İyul 9, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Zahid Sarıtorpaq: “…belələrinin qarşısına sədd çəkməyi bacarın!”

– Zahid bəy, xoş gördük. Bizə bir az özünüzdən danışın, zəhmət olmazsa…

– Xoş gördük, Aysel xanım. Zəhmət deyil, amma danışılası bir şey yoxdur. Adi insan ömrü yaşamışam və yaşamaqdayam. Yaşam tərzim elə də fərqli deyil. Yəni biz məişət qayğıları, həyat problemləri baxımından  hamımız eyni qlafın içindəyik, desəm, şübhəniz olmasın. Ailəliyəm. İki oğlum və beş nəvəm var, şükür…

 – Şair kimi tanıdığımız Zahid Sarıtorpağın tanımadığımız tərəfləri  hansılardır? Uşaqlıq illərinizdə və ya gənclik illərinizdə sizi başqalarından  fərqləndirən cəhətiniz?

– Zahid Sarıtorpağın tanınmayan tərəflərini, düzü, heç mən də bilmirəm. Yaradıcı adam gözə nə qədər mübhəm, qapalı, sirli görünsə də bir misrası, bir şeiri, nə bilim bir hekayəsi, romanı onu faş eləyir əslində. Bu üzdən həmişə elə bilirəm yazdıqlarım haqqımda “ağız dolusu” danışıb və danışmaqdadır. O ki qaldı uşaqlıq və gənclik illərimdə başqalarından fərqli cəhətlərimin olub-olmamasına, beş yaşımda artıq mən sərbəst yazıb-oxuyurdum. Yadıma gəlir ki, küçəmizdə böyüklər məni saxlayıb əlimə qəzet verib oxutdurur, sərbəst oxuduğuma, hecalamadığıma görə başımı sığallayıb “afərin!” deyirdilər.  On bir yşımda ilk şeirim rayon qəzetində çap olundu və qəribə burasıdır ki, kimsə mənə şair deyəndə utanırdım. Çalışırdım ki, kimsə bu barədə məndən heç nə soruşmasın. Ümumiyyətlə, lap yeniyetməliyimdə də elə bil, fərqlənməkdən, üzdə olmaqdan çəkinirdim. İnanın, təzə paltar geyəndə bir başqaları özünü göstərib öyündüyü halda, mən utanırdım, yenicə alınmış ayaqqabılarımı toza bulayırdım ki, təzə olduğu bilinməsin.  Eləcə də, stəmirdim kimsə məni göstərib desin ki, “bax, bu, şairdir”. Amma yazı-pozuya qapılanda – əksinə, heç kimə bənzəməmək, “özüm olmaq, yalnız özüm!” prinsipi bir an da məni tərk etmirdi. O vaxt da eləydi,  elə indi də o cürdü…

– Bəs Zahid bəy  necə bir ata və babadır?

– Onu daha yaxşı oğullarım və nəvələrim, ailəm bilər. Onu da qeyd eləyim ki, Tanrı mənə ailə sarıdan çöx böyük lütf edib. Otuz beş ildir ailəliyəm. Ağır, çətin həyat yolu keçmişəm. Desəm, inanmazsınız, bu gün də bizim Bakıda evimiz yoxdur. Amma abrımıza qısılıb həyat sürürük. Nəyin sayəsində? Əlbəttə bir-birimizi anlamağın, bir-birimizə olan inamın, sevginin… Bir sözlə, ailə-uşaq sarıdan böyük hərflə Xoşbəxtəm desəm, səmimiyyətimə inanın. Bu dediklərimin sübuta ehtiyacı yoxdu, ailəmi, uşaqlarımı yaxından tanıyanlar dediklərimi yaxşı bilir…

– Bu gün gənclərimizdə nəyi  görməyi çox arzu edərdiniz və ya istəməzdiniz?

– Həyat dəyişib. Bizim gəncliyimizlə indikilərin arasında yerlə göy qədər fərq var. Vaxtilə köhnə kişilər də bizə münasibətdə bu cür düşünürdü. Həqiqətən eləydi. Özünüz fikirləşin, məsələn, min illərlə nəqliyyat kimi atdan, dəvədən, ulaqdan istifadə edən insanlar XX əsrdə birdən-birə avtomobilə, qatara, təyyarəyə, nə bilim, onlarla ağlasığmaz texnikaya uğraşdı və “bu nəsil başqa nəsildi” dedi. Dəyərlər dəyişdi. Münasibətlər yeni çalarlar üzərində formalaşdı. Eləcə də indi. Bənzər proses gedir. İllər keçdikcə hər şey həyatda oturuşub öz yerini alacaq. Gənclərə nəsihət vermək, irad bildirmək fikrim yoxdu. Sadəcə insanlığı unutmaq lazım deyil, vəssalam.  XXI əsr ayrı nəsnələr diqtə edir. Bu barədə “Kül” romanımda belə bir epizod var, əsərin qəhrəmanlarından biri, sirli obraz Daun böyük bir insan kütləsi qarşısında çıxış edib bildirir ki: “…insanın orqanizmində iyirmi üç cüt  xromosom var. Onların arasında cəmi bircə dənəsinin oxşarı yoxdu – bu da insanın sirli məxluq olduğunu bildirir. Oxşarı olmayan 21-ci xromosomdu.  Onun anomaliyasından əmələ gələn trisomiya birbaşa şizofreniya deməkdir. Onun da əlamətləri hər birinizdə var, hər birinizdə! Odur ki, kimliyinizdən asılı olmayaraq, hər birinizin sonu vahiməlidi. Buna ən böyük işarə 21-ci əsrdi! 21-ci xromosom – 21-ci əsr! Başa düşürsüz bu nə deməkdi?! İşarəni anlayırsız? Bu əsr də bütün zamanların iyirmi birinci xromosomudu! Ona görə də anomaliyasının analoqu olmayacaq! Unutmayın!..”   Sözsüz ki, romanda XXI əsrlə bağlı deyilənlər bir təxəyyül məhsuludur, bənzətmədir. Amma 21-ci xromosomun anomaliyası məsələsi elmi həqiqətdir…  

– Gənclər arasında şeirlərini bəyəndiyiniz  imzalar varmı və kimlərdir?

– Var. Çoxdur. Yaxşı şairləri sosial şəbəkələrdə ürəkdən dəstəkləyirəm. Sizin sualınızın şablon bir cavabı var ki, onu mən də təkrarlamağa məcburam: ad çəkmək istəmirəm, unutduqlarım inciyə bilər. İnanıram ki, bu günki gəncliyin içindən çox gözəl imzalar yetişəcək.

 – Sizi nə  çox düşündürür?

– İnsanı yaralayan bir sualdı bu… Çox şey. Təkcə yaşam uğrunda necə mücadilə etmək yox. Həyatla ölüm arasında diqqətimi çəkən, ruhuma yüklənən hər şey… “Köhnə mücrüyə elegiya” romanımda İshaqın gəldiyi sön nəticə: bu dünya cücülərin, quşların, balıqların, heyvanlarındı. Biz gəlməyik, gəlmə… Hərdən özümə də şübhəli görünür. Görəsən, doğrudan elədir?

– İlk kitab sevincini nə zaman yaşamısınız? Bu günədək neçə kitabınız işıq üzü görüb?Yaradıcılığınızda ustad saydığınız  insan ?

– Bilənlər bilir. Amma yenə də təkrarlaya bilərəm: ədəbi mühitdə həmişə adım hallansa da ilk kitabın sevincini 52 yaşımda yaşamışam… Bu günəcən iki şeir və iki nəsr kitabım işıq üzü görüb. Çap olunmamış yüzlərlə şeirim və iki romanım var. Gənclik illərimdən üzü bəri  Əli Kərimi, Rəsul Rzanı, Eldar Baxışı, Vaqif Bayatlı Odəri çox sevmişəm, böyük Nazim Hikməti, İlhan Bərki, İsmət Özəli həmişə ucalarda görmüşəm, XX əsrin ən güclü modernist şairi Rayner Mariya Rilkenin pərəstişkarı olmuşam…  

– Kitablarınıza həyatınızdan da bir şeylər qatmısınızmı? Ümumiyyətlə Zahid bəy yazdığı  şevgi şeirlərində özüdürmü? Sizin fikrinizcə şeir və ya nəsr yaza bilmək üçün vacib olan nədir? Yaşantılar insanı şair vəya yazıçı edirmi?

– Yazdığım şeirlərin bəlkə də yüzdə doxsanı təxəyyülün məhsuludur. Şairin içindən qopan səmimi bir hissin bircə qığılcımı bəs eləyir ki, onunla bütöv bir mətn yaradıb, işıqlandırıb ərsəyə gətirə bilsin… Təkcə fərdi yaşantıları yazmaqla iş bitmir, güclü fantaziya, təxəyyül də vacibdir. Yoxsa professionallıq arxa plana keçir. Poeziyada yaradıcılığı sırf öz taleyinə yönəldənlərdə sənətkarlığın tələb etdiyi amillər kifayət qədər zəif olur. Baxın, görün zaman-zaman nə qədər ayrılıq şeirləri, vüsal şeirləri yazılır və böyük əksəriyyəti sənət baxımından necə də yararsız, bir-birinin təkrarı olur. Amma şəxsi yaşantılarını  bir araya gətirib yazıb-yaradanlar da var və mən onlara həmişə qibtə etmişəm. Nəsrdə məsələ bir qədər ayrıdır. Orada həm güclü müşahidə, həyat təcrübəsi və hadisələrə soyuqqanlı yanaşmaq bacarığı, eləcə də dil faktoru mükəmməl olmalıdır. Bir də sərbəstlik… Mən yazdığım mətnin içində özümü o qədər azad, o qədər sərbəst hiss edirəm ki, heç kim, heç nə əl-ayağıma dolaşa bilməz. İnanın o prosesi, o situasiyanı sözlə ifadə etməkdə çətinlik çəkirəm.

– Hal-hazırkı ədəbiyyat və baş verən ədəbi  prosseslər sizi qane edirmi?

– Məni qane edir. Əlbəttə. Ədəbiyyat həmişə var, yaranır və yaranacaq. Proseslərin isə mahiyyəti eynidir. Əvvəllər necəydisə eləcədir.

 – Niyə “Quşların intiharına ağlamayaq”?

– “Ağlamayın”ı mən demirəm.Romanı oxusanız, cavabını özünüz biləcəksiniz…

– Necə oldu ki, yeni kitabınıza bu adı verdiniz?

– Kitabda cəmi bir romanım nəşr olunub ki, onun da adı “Quşların intiharına ağlamayın”dır. Təbii ki, kitaba başqa ad verməyəcəkdim.

– Müsahibəmizdən razı qaldınızmı? Sizin gözlədiyiniz və bizim vermədiyimiz sual oldumu?

– Diqqət ayırıb sayğı göstərdiyinizə görə Sizə təşəkkür edirəm, çox sağ olun. razıyam, əlbəttə. Açığı, mən irəli çıxmağı, gözə görünüb üzdə olmağı xoşlayan birisi deyiləm, oxucularım çoxdu, ya azdı – bu da məni heç vaxt narahat eləmir. Mənim dərdim-sərim mətndi. Öz mətnim. Tanrı mənim içimdə, mən – mətnimin. Həyat davam eləyir…

– Bizə sualınız, arzunuz, bir ustad kimi tövsiyəniz, məsləhətiniz?…

– Sizə sualım yoxdur. Yeni açdığınız bu sayt münasibətilə Sizi və bütün ədəbi cameəni təbrik edirəm. İnanıram ki, çabalar göstərib yaxşı bir ədəbiyyat portalı yaradacaqsınız. Arzum budur ki, üzərinizə götürdüyünüz bu missiyanı layiqli şəkildə davam etdirəsiniz. Sayğılı Aydın Arslanın bir fikrindən çox xoşum gəldi. Mənə yazmışdı ki, yaradacağımız portal “kruq ədəbiyyatından” kənar olacaq. Mən də başqa cür düşünmürəm, elə bu cür də təsəvvür edirəm. Gərək hamımız gücümüz çatdığı qədər bu işdə Siz gənclərə kömək edək. Tövsiyəm odur ki, zəif əsərlər yayımlamayasınız. Adətən qrafomanlar üzlü adamlar olur. Həmişə, harda gəldi özlərinə yer eləyir, festivallarda, müsabiqələrdə layiqlilərlə bir cərgəyə, hətta onlardan da qabağa  təpilirlər. Çap olunmaqda da eləcə. Görə-görə gəlmişik. Çalışın yaxın buraxmayın. Şirin dillər, ara vasitələri işə düşəcək. İmicinizi korlamayasınız deyə yaxına buraxmayın belələrini. Ədəbiyyatda güzəşt yoxdur. Bəzən xasiyyətcə, davranışca çox yaxşı, çox gözəl birisi yaradıcılıq baxımından zəif bir şair, səviyyəsiz bir yazıçı da olur. Odur ki ədəbiyyat naminə həmişə prinsipial olun və portalınızın adı təmiz qalsın deyə belələrinin qarşısına sədd çəkməyi bacarın.

 – Səmimi, xoş söhbət üçün, dəvətimi  qəbul  edib  qızıl  vaxtınızı ayırdığınız üçün, gənclərin yanında olduğunuz üçün  sizə dərin təşəkkürümü  bildirirəm.

– Mən Sizə təşəkkür edirəm və dua edirmiş kimi bolluca uğurlar diləyirəm! Yolunuz açıq, iradəniz güclü, amalınız pak olsun! Uğurlarınızla oxucularınızı həmişə sevindirəsiniz! Var olun!

Söhbətləşdi: Aysel Səfərli

Bizi Telegram-da oxuyun.