İyul 9, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 136 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 136 il ötür.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.

Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

Əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə ilə M.Ə.Rəsulzadənin tanışlığı olmuşdur. İstanbulda çıxan “Dünya” qəzetindəki M.Ə.Rəsulzadənin “Stalin ilə inqilab” adlı silsilə xatirə-məqaləsinə görə hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq M.Ə.Rəsulzadə onu ölümdən xilas etmişdir və o, Müsavatçılar tərəfindən Stalinin Bayıl həbsxanasından qaçırılmasının da təşkilatçısı olmuşdur.

1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya  apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan “Novıy Vostok” jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, jurnalın 2-ci nömrədə M.Ə.Rəsulzadənin “Qədim İranın kommunistləri” adlı məqaləsi çap olunacaq. Ancaq saydakı xəbərə baxmayaraq, bu məqalə çap edilməmişdir. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çox yəqin ki, M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin xatirə yazısında öz əksini tapmışdır. O yazır:

“Müsavat” partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M. Ə. Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhim bəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətilə M. Ə. Rəsulzadə ilə təmasda olmuşlar. Məhəmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir.

M.Ə.Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi,Xarici İşlər Nazirliyinin təmsilçisi ŞULENBERQ vasitəsi ilə olub.M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyininn Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi.Bununla əlaqədar o,Almaniyada olarkən “Milli Azərbaycan Komitəsi”ni yaratmış,Almaniya hökuməti ilə danışıqlar aparmışdı.Lakin Hitler “komitələr” deyil,məhdud səlahiyyətli “milli komisiyalar” yaratmağa üstünlük vermişdi.

Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə belə bildirdi :
“Hitlerçilik hər şeydən əvvəl komunizm demaqogiyasıa qarşı çıxış etmək üçün yaranmış bir ideyadır.O,faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş,lakin oradakı beynəlmiləlçiyi millətçiliklə əvəz etmişdir”.

Almaniyada 1932-1934-cü illərdə nəşr edilən “Demokrasi və Sovetlər” məqaləsində isə M.Ə.Rəsulzadə faşizmə münasibətini belə açıqlayırdı:
“Daxildə xaricdəki düşmənlərinin qənaətincə,Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş,təsisinə başladığı idarə İtaliyada olduğu kimi,faşist diktatorluğu imiş.”

M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində çap olunmuşdur. Ə.Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o “İrşad” qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun “Türk-rus və rus-türk lüğəti” kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)” kitabını Azərbaycan dilinə təcümə edib və “Təkamül” qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.

1908-ci il dekabrın 5-də Məhəmməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə “Azərbaycana muxtariyyət” şüarı fikrini yaymağa başlamışdır. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı “Nagəhan bəla” adlı pyesi də vardır.

M.Ə.Rəsulzadə Türkiyədə olarkən “Yeni lisançılar və türkçülər” məqaləsini, Təbriz həyatından bəhs edən “Bir xan” adlı kiçik hekayəsini, “Dil – ictimai bir əməldir” yazısını “Şəlalə” jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.

Bundan başqa, o proletar ədibi M.Qorkinin “Ana” əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əliabbas Müznibin redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan “Dirilik”-in birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin “Dirilik nədir?” adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifələrində çap etdirdiyi “Milli dirilik” başlığı altındakı baş məqalələrdə “Azərbaycan qayəsini” yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş “”Müsavat” partiyası keçmişdə və bu gün” adlı kitabında yazır ki, guya “1917-ci ilə qədər Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü”. Bu fikir özü-özülüyündə yanlış idi. Çünki Rəsulzadə 1911-ci ildə İstanbulda “Türk yurdu” jurnalında çap etdirdiyi “İran türkləri” məqaləsində Azərbaycan anlayışının həmçinin Qafqaz hissəsinə də aid olmasını qeyd etmişdir.

Onun “MAR”, “MAR-zadə”, “M.R-zadə” “Haman”, “Sosialist” və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.

1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir.

M.Ə.Rəsulzadə həyat yoldaşı Leyla ilə

1923-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti” kitabı çap edilir. “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir. 1923-cü ildə İstanbulda çap edilən “Əsrimizin Səyavuşu” əsəri Rəsulzadənin dahi İran şairi Firdovsinin “Şahnamə”sindən təsirlənərək ,hadisələri zaman və məkan etibarilə dəyişib İran-Turan müharibələri ilə əlaqələndirərək yazdığı bağımsızlıq ruhunda yazılmış əsərdir. “Əsrimizin Səyavuşu” əsəri Məmməd Əmin Rəsulzadənin Azərbaycan gənclərinə xitabəti ilə sona çatır:

“Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: – Bir kərə yüksələn bayraq bir daha enməz!”.[21]

1923-27-ci illərdə onun redaktorluğu ilə İstanbulda “Yeni Qafqasya” jurnalı nəşrə başlayır, ancaq Moskvanın tələbi ilə kamalist hökumət jurnalı bağlayır və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayır.

M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda “İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi”, “Millət və Bolşevizm” və “Qafqasya türkləri” kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə “Azəri türkü” (1928-1931), sonra isə “Odlu yurd” (1929-1930) jurnalları və həftəlik “Bildiriş” (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində “Azərbaycan və istiqlaliyyəti” və rus dilində “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən “İstiqlal” (1932-1934) qəzeti və “Qurtuluş” (1934-1938) jurnalı çap edilirdi.

1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan “Azərbaycan respublikası haqqında bəzi qeydlər” adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində “Azərbaycan problemi” və 1939-cu ildə Varşavada polyak dilində çıxmış “Azərbaycanın hüriyyət savaşı” kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş “İslam-türk ensiklopediyasının” 1-ci cildində “Azərbaycan ləhcəsi” adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə “Azərbaycanın kültür kələnkləri” adlı kitabı işıq üzü görmüşdür. Onun “Çağdaş Azərbaycan ədəbiyyatı” (1950-ci il) və “Çağdaş Azərbaycan tarixi” (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada “Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.

Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan “Ukrayna” toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində “Azərbaycan respublikası” məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında “Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid” məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan Türk ensiklopediyasında Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, “Türk tarix qurumu” və “Türk dili qurumu” ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələri yerləşdirilmişdir. Təkcə buradan M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığına bələd olmaq olar. O, İkinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan “Qafqaz” (1932-1938) və fransızca buraxılan “Prometey” (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan “Məhəmməd Əmin Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M. Əlif Rəsulzadə” və s. qeyd etmək olar.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə “Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” fərman imzalayıb.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.


Bizi Telegram-da oxuyun.