İyul 9, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Stalinin “Qafqaz gözəli” adlandırdığı, səhnəmizin ən gözəl qadınlarından biri… – Leyla Bədirbəyli

Azərbaycan səhnəsinin gözəllik pərisi adlandırılan Səməd Vurğunun “Allı-güllü Leyla”,Stalinin “Qafqaz gözəli” adlandırdığı Leyla Bədirbəyli 1920-ci ildə , 8 yanvarda Bakıda anadan olub.Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı,atası Ağalar bəy isə bölgənin bəylərindən biri olub.Uşaqlığı İçərişəhərdə keçən Leylanın anası qadın dərnəyinə gedəndə onu da özü ilə aparır.Leylanın incəsənətə marağı o vaxtdan yaranmağa başlayır.O,səhnəyə çox gənc yaşında çıxır.13 yaşında ikən filarmoniyanın mahnı və rəqs ansamblının üzvü olur.

Filarmoniyada sırf onun üçün rəqslər qurulurdu.Üzeyir bəyin yaratdığı bu rəqs ansamblı ilə birlikdə Leyla 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyündə iştirak edir.Bu ongünlükdə iştirak edən Stalin Leylanın rəqsini o qədər bəyənir ki,onu çağırıb kim olduğunu soruşur və ona “sən Azərbaycan gözəlisən”deyir.

1941-ci ildə 21 yaşlı Leylanı dram teatrına dəvət edirlər.Aktrisa 1975-ci ilə kimi bu teatrda çalışır.”Azdramadan” getməsinə səbəb isə teatrda onun haqqında dolaşan şayiələr idi.

1945-ci ildə “Arşın mal alan” filmi çəkilməyə başlayan zaman “Gülçöhrə” roluna 100-dən çox namizəd var idi.Onların hər biri sınaq çəkilişlərində olsalar da,Leyla heç bir sınaq çəkilişində iştirak etmir və Üzeyir bəyin təşəbbüsü ilə bu filmə çəkilir.

O,rolunu elə təbii canlandırır ki, həmin zaman Rəşid Behbudovla Leyla Bədirbəyli arasında məhəbbət macərasının olduğu da yayılmışdı.

Aktrisa “Görüş”, “Onun böyük ürəyi”,”Dəli Kür”,”Kişi sözü”,”Dərviş Parisi partladır”,”Asif,Vasif,Ağasif”,”Koroğlu” və s. filmlərdə çəkilib.

O,1937-ci ildə çox gənc yaşda gənc rəqqas Fərəc Cavanşirovla ailə qurur.1937-ci ildə oğlu dünyaya gəlir,ancaq bu evliliyin ömrü çox da uzun olmur.

1942-ci ildə diş həkimi Kamil Aslanovla ailə həyatı qurur,cütlüyün 5 il sonra Lalə adlı bir qızı dünyaya gəlir.1964-cü ildə isə Bikə adlı ikinci qızları dünyaya gəlir.

1995-ci ildə aktrisanın həyat yoldaşı Kamil Ukraynada yol qəzasına düşür və dünyasını dəyişir.Leyla xanım bu itkidən bərk sarsılır.

Bu hadisədən bir il keçməmiş aktrisanın böyük qızı Laləni kukla teatrının qarşısında maşın vurur və o,dünyasını dəyişir.Bu iki ağır itkidən sonra aktrisa 3-4 il ərzində evdən çıxmır və heç kimlə ünsiyyət qurmur.

Yalnız 1998-ci ildə prezident Heydər Əliyev ona “İstiqlal”ordeni verərkən evdən çıxır və o, “İstiqlal” ordeni alan ilk qadın olur.

Getdikcə onun səhhətində problemlər yaranmağa başlayır.1999-cu ilin 23 noyabrında Leyla Bədirbəyli 79 yaşında dünyasını dəyişir.

Həmin gün də o,heç kimlə bir kəlmə də kəsmir.Aktrisanın məzarı 1-ci Fəxri Xiyabandadır.

Bizi Telegram-da oxuyun.