İyul 9, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Duanın vacibliyi və əhəmiyyəti…

Duanın vacibliyi və əhəmiyyəti…
Dua etmək vacib bir əməldir. Allah Qurani Kərimdə buyurur: “De: Əgər duanız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi.” (Furqan surəsi, 77-ci ayə. )Namazın özü də bir duadır. Fatihə surəsinin yarısı Allahın həmd və tərifidirsə,yarısı sırf duadır. Eyni zamanda qunutda, rüku və səcdələrdə, xüsusilə də namazın son səcdəsində dünya və axirət arzularımızın həyata keçməyi üçün dua etməyimiz tövsiyyə edilmişdir. Namazdan sonra da mütləq əlimizi duaya açıb Allahdan nə isə istəməliyik, hədisdə bildirilir ki, bəndə namazı qılıb dua etməsə, özünü ehtiyacsız kimi göstərmiş olur və Allahın bundan xoşu gəlmir. “Əgər Allahın səninlə danışmağını istəyirsənsə, Quran oxu. Əgər özün Allahla danışmaq istəyirsənsə, dua elə.” Bəs Allahla necə danışaq? Bunun ən yaxşı yolunu Allah özü öyrədir.“​Rəbbinizə yalvararaq, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (Əraf surəsi, 55-ci ayə. )Dua müxtəlif formalarla ola bilər. Hər hansı bir nemətə görə Allaha təşəkkür ediriksə, bu özü də bir duadır, yəni Allahım, mənə əta etdiklərinə görə razıyam, mənim üçün daha da artır! Eləcə də istiğfar- yəni günahların bağışlanması üçün Allaha yalvarmaq da bir duadır. Bəzən isə çətin bir vəziyyətdən çıxış yolu tapmaq üçün Allaha dua edirik, gözləmədiyimiz anda Allahın qüdrəti ilə bütün problemlərimiz həll olur. Yaxud da nəyisə arzulayırıq və Allahdan istəyirik, Allah da artıqlaması ilə o istədiyimizi bizə verir. Amma bəzən duaların qəbul olması gecikir və ya ümumiyyətlə həyata keçmir. Biz bəzən öz xeyrimizin nədə olmağını bilmirik və duamızın nəticəsini görə bilmədikdə məyus oluruq. Bilməliyik ki, Allah rəhimlilərin ən rəhimlisidir və bizi eşidir, duamızı da mütləq qəbul edir, ancaq məsləhət olmayanda o istədiyimizdən daha xeyirlisini verir, ya da Qiyamət günü üçün saxlayır. Hədisdə buyurulur ki, mömin Qiyamət günü qəbul olunmamış dualarının əvəzində ona veriləcək nemətləri görəndə arzu edəcək ki, kaş dünyada heç bir istəyim həyata keçməyəydi!Buna görə də istənilən halda bol-bol dua etməli, Allahdan bizim üçün xeyirli olanı israrla istəməliyik, çünki çox dua etmək peyğəmbərlərin və Allahın sevimli bəndələrinin xüsusiyyətlərindəndir.

Bizi Telegram-da oxuyun.