Sentyabr 30, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

SON GÜLLƏNİN SİRRİ…-Aydın Arslan

SON GÜLLƏNİN SİRRİ...

Sədərək şəhidlərindən söz düşəndə uşaqlığım yadıma düşür. Bəli, uşaqlığım. Ona görə ki, o şəhidlərin şəhid olduğu illər (1990-1992.) mənim on-on iki yaşlarıma təsadüf edirdi və bütün bu hadisələrin şahidi ola-ola, özüm də istəmədən uşaqlığıma vaxtından əvvəl “əlvida” deməli oldum. Demək olar ki, uşaqlığım da şəhid oldu. Ona görə şəhid oldu deyirəm ki, normal dövrlərdə on yaşında uşaq, kədərin, yas saxlamağın nə olduğunu dərk etmədiyi, qorxulu nağılları dinləməyə cəsarət etmədiyi halda, mən, 11 yaşlı Aydın vücudu güllələrdən param-parça olmuş şəhidləri, yarasından qan fışqıran yaralıları görə-görə artıq uşaq kimi düşünməyə, normal uşaqlar kimi danışıb-gülməyə haqqımız qalmadığını dərk edirdim. Dərk edirdim ki, anamızın çörək yapanda, xörək bişirəndə, ev süpürəndə həzin bir səslə, pıçıltı ilə zümzümə etdiyi mahnı deyil, ağıdır, bayatıdır. Dərk edirdim ki, analarımız bununla şəhid olanlarımıza hətta iş gördüyü vaxt belə ayaq üstə ağlayırlar. Göz yaşlarını biz uşaqlar görməyək, dediklərinin mənasını anlamayaq deyə, zümzümə edirlər. Onu da bilirdim ki, mən də şəhid olan yaxınlarımdan ötrü burnumun ucu bərk göynəyəndə, qəlbimə axıtdığım göz yaşlarım daşıb gözümdən tökülmək istəyəndə, xəlvətcə bağımıza qaçmalıyam və orada, bağın lap qurtaracağında üzüm kollarının arxasında ağlamalıyam ki, heç kim göz yaşlarımı görüb mənə qoşulmasın. Göz yaşlarım görünməməlidir. Axı, on yaşım olsa da, mən kişiyəm. Axı,atam müharibə başlanan gündən mənə öz dili ilə “etiraf ” etdi ki,:- “Artıq uşaq deyilsən. Artıq kişisən.Sənə nə qorxmaq, nə ağlamaq yaraşmaz.” Bununla da uşaqlığım zamanın tələbi və müharibənin qara əlləri ilə məhv edilmişdi… Sədərək şəhidləri ilə bağlı nəsə yazmağı elə o vaxtdan istəyirdimsə də, cəsarət eləmirdim onların əzizlərindən nəsə bir söz, bir xatirə soruşmağa. Qaysaqlanmayan yaralarına duz basmağa gücüm çatmırdı. Əsasən də tanıdığım şəhidlər barədə mütləq bər-bəzəksiz, səmimi nəsə yazmaq istəyirdim. Bu yerdə səmimi sözünü ona görə vurğulayıram ki, şəhidlərimizlə bağlı nəsə yazanda olduqca diqqətli olmaq və hər şeyi olduğu kimi yazmaq lazımdır. Onlar onsuz da qəhramandırlar və onları öz təxəyyül gücümüzün fantaziyası ilə bəzəməklə uca olan şəhidlərimizin adını ucaltmarıq. Əksinə, bununla real qəhramanları mifikləşdirmiş olarıq. Bu barədə daha ətraflı danışmaq olarsa da, indi sizə tanıdığım, bildiyim, Sədərək şəhidlərindən biri Hamlet barədə danışmaq istəyirəm.

O Hamlet ki, nə anası Tamam bibimin sağlığında, nə də atası Əli əminin sağlığında yaxın qohum və qapıbir qonşu olmamıza baxmayaraq nəinki Hamlet barədə nəsə soruşa bilmədim, heç rəhmətliyin adını belə çəkməyə güc tapmadım özümdə.Asan deyildi mənim üçün.Çox təəssüf ki, artıq nə Tamam bibim, nə də Əli əmi həyatda yoxdur. O Hamlet ki, indi adını qardaşı Oktayın dörd yaşlı oğlu daşıyır və heç birimizin onu adıyla çağırmağa dilimiz varmadığından balaca Hamleti “Qaqaş” deyə çağırırıq. İndi bu yazını yazarkən gözümün önündə Hamletlə bağlı xatirələrim düzülür. Şəhid Hamlet Əli oğlu Qədimov 1973-də Sədərəkdə doğulmuşdu.1991-də Sədərəkdə AXC-nin “Boz Qurd” dayaq dəstəsini yaratmışdı.Hamlet sözün əsl mənasında vətənpərvər gənc idi. O, hərbi xidmətə getməmişdən bir ay əvvəl bərabər “kənd içi”ndən gəlirdik. Onun əlində Rəfiq Səməndərin “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr etdiyi şəhidlər kitabı var idi. “Qalayçının çeşməsi” deyilən çeşmənin yanından keçəndə çeşmədən su gətirən Maral da bizə qoşuldu. Maral həm qonşumuz, həm də Hamletin bibisi qızı idi.Maral Hamletin əlində şəhidlər kitabını görəndə dedi ki,-“ ay dayıoğlu, belə kitabları az oxu, bunları oxuduqca adamın ürəyi parçalanır.” Hamlet onun cavabını əlini çiynimə qoyub, mənə müraciətlə verdi;- “Aydın, bu hardan bilsin ki, şəhidlik nədir? Şəhidə ağlamazlar ki. Şəhidlik hər kəsə qismət olmur.” Bu hadisədən sonra milli mənəvi dəyərlərlə bağlı nə sualım olurdusa, qaçırdım Hamletin yanına. Təzə nə şeir yazsam ona göstərir, məsləhətləşirdim. Hamlet 1992-cı ilin mart ayında könüllü olaraq milli ordu sıralarına yazıldı və cəmi bir ay təlim keçdikdən sonra Sədərəyə, ön cəbhəyə göndərildi. Ara-sıra evə gəlirdi və hər gəlişində onunla bir-iki kəlmə kəsmək, barıt qoxulu hərbi formasına baxmaq mənə çox maraqlı gəlirdi. Evlərində onun otağında bütün tarixi şəxsiyyətlərin Atatürkün, Məmməd Əmin Rəsulzadənin və digərlərinin rəsmi, habelə çoxlu elmi-bədii kitablar var idi. Hamletin evə son gəlişi heç vaxt yadımdan çıxmaz. Küçədə dayanmışdıq, hərə bir yandan Hamletə suallar verirdi.Hamlet döş cibindən bir avtomat gülləsi çıxardıb əlində fırlatmağa başladı. Mən uşaq sadəlövhlüyünə xas olan bir hərəkətlə patronu mənə bağışlamasını xaiş etdim. O, “bunu heç Dadaşım da istəsə, vermərəm”-dedi.( Hamlet atası Əli kişiyə Dadaş deyə müraciət edirdi.A.A) O vaxtlar müharibə vaxtı olduğundan güllə tapmaq heç mən yaşda uşaq üçün də problem deyildi.Mən elə bu səbəbdən də qəlbimdə düşündüm ki, bir patron nə olan şeydir ki, Hamlet onu mənə qıymadı. Hamı dağılışıb gedəndən sonra, o, əlindəki gülləyə baxa-baxa xəyallara daldı. Birdən mənə müraciətlə;- Bilirsən bunu niyə cibimdə gəzdirirəm? Əgər atışma vaxtı mühasirəyə düşsəm, güllələrim bitincə vuruşacağam, bu son güllə ilə də ələ keçməyim deyə özümü vuracağam.Düşmən əlinə keçməkdən ölüm yaxşıdır. Bax bunun üçün də bu güllə mənim üçün çox qiymətlidir.” Bu danışığımızdan bir neçə gün sonra 1992-cı il, may ayının 18-i Miltəpədə Hamletgilin tağımı tağım komandirləri Şakirlə bərabər son güllələrinə qədər döyüşdülər və 16 əsgər bir zabit qəhramancasına şəhid oldular. 17 nəfərdən ibarət “Şəhidlər Tağımı”nın meyidləri on gün mühasirədə qaldıqdan sonra “Beynəlxalq Qırmızı Xaç”Təşkilatının və o vaxtlar Naxcıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevin dəstəyi ilə müasirədən çıxarıldı və Şərurun Şəhidlər Xiyabanında torpağa tapşırıldılar. Hamletin vətən sevgisi ilə döyünən ürəyi arzu etdiyi bir şəkildə, vətən yolunda şəhid olaraq dayandı.Sonradan öyrəndim ki, Şəhidlər Tağımının bütün əsgərləri döş cibində özünə son güllə saxlayırmış. Bu son güllə söhbətini mənə eyni ilə başqa bir şəhid də danışmışdı.( Bu şəhid milis serjantı, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuş Kazımov İlham Cəbrayıl oğlu idi.) Hamlet mənə vətəni sevməyi, vətəndaş olmağı öyrədən bir qardaş idi.1991-də Vertaliyot qəzasında şəhid olan ziyalılarımıza, 20 Yanvar, Xocalı şəhidlərinə çox üzülürdü. Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərə, qram-qram” misraları dilnidən düşmürdü.İndi sizə təqdim edəcəyim bu şeiri mənə o əzbərlətmişdi;

-Çeynəndi yetər, varlığımız cəhrilə-qəhrə,
Doğrandı mübarək vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,
Qan qardaşı, can qardaşı, şan qardaşıyıq biz.
Millət yoludur, haqq yoludur tutduğumuz yol.
Ey haqq yaşa! Ey sevgili millət, yaşa, var ol.

Zülmün topu var, gülləsi var, qəlpəsi varsa,
Haqqında bükülməz qolu dönməz üzü vardır.
Göz yumma günəşdən nə qədər nuru qovarsa,
Sönməz hər əbədi bir gecənin gündüzü vardır.
Millət yoludur, haqq yoludur, tutduğumuz yol.
Ey haqq yaşa, ey sevgili millət, yaşa, var ol!

…Hamlet həmişə mənə bərk-bərk tapşırırdı ki, dərslərimi yaxşı oxuyum.Xüsusən də Faiq müəllimin vətənpərvərliklə bağlı mənə öyrətdiyi hər bir sözü yadımda saxlayım və daima buna əməl edim.Çünki, o özü də Faiq müəllimdən dərs almışdı və vətənpərvər kimi yetişməsində onun böyük rolu olduğunu söyləyirdi.1990-cı il “20 Yanvar” hadısələrindən bir-iki ay sonra şəhidlərin xatirəsinə bir şeir yazmışdım və Hamlet bundan xəbər tutmuşdu. Bir gün onun kiçik qardaşı Namiqlə küçədə dayanmışdıq, Hamlet voleybol məşqlərindən gəlirdi.Məni yanına çağırıb həmin şeiri söyləməyimi istədi. Mən şeiri söylədim.Şeir belə idi;-

Qanlı Yanvar faciəsi,
İlin dəhşətli gecəsi.
Anaların fəryad səsi,
Məni yandırır, yandırır.

Qəlbim olmur yenə aram.
Şəhidləri unutmaram.
Qaysaqlanmır vallah yaram,
Məni yandırır, yandırır…
Hamlet şeiri axıracan dinləyib sağ əli ilə telimi oxşayaraq, -“ Yanırsansa, demək, səndən adam olar.”-dedi. Mənim onda cəmi on yaşım var idi və bu şeir yazdığım ilk şeirlərdən biri idi. Onun şeirimi belə qiymətləndirməsi məni sevindirdi və mən qeyri-ixtiyarı gülümsündüm. Hamlet də güldü və “ Bunu mən demirəm e, bunu Bəxtiyar Bahabzadə deyib. Eşitməmisən? Onda deyim bil;- Yaşamaq yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır.”- deyib getdi…
Hamletin ən çox dinlədiyi iki mahnı var idi ki, bunlardan birincisi Məmməd Arazın “Səndən mənə bir ömürlük xatirə, Məndən sənə nə qalacaq, bilmirəm” şeirinə bəstələnmiş mahnı, digəri isə “Azərbaycanımın a ceyran balası, Səninçün olmuşam bu yerdə qalası” misralarıyla başlanan bir nəğmələr idi və indi də bu mahnıları hər dəfə eşidəndə gözləri əbədi olaraq yolda qalan o ismi-pünhan Azərbaycan balasına demək istəyirəm ki, əminəm ki, Hamlet səni çox sevirdi.O səni başqa şərtlərdə heç vaxt gözü yolda qoymazdı.Hamlet sənə vəfalı olduğu kimi vətənə də vəfalı idi.Hamlet sənin və sənin timsalında heç bir Azərbaycan qadının düşmən əlinə keçməsinə razı olmazdı və sən başqa biri ilə belə olsa, həyatını rahat, xoşbəxt yaşayasan deyə şəhid oldu. Bu üzdən onu heç vaxt “dönmədi” deyə qınama! Qəlbinin dərinliyində onun nakam eşqini yaşat və bu günkü azad, rahat həyatında onun da payı olduğunu, bütün bunları onun öz şəhid qanı ilə təmin etdiyini heç vaxt unutma! Sən də unutma, Azərbaycan! Sən də unutma səni qarşılıq gözləmədən sevən şəhid övladlarını.Sən də unutma sənin sevgini hər bir sevgidən uca tutan, sənin üçün həyatları da daxil olmaqla hər şeydən vaz keçən oğullarını.Sən də unutma cibində sənin eşqinlə “Son Güllə” daşıyan Şəhidlər Tağımını…

Hara yazım mən bu dərdi?
Daşa yazdım daş göyərdi.
Fələk sənin kimi mərdi,
Çoxmu gördü bizə Hamlet?

Dərdin bizi yıxır hər gün
Göz yaşımız axır hər gün.
Bacıların baxır hər gün,
Son getdiyin izə Hamlet.

Əsgərliyin bitəsiydi.
Toy xörəyin bişəsiydi.
Bacın elçi düşəsiydi,
İndi döyür dizə Hamlet.

Onsəkkizi od ələndi.
Neçə igid güllələndi.
Əsgər qalxıb şəhid endin,
Mil deyilən düzə Hamlet.


Aydın Arslan

Bizi Telegram-da oxuyun.