinçiyəm, işim toxum səpməkdir. O toxumun taleyinin necə olacağını, havanın, yağışın, qarın onun üçün hansı  sürprizlər hazırladığını düşünsən, hərəkət dayanar! Yola bu inamla başladığıma görə janr haqqında az düşünmüşəm.  heyif ki,yazmaqdan çox danışmışam. Dünya boyu! Saysız rəsmi, qeyri görüşlər uc-uca calanıb. İmkan nəyə çatıb, onu eləmişəm. Yaradıcılıq həyatı masasının başında keçən  xoşbəxt qələm əhlindən olmamışıq.  Harda daha rahat oluram? Əlbəttə, ilk növbədə xalqın içində!  Şeirlərimdən biri bu duyğudan doğulub:  

                Yenə bir meydan…

                Adı Azadlıq olmasa da olar,

                Ruhu azad olsa yetər.

                Yenə bir xalq…

                Min ildir gəlir bu yolu,

                Alnında duz bağlayıb tər.

                Nə qədər sındırılsa da,

                İradəsi sınmazdır millətimin.

                Ləyaqətini və düzlüyünü

                Qoruya bilsə əgər!               

                …Yenə bir meydan!

                Sinəmdən fışqıran sözüm!

                Son səngərə dönsəm də,

                Ürəyim darıxmasın!

                Azadlıq! Müstəqillik!

                Mənim qazandığıma

                Yadlar sahib çıxmasın!..

  • Ömür kitabını cehiz aparan qızlar vardı. Maraqlıdı öz ömür kitabınızın səhifəsində hansı günləri yazmaq istərdiniz ki, onları hələ yaşamamısız?
  • -İlk  olaraq Qarabağ torpaqlarının azad olacağı günləri, İran türklərinin Fars rejimindən xilas   sevincini. Bir də qeyri-adi bir fürsət ola: insan ömrünün son anlarını və ölümlə görüşünü də yaza bilə…
  • Sizin fikrinizcə yaradıcılıq insanı yaşamağa ruhlandırır ya həyatı çətinləşdirir?
  • -İkisi də var. Uğurlu yaradıcılıq işi xöşbəxtlikdir. Gecə-gündüz nəfəs dərmədən çalışsan da çəkdiyin əziyyət özü belə səni yaşamağa ruhlandırır. Eyni zamanda Anar demiş “anlamaq dərdi”, həyatı cəhənnəmə çevirir.  Yazıçı işi cəmiyyətlə ömürlük dialoqdur. Səsinin eşidilməsini və dediyi sözün təsirini duymaq onun doğal istəyidir. Yəni sözünü havaya üfürmək xoşa gələn bir iş deyil.. Ədəbiyyat həm həkimdir –müalicə edir, həm hakimdir – hökm verir, dəyərləndirir. Bu mənada müalicə olunmaq istəməyən, etdiyi yaxşı və ya pis əməllərin hakim gözündəki dəyərini və ya  cəzasını bilmək istəməyən bir cəmiyyətdə yaşamaq qələm adamı üçün dözülməzdir. Bizim cəmiyyətin anlaşılmaz meyillərindən biri başqasını böyük görmək xəstəliyidir. Özümüzkünə üstdən aşağı baxar, yabançının qarşısında diz çökər. Zəhər də olsa, xeyir verməsə də kənardan gətirilmə ilaca-dərmana ümid bağlar. Ədəbiyyata münasibətdə də belədir. Beşinci dərəcəli “İmport” kitabları öz taleyini göstərən “yerli” əsərlərdən üstün tutar. Dediyimin gəlişi gözəl söz olmadığını görmək istəsəniz sosial mediadakı oxu və kitab sorğularına göz ata bilərsiniz.  Kitab işinə qayğı artmalıdır. Kitabların Kitabxana kollektoru tərəfindən alınıb kənd kitabxanalarına göndərilmə ənənəsi bərpa olunmalıdır. Qonorar sistemi nizama salınmalıdır. Kitablarımızın xarıci dillərə tərcüməsini dövlət öz himayəsinə götürməlidir. Yazıçının həyatını çətinləşdirən başlıca amillər bunlardır.
  • Yaradıcı insan üçün həyatın reallıqlarını qəbul etmək çətin deyil ki?
  • -Həyatın reallıqlarını görməyən, onu içindən və taleyindən keçirməyən, millətinin mənəvi və ictimai sıxıntılardan xilas yolunu axtarmayan adam normal yazıçı ola bilməz!
  • Heç yorulub adi, sıradan həyat yaşamaq istəmisiz?
  • -Mən bütün ömrüm boyu belə yaşamışam. Özümü başqalarından yüksək tutmadan, sıravi vətəndaşlarımızdan biri kimi , toplumdan ayrılmadan! Özümü və gördüyüm işləri gözə soxmağı xoşlamıram! Gənclikdə şöhrət haqqında düşünmüşəm,  sonra şöhrət özü tapıb məni,  indi ondan qaçıram. Ehtiyac içində yaşayanları görəndə tikəm ağzımda donur. Evsizləri düşünəndə dörd divar arasında  sixiliram.  Atam haqqında yazdığım bir şeir var. Onun bir bəndi mənim öz taleyimdir.

Sevin ki, atalar heykəli təki,

Ey ürək, nişana qalanlardanam.

Mən elin əlindən qılıncı ilkin,

Çələngi sonuncu alanlardanam.

  • Bir vaxtlar oxucu məktubları yazılırdı. Yaddaşınızda ilişib qalan məktub varmı?
  • -Məktub söhbəti dana çox cavanlıq illərimizi xatırladır. Elə elə o  ovqatla da cavab verim: Aldığım məktubları mövzular üzrə üç yerə bölmək olar:
  • Birinci, gəncliyimdə aldığım sevgi məktubları. İkinci, kitablarımla və daha çox “Ömür kitabı” ilə  bağlı olan oxucu məktubları. Üçüncüsü, meydanı idarə elədiyim günlərdə və meydan hərəkatı dövründə gələn məktublar.
  • İndi də bu əlaqələr üzülməyib, lakin daha çox sosial mediada yazırlar və getdikcə qaçqınlardan, seçicilərimizdən gələn şikayət məktublarının sayı artır. Birinci qisimdən olan məktublar gizli qalır. Ünvanımı  bilməyənlər bir zamanlar o məktubları Yazıçılar ittifaqına yazırdılar. Orda katibə işləyən yaşlı  qadın buna görə mənə qəzəbli idi, bunu yazıçı üçün yolverilməz sayırdı. Onları bir yerə yığıb sirlərimin özəl bir qovluğunu hazırlayıbmış. Amma bu sirləri açmaq ona qismət olmadı, onun ardınca işə gələn yazıçı-jurnalist  Elmira Axundova dostumuz idi, sonralar yazdığına görə mənə hörmət əlaməti olaraq həmin qovluğu, Yazıçılar ittifaqının həyətində yandırmışdı ki. ələ düşməsin. Evdə olanları da gizləyirdim. Necə olubsa bu məktublar Tənzilə xanımın əlinə düşüb, o da hamısını bir yerdə həmin vaxt  haqqımda kitab yazan Qənirə Bəyzadəyə verib. Qənirə Bəyzadənin iki cildlik kitabının bir fəsli həmin məktubların şeirlərə təsirinə həsr olunub: “ Gül ətirli məktublardan sətirlər.”  Bir sözlə  qorunmaq çətindir…

Məni sarsıdan, günlərlə yadımdan çıxmayan məktublar çox olub. Xüsusən Qarabağ müharibəsi başlayandan sonra insanların faciələrini göstərən, göz yaşı ilə yazılmış məktublar. Və təəssüf ki, bu günə kimi həmin məktubların arası kəsilmir. 

     Başqa ovqatla yazılmış bir məktub da yadımdan çıxmır. Bu yaxınlarda arxivimi qurdalayanda, kağızların arasından rayonlarımızın birindən gəlmiş və açılmamış bir  məktub çıxdı. Necə olubsa gözümdən yayınıb. Açdım, yeniyetmə saflığı ilə yazılmış, içdən gələn və adamın ürəyini titrədən bir sevgi etirafnaməsi,  arasında da son dərəcə gözəl bir qız şəkli… Əslində burda qeyri-adi bir şey yoxdur. Qeyri-adi olan mənim gəncliyimə yazılmış məktubun yaşlı vaxtıma çatması idi. Zaman keçib, ömür mənim gəncliyimi və o şəkildəki gözəlliyi alıb aparıb. Amma sözlər hələ də ürəyi titrədir. Şübhəsiz hər məktubun dalınca gedilmir. Buna baxmayaraq, heç olmasa bir minnətdarlıq bildirmək olardı. Bu hadisə mənə Mopassanın cavanlıqda oxuduğum, bu günə kimi unuda bilmədiyim bir hekayəsini xatırlatdı.

Aldığım məktubları və teleqramları da qoruyub saxlayıram. Çünki,  onların hər birinin arxasında bir insan dayanır; o məktublar əsasında millətimizin taleyi ilə bağlı gözəl bir publisistik əsər yazasan.

  • Bəs siz gənc yaşlarınızda hansısa məşhura  məktub yazmısınızmı?
  • -21 yaşımdan “Ədəbiyyat və incəsənət” qəzetində işlədiyimdən bütün nəsillərdən olan məşhurlarımızla tanış olmuş , onlara demək istədiklərimi demişəm, yazmışam. Amma orta məktəbin yuxarı siniflərində oxuyarkən bəyəndiyimiz əsərlərinin müzakirəsinə dəvət etdiyim yazıçılar olub. 10-cu sinifdə oxuyarkən  o vaxt “Tikanlı məftillər” povesti rəğbətlə qarşılanmış Əhmədağa Muğanlıya məktub yazıb məktəbimizə, kitabının müzakirəsinə dəvət etmişdim. Bu yaxınlarda Araz Qurbanov atasının arxivində rastlaşdığı həmin məktubu mənə verəndə o hadisəni xatırladım. Ucqar rayonda yaşayan bir 10-cu sinif şagirdinin bədii əsər haqqında düşüncələrini bölməsi mənə maraqlı gəldi.  Başqa məktublar da olub. Məsələn, evsiz illərimdə o vaxt Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevə bir teleqram vurmuşdum. Və o teleqramın nəticəsi olaraq, onun tapşırığı ilə mənə ev verdilər. Teleqram cəmi iki cümlədən ibarət idi.  Qarabağ məsələsi ilə bağlı Qarbaçova da məktub yazmışdım.
  • Maraqlıdır Milli Məclisdə şeir yazdığınız olubmu?
  • -Bir kəskin mübahisədən sonra demişdim ki, Milli Məclis şeytan ocağıdır. Sonra bunu nə mənada dediyimi də anlatmışdım və heç kim də inciməmişdi. Amma nədənsə ilham pərisi məclisin qapısından içəri girmir.
  •  
  • Gündəlik yazmısınızmı və nə vaxtsa memuarlarınızı çap etdirmək fikriniz varmı?
  •  
  • -Ara-sıra nələrsə yazmışam, amma ardıcıl yazmaq imkanı olmayıb. Çünki şeirlərin, publisist yazıların , bəzi nəsr əsərlərim elə memuarlarımdır.
  •  
  • Sözün mistikası var. Yazdığınızın sonradan başınıza gəldiyi hallar olubmu?
  • -Şəxsən mənim başıma gəlməsə də xalqımız üçün arzuladığım və güman elədiyim bir çox şeylər sonradan başımıza gəlib: Müstəqillik, Arazın üstündən yolların açılması, ana dilimizin alçaldıcı sıxıntılardan qurtarması və sair.
  •  
  • Sizi yazdıran nə oldu? İlk şeiriniz hansı mövzuda olub? O şeirin özəl bir xatirəsi varmlı?
  • -Bu suala çox cavab vermişəm, təkrar eləmək istəmirəm. Ilk şeirim ailəmizə üz vermiş qəmdən, ağrıdan doğub. Mətbuatda çap olunan ilk şeirim isə kənd haqqındadır, tam başqa bir ovqatla yazılıb. Bu paralel xəttlər bu günə kimi uzanır. Yazdıqlarımın bir hissəsi  taleyimizə söylənən ağıdır, bir hissəsi Vətənə sevgi və xalqımızın gələcəyinə inam nəğmələridir.
  •  
  • Böyük bir ömür yolu keçmisiniz, “Ömür kitabı”nıza nəzər salanda “kaş ki” dediyiniz anlar olubmu?
  • Ömür o qədər qısadır ki, səhvləri düzəltməyə vaxt  çatmır.  Keçdiyim yolları xatırlayanda “kaş ki” dediyim məqamlar var, lakin heç nəyi qaytarmaq mümkün olmadığından qalan ömrümün qədrini bilmək,  vaxtı düzgün dəyərləndirmək lazımdır.
  •  
  • Sevmədiyiniz sual hansıdır?
  • Heç bir sualdan çəkinəcəyim yoxdur, bununla belə alt niyyətlə, səmimi verilməyən sualları sevmirəm.
  •  
  • Məndən gözlədiyiniz, lakin vermədiyim sual oldumu?
  • Sual adlı bir şeirim var.

Başımın üstündə Ay – ağappaq bir sual,

Qarşımda Yol – cavab istər hər dolanbacı,

Sualdır atdığım hər addım,

Haqqa qurulan dar ağacı…

Bir sual işarəsidir göy qurşağı,

Yer kürəsi nöqtə… altında…

Suallar dəvənin boynunda,

Qartalın bükülən qanadında!..

Bir cavabsız sualdır dünyaya gəlməyimiz…

Cavab vermir bu dünya… göylər… göydəki ilahilər…

Tək bir cavab tapmışdım sənin ürək odunda,

Yüz-yüz əyri sorunu susduran inadında!..

Sən bütün acılara şirincə bir əlvida,

Ömür adlı cümləni tamamlayan bir nida!

Bu gün səsim qeyb oldu, gəlmədi əks-sədası,

Suala döndüm özüm, ölü doğuldu arzum…

Cavab ver!

Susmaq yaraşmır Sənə!

Adiləşmə!

Lal olma!

Tək cavabım Sən ikən,

Sən də bir sual olma!

Bir millət vəkili kimi ədəbiyyatla və mədəniyyətlə bağlı təklifiniz varmi və olacaqmı?

  • -Mən elə gəncliyimdən mədəniyyət və ədəbiyyatımızla bağlı təkliflər vermək, həllini vacib saydığım  məsələləri yada salmaq işi ilə məşğulam. Azərbaycanda türklərdən əlavə azsaylı xalqlar da yaşayır; hamısı vətəndaşımız, qardaşımızdır. Onları vahid Azərbaycan mədəniyyəti birləşdirir. Azərbaycan vətəndaşlarını bölünməz bir millətə çevirən həmin mədəniyyətdir. Onun qədrini bilmək və onu qorumaq, gəlişdirmək lazımdır. Buna görə də ucqar kəndlərdəki mədəniyyət ocaqlarımızdan, tarixi və etnoqrafik abidələrdən  başlayaraq,  mədəniyyət adına nə varsa hamısı qorunmalıdır. Əhməd Ağaoğlu deyir ki, mədəniyyət yaşam tərzidir. Yaşayışımızla bağlı qaygılarımız çoxdur; ana dilinə münasibətdən tutmuş, toylarımıza, yaslarımıza qədər. Bu məsələlər barədə hər kəs düşünməlidir…
  •  
  • Son olaraq yeni fəaliyyətə başlamış saytımız Yazarbaycan.az-a arzunuz, tövsiyyəniz...
  • -Xeyirli-uğurlu olsun.Uğur arzulayıram.

Hörmətli Sabir müəllim,təklifimizi böyük səmimiyyətlə qəbul edib,bizə vaxtınızı ayırdığınız üşün sizə Yazarbaycan ailəsi adından sonsuz təşəkkürlərimizi bildiririk.Minnətdarıq.

 

Söhbətləşdi: Aysel Xanlarqızı Səfərli

Bizi Telegram-da oxuyun.