Avqust 6, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

KİŞİLİK RƏMZİ – KƏRBƏLAYİ İSMAYIL ÇİMƏNLİ

Onun ismi yüz ildən artıqdır Azərbaycan türklərinin yaddaşında kişilik, ləyaqət, əyilməzlik simvolu olaraq ehtiramla yad edilir. Sözünün çəkisi olan bir el ağsaqqalı kimi, xalqın dar günündə əlində silah xalqın igid oğullarını öz ətrafında səfərbər edən, gədəliyə meydan oxumağı bacaran bu insan tarixdə daha çox qərbi Azərbaycanda bolşevik hökümətinə qarşı milli dirəniş hərəkatının ən fəal nümayəndələrindən biri kimi qalmışdır. Lakin yaşlı nəsil nümayəndələri onu həm də erməni-daşnak terroruna qarşı mübarizə aparmış bir ağa kimi xatırlayırlar. Hər hansı bir şəkli qalmasa da, onun adı çəkiləndə bu gün də hər kəsin gözləri önündə başında buxara papaq olan, çiyninə Xorasan kürkü salmış, əlində uzun çubuqlu qəlyan tutmuş nurani bir el ağsaqqalının siması canlanır.

         Kərbəlayi İsmayıl Çimənli 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində doğulub.Təkcə anadan olduğu kənddə deyil, bütün Vedibasar mahalında, eləcə də, NaxçıvanınŞahbuz rayonunun Kolanı kəndində, Qarabağlar (Kəngərli) kəndində və digər yerlərdə hər kəsin hörmət və ehtiramını qazanıb. Çoxlu sayda ilxıları, mal-qarası, torpaqları olsa da, sadə həyat tərzi sürən, cah-cəlala meyl etməyən, dindar, təvazökar və səxavətli bir insan olub, necə deyərlər, çörəksizlərin əlini çörəyə çatdırıb. Var-dövlətini kasıb camaatın yolunda xərcləməkdən heç zaman geri qalmayıb. Ancaq bütün bu xüsusiyyətləri ilə yanaşı, həddini bilməzliyə, zorbalığa, gədəliyə qarşı da sərt mövqe sərgiləməsi məlumdur. Bir ağa kimi onun zəhmindən və ağır təbiətindən çəkinərmişlər. Onun barəsində danışılan “Kərbəlayi yerə baxan adam idi, lakin başını hər qaldırdığında nəsə olurdu” fikri doğrudur. Kərbəlayi İsmayılın bu mövqeyi onun ailəsinə də ziyansız ötüşməyib, hətta araya düşən qan düşmənçiliyi zəminində oğlu Yadullanı itirib. Öldürülən oğlunun meyidini mahalda hər kəsin hörmət bəslədiyi Abbasqulu bəy Şadlinski böyük çətinliklə geri alaraq atasına verib. Bu hadisədən sonra Kərbəlayi İsmayılla Abbasqulu bəy arasındakı dostluq daha da möhkəmlənib və onlar uzun müddət sıx dostluq telləri ilə bir-birinə bağlı olublar.

         1918-ci ildə çar Rusiyasının çöküşü ilə bölgədə yaranmış xaosdan istifadə edən ermənilər çoxsaylı mütəşəkkil silahlı cinayətkar dəstələr yaradaraq, qərbi Azərbaycan torpaqlarında – Göyçə, Vedibasar, İrəvan, Zəngəzur, Dərələyəz və Naxçıvan bölgələrində kütləvi qətliam və soyqırımları həyata keçirməyə başlayarkən, heç bir yerdən köməyi olmayan xalqın əsilzadə-bəyzadə təbəqəsi bu qətliamların qarşısını almaq və erməni-daşnak bandalarına qarşı müqaviməti təşkil etmək üçün özünümüdafiə dəstələri yaradır. Qərbi Azərbaycan torpaqları türk-müsəlman əhalinin sözün həqiqi mənasında ölüm-dirim savaşı verdiyi bir məkana çevrilir. Yüzlərlə türk-müsəlman kəndini yandırıb-viran qoyan, minlərlə insanı uşaq, qadın, qoca demədən ən ağlagəlməz üsullarla qətlə yetirən erməni-daşnak bandalarının önündə divar kimi sədd çəkən bəylərin və ağaların arasında Abbasqulu bəy Şadlinski və Kərbəlayi İsmayıl da vardı. Məhz onların birgə fəaliyyəti sayəsində erməni-daşnak bandalarının Vedibasar və Naxçıvan bölgəsi ilə bağlı bir çox planları iflasa uğrayır. Bir tərəfdə Abbasqulu bəyin yaratdığı dəstə, digər yanda Kərbəlayi İsmayılın dəstəsi bu dövrdə Antanta dövlətləri tərəfindən dəstəklənən qondarma Ararat Respublikasının dişinə qədər silahlandırıb qabağa verdiyi erməni çətələrinə qarşı qeyri-bərabər savaşa girmiş, az qala hər kənd uğrunda vuruşmuşlar. Bu çətin və ağır dövrdə Kərbəlayi İsmayıl, Abbasqulu bəy Şadlinski, Qəmlo (Qəmbəralı) kimi igidlər Vedibasar və Naxçıvanda zavallı silahsız camaatın ümid və pənah yerinə çevrilmişdir. Təsadüfi deyil ki, Göyçənin Zod kəndində Məşədi İsə tərəfindən Ararat Respublikasının müdafiə naziri general Sulikovun başının kəsilməsi, Laçında Sultan bəy tərəfindən Andronikin bandasının darmadağın edilməsi, eləcə də, Abbasqulu bəy, Kərbəlayi İsmayıl və Qəmlonun sayəsində Vedibasarda erməni cəlladı, sonralar müdafiə naziri olmuş general Dronun (Drastamat Kanayanın) dəstələrinin məhv edilməsi erməni daşnaklarının yuxusunu ərşə çəkmişdi. “Daşnaksutyun” Erməni İnqilabi Federasiyası və erməni-hay kilsəsi onların arzularını gözlərində qoymuş, məkrli planlarının üstündən xətt çəkmiş Azərbaycan bəyzadələrinin və qeyrətli vətən oğullarının başlarına yüksək məbləğdə pul qoymuşdu. Lakin bütün cəhdlərə baxmayaraq, nə Vedibasarı Azərbaycan türklərindən tam şəkildə təmizləmək, nə də Naxçıvan ərazilərini ələ keçirmək onlara müyəssər olmadı. Əksinə, Abbasqulu bəy, Kərbəlayi İsmayıl və Qəmlonun dəstələri yurd-yuvasından qaçqın düşən əhalinin bir hissəsini qorumaqla onların Arazın o tayına keçməsinə yardımçı olmuş, sonra oradakı güneyli soydaşlarımızın da harayına çataraq, ermənilərin Culfa, Xoy, Mərənd, Urmiya və digər yerlərlə bağlı planlarını da pozmuşlar.

         1920-ci ildə Naxçıvanda sovet höküməti qurularkən, Abbasqulu bəy daşnakların bolşeviklərlə olan düşmənçiliyindən istifadə edərək tədbirli davranıb, Naxçıvanın erməni daşnak dəstələrindən tamamilə təmizlənməsi işində yeni hökümətlə əlbir hərəkət etməyi qərara alır və geri qayıdıb, qurulan hökümətdən lazımi dəstək qazanaraq, yaratdığı yeni “Qırmızı tabor” adlı dəstə ilə bir sıra uğurlu əməliyyatlar həyata keçirir. Daşnak dəstələri tezliklə məğlub duruma düşərək Naxçıvanı tərk edir. Həmin ilin 29 noyabrında İrəvanda daşnak hakimiyyəti devrilir, bolşeviklər iqtidara gəlir.Daşnak hökümətinin devrilməsində Abbasqulu bəy Şadlinskinin “Qırmızı tabor” dəstəsinin də rolu olmuşdur, hətta bu xidmətlərinə görə dəstənin 19 nəfər üzvünə “Qırmızı ulduz” medalı da verilmişdi. Bu dövrdə qaçqınların bir hissəsi yaranmış fürsətdən istifadə edərək, qərbi Azərbaycanda boş qalmış yurd yerlərinə qayıda bilir. Qars müqaviləsinin bağlanması ilə Naxçıvan əhalisi nisbi sabitliyə qovuşur. Bu dövrdə Kərbəlayi İsmayıl yeni yaranan hökümətin atacağı addımlara uyğun davranmaq qərarına gəlir və gözləmə mövqeyi tutur. Eyni zamanda, bolşeviklərin ağa-bəy zümrəsinə olan mənfi münasibətini, onlara məxsus olan mal-mülk, mal-qara, əkin torpaqlarının kəndliyə verilməsi düşüncəsinin gec-tez böyük narazılıqlar yaradacağını da nəzərə alaraq, öz ictimai mövqeyini qoruyub-saxlamağa çalışır.

         Cumhuriyyətin devrilməsi ilə iqtidarı ələ keçirmiş bolşevik qaragüruhu yerlərdə kasıb camaatın dəstəyini qazanmaq üçün torpaq islahatı aparmaq adı altında iri torpaq mülkədarlarına, bəylərə və ağalara məxsus torpaqların bir hissəsini onlardan müsadirə etməklə kəndlilərə paylamağa başlayır. Bu, bəzi yerlərdə mülkədarların və əsilzadə təbəqəsinin etirazları və müqaviməti ilə müşayiət olunsa da, mal-dövlət hərisi olmayan Kərbəlayi İsmayıl dindar bir insan kimi, kasıb camaata əkib-becərmək üçün torpaq paylanmasının hardasa savab olacağı düşüncəsiyləhökümətin bu addımlarına səbr və dözüm nümayiş etdirir və özünə məxsus torpaqların böyük bir hissəsinin əlindən alınmasına “eybi yoxdur, elə bilərəm əl çirkidir” deyərək,təmkinini pozmur. Onun üçün ən mühüm olan xalq arasında qazandığı hörməti, ehtiramı, ad-sanı qoruyub-saxlamaq idi. Lakin şura hökümətinin mənsubları üçün insanların hörmət, ləyaqət, çəki-sambal və kişilik kimi meyarları önəm daşımırdı. Bu səbəbdən şura hökümətinin yerlərdə təyin etdiyi nümayəndələr daha çox öz yonulmamış addımları ilə, xalqın mənəvi dəyərlərinə hörmətsizlik edən hərəkətləri ilə ikrah doğururdu. Hər şeyi guya yalnız qanunla ölçdüklərinə rəğmən, hər addımda bir qanunsuzluğa yol verir, elementar ədəb-ərkan, nəzakət və hörmət qaydalarını tapdalayır, hər yerdə kəskin etirazlara səbəb olurdular. Bütün bunlar çətin durumda olan əsilzadə təbəqənin gözündə tipik bolşevik gədəliyi idi. Kərbəlayi İsmayıl kimi ağır çəkili bir insan, əlbəttə ki, bu kimi şeyləri sindirib, qəbul edə bilməzdi. Onun xarakterinə bələd olan hər kəs gözəl bilirdi ki, Kərbəlayi şura hökümətini tanımır və qəbul etmir, lakin özünəməxsus səbr və təmkin nümayiş etdirir və hadisələrin gedişatını izləyir. Eyni zamanda, hər kəs bilirdi ki, gec-tez Kərbəlayi İsmayıl öz sözünü açıq şəkildə deyəcək və konkret addımlar atacaq.

         1920-ci illər bolşeviklərin kütlələrə verdikləri bolluq və firavanlıq vədlərinin puça çıxması ilə yadda qaldı. Ölkənin hər tərəfini aclıq bürümüş, milyonlarla insan bir tikə çörəyə möhtac qalmışdı. Azərbaycan Müvəqqəti İnqilab Komitəsi hələ 1920-ci ildən ərzaq böhranının aradan qaldırılması üçün taxıl ticarətinin dövlət inhisarına alınması barədə dekret çıxarmışdı. “Ərzaq sapalağı” adını almış bu dekret əslində hökümətin zorakı üsulla xalqdan ərzaq toplaması idi. Hər kəs tədarük etdiyi taxılın cüzi hissəsini saxlamaqla, qalan hissəsini məcburi olaraq bazar qiymətindən də ucuz dövlətə satmalı idi. Balaları acından qırılmasın deyə özünə məxsus taxılı evində gizlədib-saxlamağa çalışan hər kəs “sabotaj”da ittiham olunur və sıxışdırılırdı. Kərbəlayi İsmayılın da dar gün üçün öz külfətinə taxıl saxlaması şura höküməti mənsublarının gözündən yayınmamışdı. Hüquq-mühafizə orqanları, drujinaçılar və kənd soveti nümayəndələri Kərbəlayi İsmayılın evinə xəbərdarlıq etmədən soxulub, axtarış apardılar və ona məxsus taxılın az qala hamısını müsadirə edərək apardılar. Kərbəlayi İsmayıl taxılın aparılmasına yox, gələnlərin kobud davranışlarına, yekəbaş danışıqlarına, onun evini tarmar etmələrinə, bir də onu “sabotaj törətməkdə” ittiham edərək hədələmələrinə qeyzləndi. Şura höküməti mənsubları onun bu təbii reaksiyasına dərhal “hökümətə qarşı etiraz edir” deyə don geydirməyə və adını “qolçomaq və kulaklar” siyahısına salmağa çalışdılar. Hər zaman səbrini və təmkini qorumağı bacarmış Kərbəlayi yaxşı bilirdi ki, bu gedişin sonu yaxşı qurtarmayacaq. Tezliklə bu gözləntiləri özünü doğrultmağa başladı.

         20-ci illərin sonu – 30-cu illərin başlanğıcında sovet höküməti yerlərdə zorla kollektivləşdirmə siyasətini tətbiq etməyə başladı. Vaxtilə hakimiyyətə gələrkən kəndliyə payladıqları torpaq sahələri yenidən onlardan alınaraq kolxoz təsərrüfatı yaratmaq adı ilə dövlətin balansına verilirdi. Bundan başqa, şura höküməti ilxısı, naxırı, qoyun-quzusu olan hər kəsi siyahıya alaraq, onlara məxsus mal-qaranın və davarın böyük hissəsini zorla əllərindən alıb, kolxoza verdi. Hökümətin bu addımları haqlı olaraq bölgələrdəki əhalinin əksər hissəsinin kəskin narazılığına və etirazlarına səbəb oldu. Vedibasar bölgəsi və Naxçıvan kəndləri də istisna deyildi. Mal-qarasını verməkdən imtina edənlərə qarşı isə sərt cəza tətbiq edirdilər. Sovet dövründə çəkilmiş “Axırıncı aşırım” filminin bir epizodunda bununla bağlı söylənən fakt doğrudur, belə ki, Qəmlonun Kərbəlayiyə dediyi kimi, bir az mal-qarası və yarım ilxı atı olan Məşədi Cəmil bunları kolxoza təhvil verməkdən imtina etdiyinə görə həqiqətən də bolşevik qaragüruhu tərəfindən güllələnmişdi. Bu kimi sərt tədbirlərin görülməsində məqsəd kollektivləşdirməyə qarşı çıxış edəcək hər kəsin gözünü qorxutmaq idi. Artıq bıçağın sümüyə dayandığını görən Kərbəlayi İsmayıl kənd sovetinin təşkil etdiyi toplantıda hökümətin siyasətinə qarşı açıq şəkildə etirazını bildirir və bu “kolxoz” oyununda iştirak etməyəcəyini şura höküməti mənsublarının üzünə deyir. Nəticədə kənd əhalisi kolxozu qəbul edənlər və etməyənlər olaraq iki yerə ayrılır, araya ikitirəlik düşür, hökümətin kolxoz yaratmaq planı iflasa uğrayır. Bu, sovet hökümət orqanlarının yürütdüyü siyasətə qarşı açıq-aşkar meydan oxumaq idi.

         Artıq 60 yaşına qədəm qoymuş ağsaqqal Kərbəlayi İsmayıl bu çıxışına hökümət orqanlarının sərt reaksiya verəcəyini, hətta həbs olunacağını və güllələnə biləcəyini yaxşı başa düşürdü. Deyilənə görə, hələ həmin toplantıda ikən partiya rəhbərliyi nümayəndələrinin açıq hədələri ilə üzləşmiş və “kulak” kimi göstərilmişdi. Məşədi Cəmil kimi insanların acı aqibəti də onun gözləri önündə idi. İllər uzunu xalqın arasında qazandığı etibarın, hörmət və ehtiramın göz görə-görə yerə vurulmasına Kərbəlayi İsmayıl kimi bir insanın susub-dözməsi qeyri-mümkün idi. Odur ki, çox fikirləşdikdən sonra qəti qərarını verdi – əli silah tutan hər kəsə səslənərək, onları şura hökümətinə və onun kollektivləşdirmə siyasətinə qarşı birləşməyə çağırdı. Qısa vaxt ərzində Şahbuz rayonu Kolanı kəndində çoxlu sayda tərəfdar onun başına toplaşdı, Qarabağlardan adamlar əlində silah onun çağırışına səs verdilər.

         1930-cu ilin əvvəlində Vedibasar və Naxçıvan bölgəsində vəziyyət artıq hökümət orqanlarının nəzarətindən çıxmışdı. Kərbəlayi İsmayılın çağırışı ilə Qəmlo 72 kəndin qaçaqlarını və cavanlarını başına toplayaraq, onun dəstəsinə qoşulmuş, Kərbəlayinin sağ əli olmuşdu. Sonralar sovet hökümət orqanları bu hadisəni “antisovet qiyamı” adlandıraraq, onun guya cəmi 3 kəndi əhatə etdiyi barədə fikir yaymaqla üsyanın miqyasını kiçiltməyə cəhd edirdi. Əslində isə Kərbəlayi İsmayılın başlatdığı müqavimət hərəkatı təkcə Naxçıvan MSSR-in yox, Vedibasar bölgəsinin yerləşdiyi Ermənistan SSR-in də dövlət və hökümət orqanlarını narahat etmişdi. Dünyanın ən böyük ölkəsinin cənub sərhədlərində xalqın etirazının bu cür geniş miqyaslı olması və üsyançıların nəzarət etdiyi ərazilərin əsasən dağlıq bölgələr olması hökümət orqanlarını çıxılmaz duruma salmışdı. Məsələnin silah gücünə həll edilməsinin daha böyük problemlərə yol aça biləcəyini düşünən hökümət orqanları Kərbəlayinin dəstəsinin bir sıra kəndlərdə sovet hökümətini devirdiyini, dövlət orqanı nümayəndələrindən bəzilərini əsir götürdüyünü və kənd girişlərində istehkamlar qurmaqla, yolları bağladığını xəbər alan kimi yaranmış təhlükəni aradan qaldırmaq üçün vaxt itirmədən alternativ yollar düşünməyəbaşladı. Qəmlonun adamları olan qaçaqlar Kömürlü dağına belə nəzarət edirdilər. Kərbəlayi İsmayılın xalq arasındakı nüfuzu və hörməti də onun şəxsinə qarşı olduqca kobud səhvlərə yol vermiş olan şura hökümətini zor işlətməkdən çəkindirirdi. Məsələnin həllinə Naxçıvan MSSR və Ermənistan SSR NKVD-ləri ilə yanaşı, Zaqafqaziya NKVD-sinin də erməni millətinə mənsub yüksək rütbəli məmurları cəlb olunmuşdu.Onların cizdikləri məkrli plan təxminən aşağıdakı formada olub: “sovet höküməti qan tökülməsini istəmir” adı ilə guya üsyançıların rəhbərləri ilə danışıq aparmaq üçün heyət yollamaq, bu heyətə el arasında nüfuzu və hörməti olan adamları salmaq, sonra üsyançıların arasında olan NKVD casuslarına xəbər çatdırmaqla, qaçaqlar arasında “danışığa gələnlər əslində üsyançıların yerləşməsini öyrənmək üçün gəlir və onlar qayıtdıqdan sonra qoşun hücum edəcək” fikrini yaymaq, bununla danışıq aparmağa göndərilən heyətin üzvləri barədə “satqın” fikri formalaşdırmaq və qaçaqların danışığa gələnləri öldürmələrinə nail olmaq. Danışıq aparmaq üçün seçilən əsas fiqur isə, əhalinin və qaçaqların hər zaman hörmətini saxladığı Abbasqulu bəy Şadlinski idi. Bu planla eyni zamanda həm vaxtilə erməni-daşnak qüvvələrinin qorxulu röyasına çevrilmiş Abbasqulu bəy aradan götürülmüş olur, həm əsas “silahı” kişilik, ləyaqət, qonaqpərvərlik və etibar olan Kərbəlayi İsmayılın nüfuzuna böyük zərbə vurulur, həm Abbasqulu bəyin öldürülməsinin günahı Qəmlonun və qaçaqların üzərinə qoyulmaqla əhalidə böyük çaşqınlıq yaradılır, həm də nəticə etibarilə üsyançılara verilən dəstəyin azalması və kolxozlaşdırmaya qarşı yerlərdəki etiraz dalğasının səngiməsi təmin edilmiş olurdu. Uzun illər Kərbəlayi İsmayılla sıx dostluq işlətmiş və ona sözü keçən Dəvəli sement zavodunun rəhbəri Abbasqulu bəy hökümət tərəfindən onun qarşısına qoyulan missiyanın uğurla nəticələnəcəyinə səmimi inanır, keçmiş silahdaşları Kərbəlayi və Qəmlo ilə razılığa gələrək, üsyanın qan tökülmədən dayandırılacağını, hökümətin verdiyi təminata əsasən bu hadisəyə görə heç kimin təqib olunmayacağını düşünürdü.

         NKVD və hökümət rəsmiləri isə qurulmuş bu planın iflasa uğraması ehtimalını da nəzərə alaraq, Abbasqulu bəy Şadlinski və kolxoz sədri Xəlillə yanaşı, heyətin tərkibinə Ermənistan NKVD-nin Müzəffər Talıbov adlı əməkdaşını əlavə etmişdi. Sonradan bəlli olacağı kimi, onun vəzifəsi keçmiş bəyzadə və Kərbəlayinin dostu olan Abbasqulu bəyə nəzarət etmək, onun qaçaqlar tərəfindən öldürülməsi baş tutmayacağı təqdirdə, Abbasqulu bəylə Xəlili özü öldürmək idi. Abbasqulu bəy və Xəlil silahsız getdikləri halda, M.Talıbov guya özünümüdafiə məqsədilə gizlincə yanında silah götürmüşdü.

         Hökümət orqanlarının planının ilk mərhələsi baş tutur, belə ki, qaçaqlar arasında Abbasqulu bəyin satqın olması fikri formalaşır və qaçaqların yığıncağında səs çoxluğu ilə onun öldürülməsi qərara alınır. Hətta bunun üçün püşklə adamlar da seçilir. Lakin bundan xəbər tutan Kərbəlayi İsmayıl və Qəmlo məsələyə vaxtında müdaxilə etməklə, qaçaqları bu addımı atmaqdan çəkindirə bilir. Səfərin ilk günü Qəmlonun Hand kənd sovetinin sədri olan qardaşı Vəlinin evində gecələyən Abbasqulu bəy və heyət üzvləri səhər obaşdan Şahbuzun Kolanı kəndinə Kərbəlayinin yanına yola çıxırlar, lakin mənzil başına varmadan, Kolanı kəndinin 4-5 kilometrliyindəki qayalıqlarda Abbasqulu bəy Şadlinski və Xəlil naməlum şəraitdə öldürülür. Hadisədən xəbər tutan Kərbəlayi İsmayıl və Qəmlo dərhal özlərini hadisə yerinə yetirsə də, artıq gec olur. Qayalar arasından Xəlilin və Abbasqulu bəyin meyidləri tapılsa da, Talıbova aid heç bir iz-nişanə gözə dəymir. Cinayətin qaçaqlar arasındakı hökümət casusları tərəfindən yoxsa Talıbovun özü tərəfindən törədildiyi naməlum qalır. Sovet hökümət orqanlarının Abbasqulu bəyin dəfnində apardığı əks-təbliğat əhali arasında çaşqınlığa səbəb olur, xalqın üsyana verdiyi dəstək zəifləyir, kəndlərdə tədricən şura höküməti bərqərar olur. Belə bir şəraitdə qüvvəsi azalan Kərbəlayi İsmayıl və Qəmlo qaçaqlara bir neçə dəstəyə ayrılıb dağlara çəkilməyi, yaxud Arazı adlayıb, güney Azərbaycana keçməyi tövsiyə edir. Hökümət orqanlarının göndərdikləri toxunulmazlıq vədlərinə inanmayan Kərbəlayi İsmayıl şura hökümətinin nəzarəti altında yaşamaqdan imtina edir və tezliklə ailəsini götürərək, Qəmlo və digər qaçaqlarla birlikdə Türkiyənin İğdır bölgəsinə gedir.

         İğdır bölgəsinə keçərkən Kərbəlayi İsmayıl və ona sadiq olan qaçaqların yerli əhali və ağalarla birləşərək burada meydan sulayan erməni daşnak bandalarına qarşı yenidən mübarizə apardıqları və onları darmadağın etdikləri məlumdur. Köç etdiyi bölgədə xalqın böyük hörmət və ehtiramını qazanan Kərbəlayi İsmayıl, deyilənə görə, Mustafa Kamal Atatürkün dəvətilə onun qəbulunda olub və onun Türkiyə vətəndaşlığı təklifinə müsbət cavab verərək, sağ qalan ailə üzvləri ilə birlikdə İğdır elinin Daşburun qəsəbəsində məskunlaşıb. Doğulduğu Çimən kəndinin ismini özünə soyadı götürən Kərbəlayi İsmayıl Çimənli 1948-ci ildə 78 yaşında Daşburun kəndində vəfat edib.

         Yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” tarixi romanı Kərbəlayi İsmayıl, Abbasqulu bəy Şadlinski və Qəmlonun fəaliyyətinə həsr olunub. Türkiyənin İğdır vilayətində onun adına küçə vardır. 2008-ci ildə Azərbaycanın Qarsdakı konsulunun və Türkiyə ictimaiyyətinin təşəbbüsü ilə Kərbəlayi İsmayılın Daşburun kənd qəbristanlığındakı məzarının üstü götürülüb və həmin məzarlıqda onun xatirəsinə abidə ucaldılıb. Azərbaycan xalqı bu gün də Kərbəlayi İsmayıl şəxsiyyətini vətəni yadellilərdən qoruyan, işğala qarşı dirəniş hərəkatının ən fəal nümayəndələrindən biri kimi sevə-sevə xatırlayır və onun ruhuna ehtiram göstərir.

Ceyhun Bayramlı

Bizi Telegram-da oxuyun.