Noyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

“Bütün sevgilərimi bir nəfərdə cəmləyib sətəlcəmdən qorunmağa çalışıram…”- Ayaz Arabaçı ilə müsahibə


– Xoş gördük… Maraqlı şeirləriniz var. Forma cəhətdə ənənəvi üsluba müraciət edilsə də, məzmun baxımından sərbəst, heç bir qəlibə sığmayan azad düşüncənin ifadəsi olan şeirlərdir. Özünüz də maraqlı insansınız. Bir qədər də kənarda olmağı xoşlayan, “çəkisini” saxlayan birisiniz. Bu, nədən irəli gəlir? Təvazökarlıq, yoxsa özündənrazılıq?


– Özündənrazılıq hissi mənə tamamilə yaddır,əksinə istiqanlı,adamlara səmimi münasibət bəsləyən biriyəm.Bəlkə adını aşırı olmayan təvazö də qoymaq olar. Hər halda kənardan necə görünməyimin o qədər də əhəmiyyəti yoxdur, bu mənə kompleks yaşatmır. Necəyəmsə eləyəm, artıq cəhdlərə vaxt ayırmıram.

– Deməli özünə güvənən, özünü tanıyan insansınız. Amma bu hay-küylü, reklamçılığın öndə olduğu bir zamanda bəlli kənarda qalmaq sindromu da yaradır. Bu sizi narahat etmir ki?

– Azad şəkildə düşünmək adama həsrətində olduğu səadəti dadızdıra biləcək yeganə nəsnədir. Praqmatik baxımdan, hələlik məhəbbəti bura qatmayaq. Düşündüklərini azad şəkildə ifadə etmək nəyə desən dəyər. Reklam indi günün tələbidir,qaçılmazdır, amma, bu, əşyalara aid olduğundan zənnimcə sənətə az dəxli var, xüsusilə ədəbiyyata. Yazarı əşyalaşmağa aparan həvəs məni ağrıdır. Kim yaxşı nümunələrin həsrətindədirsə tapıb oxuyacaq, əsas narahatçılıq yaza bilməkdədir.


– Bəs oxucu sarıdan nigarançılığınız yoxdurmu? Oxucuya etibar edirsiniz? Əslində, oxucu özü də formalaşmalıdır. Amerikan yzıçısı V. Nobakov deyirdi ki, oxucu yetkinləşməkdə olan yazıçı olmalıdır. İndi oxucular bəzən bədii tələblərə cavab verməyən şeiləri də bəh -bəhlə qarşılayırlar. Oxucularınızı müəyyənləşdirmisinizmi? Sizcə daha çox hansı təbəqəyə aid etmək olar onları?


– Mən əslində özüm üçün yazıram, oxucu üçün yazmıram. Ona görə də yazmaq çətin olmur mənimçün. Oxucuya hesablanıb yazmaq çətindi, başdan-ayağa tərəddüddür. Nə bilirsən o, nəyi xoşlayır? Bu suala birmənalı cavab vermək də olmur. Bəzən çox zəif sandığım şeirim elə bəh-bəhlə qarşılanır ki… Hər halda şeirdə şablon ifadələri işlətməkdən qaçılmalıdır. Oxuculara etibar edirəm, onlarla fikir mübadiləsi aparıram. Sağ olsunlar,elə tələbkar və güclü bədii səviyyəsi olanlar var ki,”adamın pişiyini divara dırmaşdırır”.


– Bəlkə, elə məhəbbəti də qataq bura. Sevgi şeirlərinizdə necə, azad və cəsarətlisinizmi? Düşüncəniz sizə səadəti “dadızdıra” bilirmi? Sözsüz ki, qəlbinizə iz salan ilk sevginiz olub…


– Yox, gizlətmək fikrim yoxdur. Söz ki,sevgidən düşür, istər-istəməz dönüb uşaqlaşıram,çünki, bu hissləri mən çox erkən yaşamışam. Sevdiyim qız məndən xeyli böyük idi,hardasa yeddi yaş… Mən o zaman 8-ci sinifdə oxuyurdum. Həm də o, nişanlıydı.Sözsüz ki, məni ciddi qəbul edə bilməzdi, amma, çox istədiyini bilirdim. Bəlkə də, o qızda nəfsim qaldı -belə demək olarsa. O, ailə qurdu və xoşbəxt olmadı. Sonralar eşitdim bunu. Həyatda dəli kimi vurulduğum vaxtlar olub. Şeirlərimdə hərəsindən bir az var, ümumiyyətlə yaşantılarımdan başqa bir şey yaza bilmirəm. Filosoflardan biri deyir ki,yalnız bir nəfərin zövqü üçün yazın,əgər pəncərəni açıb bütün dünyaya eşq elan etsəniz sizin hekayəniz sətəlcəm ola bilər. Bütün sevgilərimi bir nəfərdə cəmləyib sətəlcəmdən qorunmağa çalışıram.


-Belə deyirlər ki, sevib ayrıldığın insan, aradan uzun bir zaman keçdikdən sonra sənin üçün dünyanın ən maraqsız, heç bir əhəmiyyət kəsb etməyən insanına çevrilir. Yəni, ölmüş hisslərin yenidən cücərməsi heç cür mümkün olmur. Sizsə belədirmi? Ümumiyyətlə, o xanımla rastlaşsanız nələrsə yenidən yaşana bilərmi?


-Yox, o hisslər heç vaxt ölmür,həmişə təzə-tər qalır. Sadəcə, keçmişlə rastlaşmaq isə uğurlu və sevindirici olmur, keçmiş o gözəl yaşantıların,hisslərin bakirəliyini pozur.

Bir dostum mənimlə dərdləşəndə bunu belə ifadə etmişdi: “Onu illər sonra tapdım,telefonla zəngləşib görüş təyin elədik, görüşdük. Mənim sevdiyim qızdan əsər-əlamət yox idi,damarları çıxmış əlləri,çuxura düşmüş gözləri,zümrüd dişlərinin yerində gizləməyə çalışdığı solğun rəngli protezi”. O, gördüyünü danışırdı,dinləmək belə dözülməz idi.Bir anlığa dönüb keçmiş günlərə baxanda ruhunu döyəcləyən zərif nidaların qəfildən amansız zərbələrə çevrildiyini görürsən.Nə bilim, bəlkə də belə deyil,hərənin başqa cür düşünmək haqqı var, Taqorsayağı desək,

“Mən qəlbimdəki qiymətli sözü cürət eləyib deyə bilmədiyim üçün onları yalan şəklinə salıb danışmağa çalışıram.”


-Şeirlərinizdə cəmiyyətə, insanlara müəyyən mesajlar var. Amma didaktikadan uzaqdır.Yəni nəsihət verməyi sevmirsiniz. Sadəcə anladırsınız. Amma deyim ki, bir qədər sərt şəkildə “anladırsınız”. Sonradan başınız ağrımır ki? Yəni yaxınlarınızdan məsləhətlər verən olubmu ki, bir qədər sərt səslənir fikirləriniz?!


-Nə nəsihət verməyi xoşlayıram,nə də kiminsə nəsihətini dinləməyi. Heç vaxt heç nəyi planlaşdırmamışam. Bu onsuz da məndə alınmır,yelkənli külək hara qovsa, ora gedirəm.Didaktika istəyən böyük Nizamiyə,Sədiyə,Hafizə və başqa klassiklərə müraciət eləsin. Yazılarımın sərtliyi xarakterimi tamamlayır,cəmiyyətdə baş verən aşınmalar,layiq olmayanların tutduqları mövqe,hərislik,yaltaqlıq məndə aqressiya yaradır.Bu baxımdan yazılarım elə alınır yəqin ki. Buna görə məni qınayanlar var, əlbəttə. Amma, bu saflığa,həqiqətə xidmət də mənim payıma düşən hissədir.


-Bu xarakter sizin doğulduğunuz torpağın təbiətindən də irəli gələ bilər. Çox gözəl bir torpağın övladısınız. O yerləri tərk edib sıx, və darıxdırıcı şəhərə pənah gətirdiniz...


-Dağlar bizə sərt olmağı öyrədib.Ona görə də biz həyatda heç nəyə asan nail olmuruq.Gərək ki,Cabir Novruz yazıb:

“Diş-dırnaqla qazandığım səadəti,

Min-min hazır səadətə dəyişmərəm.”

Bütövlükdə vətənimiz gözəldir,eləcə də, onun bir parçası olan Gədəbəy.Torpağımız da sözümüz kimi mənəvi diriliyimizi saxlayır.Yadımda geniş və aydın üfüqlər qalıb daha çox.Yalan nə deyim,cismimi götürüb qaçdım oralardan,ruhum qaldı. Elə indi də burnumun ucu göynəyir,Şəhərə gələcək barədə xoş duyğulara aldanıb gəldim,çoxlarıtək. Amma, orda könlümün intonasiyasını qoydum. İndi meqapolisdə təngiyən nəfəsim zümrüd meşələrə, köpüklü dağ çaylarına,şehli çəmənlərə daha çox can atır.Orda həyat həqiqətləri şirin,gözəl,sadə və kövrək şəkildə ifadə olunur.

İnsan kimi formalaşmağımda atamın da xüsusi rolu olub. Atam yaxşı müəllimdir,mənalı ömür yaşayıb.zəhmli adamdır. Həm də kövrək,duyğulu insandı, çox həssasdır.Həmişə adını qorumağa çalışmışam, buna baxmayaraq,bir sıra yaramaz işlərin altında pozulmayacaq imzam var. Yayı nə gədər gərsən ox gözündən bir o qədər uzağa düşər. Keçmiş tələbələri də onu çox istəyirlər. Kəndə gedəndə baş çəkirlər. İndi təqaüddədir.Cansağlığı arzulayıram ona.

-Şeirlərinizdə mətnə daha çox fikir verirsiniz. Sizin üçün mətn formadan daha irəlidədir. Əksəriyyətin formaya daha çox fikir verdiyi, qərbin şeir modelini cəhdlə yaradıcılığına gətirdiyi halda ənənəvi görünməkdən qorxmursunuz ki?

-Mənimçün mətn əsas şərtdir. Bizdə sanki ənənəvi şeir deyəndə bir-birinin təkrarı olan əldəqayırma misralar yığını başa düşülür.İndi belə demək mümkünsə, meyarlara şübhə ilə yanaşan,ala-bula şeirlərlə ilham atlarının bağrını yaran,həqarət və təhqirlə şöhrət pillələrinə qədəm basan xeyli müəlliflər var.Onlar orijinal üslubdan danışsalar da, dar,cılız mövzu çərçivələrini aşa bilmirlər.Sürəkli müşahidələrim,bu mülahizələrə imkan verir. Ənənə xəlqi dili əks etdirir.Bu da doğru-düzgün düşüncənin,fikrin güzgüsüdür, Mən ənənəyə bağlıyam, təmtərağı,gurultunu sevmirəm.Ənənədən qaçmaq, zənnimcə hər sahədə labüd iflasa aparır.Musiqi dinləyəndə də,nə qədər gözəl ifa olur olsun,kimin ifa etməyindən asılı olmayaraq mətn heç bir şey ifadə etmirsə gözümdən düşür.


-Tənqidçilər özləri də forma anlayışına çox həssas yanaşırlar. Bu sahədə onlar da yetərincə praqmatikdirlər.Nədənsə, Qərb modelinə, Avropa ədəbiyyatı ilə sintezə daha çox üstünlük verirlər. Məncə, bu baxımdan sizin yaradıcılığınızdan bir qədər ötüb keçirlər…


-Ola bilər Bu, onların şəxsi işidir. Bir az sosial çətinliklərdən irəli gələn səbəblərdən də yarana bilər. Artıq bəzi tənqidçilərin tamadalaşmaq qorxusu da var.Bir də ki, bayaq qeyd etdim. Mən yaradıcılıqda o qədər də təmənnalı deyiləm. Yəqin şeirlərimdə tənqid ediləsi, yaxud təriflənəsi bir şey tapmırlar.


-İmzasını bəyənərək mütaliə etdiyiniz şairlərdən kimlərin adını çəkərdiniz?


-Sevdiyim şairlər çoxdur. Azərbaycan poeziyasında çoxlu gözəl şeir nümunələri var,bir-ikisinin adını çəkmək insafdan deyil, Həm də, mən sevdiklərimi paylaşmıram. Qısqancam,sevdiyim şairləri şəxsi mənəvi xəzinəm hesab eləyirəm. Həqiqətlər üçün böyük sükuta sığınmışam.


-Sizə yaradıcılıq uğurları arzulayırıq!


Söhbətləşdi: Narıngül Nadir

Bizi Telegram-da oxuyun.